ABŞ-ın müdafiə naziri Pit Heqset Avropanı miqrant "işğalı"na göz yummaqda ittiham edib

post-img

Şənbə günü ABŞ-ın müdafiə naziri Pit Heqset Fransaya səfər edib. Həmin gün orada müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 82-ci ildönümü - şimal-qərb Avropanın nasist işğalçılarından azad edilməsinə kömək etmiş əməliyyat qeyd olunurdu. Pentaqon rəhbəri Avropa ölkələrini miqrantların yeni "işğalı" adlandırdığı prosesə görə kəskin tənqid edib.

Heqset bildirib: "Təəssüf ki, bu gün digər Avropa çimərlikləri başqa təhlükəli ideologiyaların hücumuna məruz qalır. İspaniya, İtaliya, Yunanıstan və Bolqarıstan çimərlikləri. Ora insanlar və qayıqlar gəlirlər. Avropa paytaxtları bu işğala qarşı nə vaxtsa bir tədbir görəcəkmi?"

Pentaqon rəhbəri fikrinə davam edərək qeyd edib ki, Britaniya və Amerika qüvvələrinin Normandiyaya çıxmasından keçən uzun illər ərzində bəzi Avropa ölkələri İkinci Dünya müharibəsi zamanı uğrunda mübarizə aparmalı olduqları azadlıqlarına "həddindən artıq öyrəşiblər" və "azadlığın bəxşiş olmadığını" unudublar.

"Burada vuruşan və həlak olan kişilər Avropaya azadlığı qaytardılar, -ABŞ müdafiə naziri bəyan edib. - İndiki liderlər və döyüşçülər nəsli bu azadlığı qorumalıdır - əks halda, onların uğrunda vuruşduqları dəyərlər qısamüddətli olacaq".

ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Avropanı miqrasiya siyasətinə görə mütəmadi olaraq tənqid edirlər. Bununla bərabər, bir çox Avropa ölkələrində miqrasiyanın məhdudlaşdırılmasını müdafiə edən sağçı populyar partiyalar getdikcə daha çox səs qazanırlar.

Keçən il Donald Tramp BMT-dəki çıxışı zamanı bəyan etmişdi ki, Avropa ölkələri "nəzarətsiz miqrasiya" səbəbindən "cəhənnəmə doğru gedir".

Böyük Britaniyanın baş naziri Kir Starmer bu bəyanatları "səhv" adlandırsa da, qeyri-qanuni miqrasiya probleminin mövcudluğu ilə razılaşıb. Britaniya üçün bu problem ilk növbədə Fransadan gələn və La-Manş boğazını keçən kiçik qayıqlar və katerlərlə miqrantların gəlişi ilə bağlıdır.

Heqset son bir neçə gün ərzində Avropada "miqrant işğalı" barədə danışan ikinci yüksək rütbəli Amerika rəsmisidir.

Cümə günü ABŞ vitse-prezidenti Cey Di Vens öz sosial şəbəkə hesablarında 18 yaşlı ağdərili britaniyalı Henri Novakın qətli ilə bağlı geniş şərh paylaşıb. Novak keçən ilin sonunda gənc bir britaniyalı siqh tərəfindən vurulan bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Vens qeyd edib ki, Avropa "çoxu Qərbə və onu sevən insanlara nifrət edən miqrantların kütləvi işğalına" qarşı çıxsaydı, Novak indi sağ olardı.

Vens Henri Novakın qətlini "miqrant işğalı" ilə əlaqələndirib. Britaniya hökuməti bunu "ədavətin qızışdırılması" adlandırıb
Vensin çıxışları Böyük Britaniya hökumətinin kəskin reaksiyasına səbəb olub və rəsmi London bunu ədavəti qızışdırmaq və demokratik proseslərə müdaxilə cəhdi kimi qiymətləndirib.

Britaniya prokurorluğu Novakı qətlə yetirən şəxsin Böyük Britaniyada doğulduğunu və miqrant olmadığını təsdiqləyib.

Avropaya dəniz yolu ilə ən çox miqrant 2015-cü ildə, əsasən Suriyadakı vətəndaş müharibəsi də daxil olmaqla bir neçə müharibə və münaqişənin kəskinləşməsi nəticəsində yaranan Avropa miqrant böhranı zamanı gəlib. BMT-nin məlumatına görə, həmin vaxt Aralıq dənizini bir milyondan çox insan keçib.

Lakin 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək Böyük Britaniya, Yunanıstan, İtaliya, İspaniya və Kiprə ümumilikdə təxminən 169,3 min nəfər gəlib ki, miqrantların ümumi həcminin təxminən 23%-i Britaniyanın payına düşüb.

1 yanvar - 3 iyun 2026-cı il tarixləri arasında La-Manş vasitəsilə Fransadan kiçik qayıqlarda və katerlərdə 9,1 min nəfər keçib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38% azdır.

Dekabr ayında Tramp administrasiyası özünün yeni Milli Təhlükəsizlik Strategiyasını təqdim edib və sənəddə qeyd olunub ki, hazırkı tendensiyalar saxlanılacağı təqdirdə Avropa "20 ildən sonra və ya daha tez bir zamanda tanınmaz hala düşəcək".

Sənəddə, həmçinin iddia edilir ki, Avropanın iqtisadi məsələlərini "real və daha kəskin olan sivilizasiya məhvi perspektivi kölgədə qoyur".

Ağ Evin hazırkı rəhbərliyi miqrasiya ilə mübarizəni daxili siyasətinin əsas məsələsinə çevirib. 2025-ci ilin yanvarından bəri ABŞ İmmiqrasiya Xidməti (ICE) minlərlə insanı həbs edib ki, bu da kütləvi etirazlara və polislə toqquşmalara səbəb olub. Donald Tramp, həmçinin miqrantların ABŞ-ın Meksika ilə sərhədindən qeyri-qanuni keçməsini tamamilə dayandırdığını bəyan edib.

Hazırladı:

S.ELAY

XQ

Dünya