Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.
Ombudsman Aparatından XQ-yə verilən məlumata görə, müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini xahiş edib.
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.
Səbinə Əliyeva, həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.

