Ötən şənbə günü Çin Tayvanın şərqində xüsusi dəniz əməliyyatına başladığını elan edərək, Yaponiya və Filippin arasında bu yaxınlarda əldə olunmuş razılaşmaya verdiyi reaksiyanı kəskin şəkildə gücləndirib. "Bloomberg"in məlumatına görə, Pekinin bu addımı Tokio və Manilanın dəniz sərhədlərinin demarkasiyası barədə danışıqlara başlamaq və Çinin özünün strateji maraqlar sferası hesab etdiyi zonalarda müdafiə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirmək qərarı ilə reallaşıb.
Qüvvələrin rəsmi şəkildə yerləşdirilməsi Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən "Dəniz hərəkəti qaydalarının təmin edilməsi üzrə xüsusi əməliyyat" adı altında təşkil olunub.
Çinin rəsmi "Xinhua" dövlət informasiya agentliyinin məlumatına görə, bu tədbirlərin əsas məqsədi dəniz inzibati yurisdiksiyasını, yəni Çinin milli maraqlarını qorumaq üçün beynəlxalq sularda gəmiçilik üzərində faktiki mülki və hüquq-mühafizə nəzarətini bərqərar etməkdir.
Bu yeni eskalasiya Pekinin Yaponiya və Filippinin Tayvandan şərqdəki akvatoriyada ərazi mübahisələrini tənzimləmək cəhdlərinə birbaşa reaksiyası olub. Vəziyyəti mürəkkəbləşdirən məqam odur ki, müttəfiqlərin potensial sərhəd bölgüsü zonaları materik Çinin iddia etdiyi İEZ (müstəsna iqtisadi zona) ilə üst-üstə düşür. Çin tərəfinin bəyanatında qeyd olunur ki, Tokio və Manilanın fəaliyyəti "ÇXR-in ərazi suverenliyini, həmçinin dəniz hüquqlarını və maraqlarını ciddi şəkildə pozub".
Xatırladaq ki, hazırkı kəskin qarşıdurma ABŞ-ın Asiyadakı iki əsas tərəfdaşının liderlərinin 2026-cı il mayın sonunda baş tutmuş görüşünün nəticəsidir. Həmin vaxt Yaponiyanın yeni seçilmiş baş naziri Sanae Takaici və Filippin prezidenti Ferdinand Markos regionda dəniz təhlükəsizliyinin köklü şəkildə gücləndirilməsinə dair birgə öhdəlik imzalayıblar.
Hər iki dövlət Tayvanın suverenliyini müdafiə edən açıq bəyanatları ilə artıq uzun müddətdir ki, Pekinin qəzəbinə səbəb olur.
Filippin prezidenti Ferdinand Markos rəsmi olaraq xəbərdarlıq edib ki, coğrafi yaxınlığa görə, Çin Tayvana hücum etmək qərarına gələrsə, onun ölkəsinin silahlı münaqişəyə birbaşa cəlb olunma ehtimalı olduqca yüksəkdir.
Yaponiya hökumətinin başçısı Sanae Takaici isə daha əvvəl vurğulamışdı ki, Çinin Tayvana fərz edilən mümkün müdaxiləsi Tokionun özü üçün ekzistensial təhdid yaradacaq və bu, Yaponiya qoşunlarının birbaşa hərbi əməliyyatlar zonasına göndərilməsinə hüquqi bəraət qazandıra bilər.
Çin rəhbərliyi güc nümayiş etdirmək üçün güc strukturlarının genişmiqyaslı regionlararası koordinasiyasını həyata keçirib. Şənbə günü baş tutan əməliyyata eyni vaxtda Fujian əyalətinin mülki dəniz və hüquq-mühafizə orqanları, Cənub əyaləti olan Quandunun müvafiq profilli strukturları, Şərqi Çin dənizinin sahil mühafizəsi və nəzarət agentlikləri cəlb olunub.
Bu addım ÇXR-in regiondakı bir sıra nümayişkaranə hərəkətlərinin davamı olub. Xatırladaq ki, iyunun 1-də Çin tərəfi qonşularının geosiyasi fəallığına qəti narazılığını bildirmək məqsədilə Tayvanın şərqinə sahil mühafizəsinin böyük gəmilərini göndərmişdi.
S.ELAY
XQ

