Dünyada ən varlı insanların cəmləşdiyi ölkələr arasında ABŞ lider mövqeyini saxlayır. Son məlumatlara görə, bu ölkədə on milyonlarla dollar sərvətə malik 251 mindən çox ultra zəngin şəxs yaşayır. Bu göstərici ikinci yerdə qərarlaşan Çindən iki dəfədən çoxdur. Çində belə şəxslərin sayı 122 min nəfərdən artıqdır.
Mütəxəssislərin hesablamalarına əsasən, ABŞ və Çin birlikdə dünyadakı ultra zəngin insanların təxminən 55 faizini özlərində cəmləşdirirlər.
Reytinqdə ən diqqətçəkən irəliləyiş isə Hindistana məxsusdur. Son beş il ərzində ölkə 10-cu pillədən 6-cı yerə yüksələrək Yaponiya, İsveçrə, Avstraliya və İtaliyanı geridə qoyub. Hazırda Hindistanda təxminən 20 min ultra zəngin şəxs yaşayır. Ekspertlər bunu ölkə iqtisadiyyatının sürətli inkişafı, texnologiya sektorunun genişlənməsi və maliyyə bazarlarının güclənməsi ilə əlaqələndirirlər.
Ultra zəngin insanların sayındakı artım tempinə görə isə lider Polşadır. Məlumata görə, 2021-ci ildən bəri bu ölkədə ultra zəngin şəxslərin sayı 109 faiz artıb.
Analitiklər hesab edirlər ki, qlobal sərvətin əsas hissəsi hələ də dünyanın ən böyük iqtisadiyyatlarında cəmləşsə də, beynəlxalq kapitalın coğrafiyası tədricən dəyişir və yeni iqtisadi güc mərkəzləri öz mövqelərini daha inamla möhkəmləndirirlər.
XQ

