Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Praqada dünyanın müxtəlif ölkələrini bir araya gətirən ənənəvi “Food and Culture” səfirliklər festivalı böyük maraq və coşqu ilə keçirilib. Tədbirdə 60-a yaxın ölkənin diplomatik nümayəndəlikləri iştirak edərək öz milli mədəniyyətlərini, adət-ənənələrini və zəngin mətbəx nümunələrini təqdim ediblər.
XQ xəbər verir ki, festival Çexiya paytaxtının sakinləri və şəhərin qonaqları üçün fərqli xalqların həyat tərzi, mədəni irsi və kulinariya ənənələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Gün ərzində minlərlə insan tədbir məkanına gələrək müxtəlif ölkələrin pavilyonlarını ziyarət edib, milli musiqiləri dinləyib və ənənəvi yeməklərin dadına baxıb.
Festivalın açılış mərasimi xüsusilə yaddaqalan və duyğulu anlarla müşayiət olunub. Azərbaycan dili Bazar günü məktəbinin 9 yaşlı şagirdi Məryəm Çobanova milli geyimdə səhnəyə çıxaraq Emin Sabitoğlunun musiqisinə, Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnını gitarada ifa edib. Gənc istedadın çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və tədbirə xüsusi səmimiyyət qatıb.
Rəsmi açılış zamanı festivalın təşkilatçıları, Praqa şəhərinin 6-cı rayonunun meri Yakub Starek, müxtəlif ölkələrin səfirləri və digər rəsmi şəxslər çıxış edərək tədbirin mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfədən danışıblar. Onlar belə festivalların xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində, qarşılıqlı anlaşmanın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev də çıxışında qonaqları Azərbaycan pavilyonuna dəvət edib. Səfir ölkəmizin zəngin tarixi, mədəniyyəti və qonaqpərvərlik ənənələri haqqında məlumat verərək, iştirakçıları Azərbaycan mətbəxinin seçilən nümunələri ilə tanış olmağa çağırıb.
Festival çərçivəsində yaradılmış Azərbaycan guşəsi tədbirin ən çox ziyarət edilən məkanlarından birinə çevrilib. İş adamları Ceyhun Babayev, Oqtay Hacıyev və Gülnarə Əlizadənin təşkilatçılığı ilə hazırlanan pavilyonda ölkəmizin mədəni irsini əks etdirən müxtəlif materiallar, milli atributlar və suvenirlər nümayiş olunub. Ziyarətçilər Azərbaycan haqqında ətraflı məlumat əldə etməklə yanaşı, milli mətbəximizin ləziz nümunələri olan kabab, qutab, müxtəlif şirniyyatlar, nar şərabı və digər ənənəvi təamların dadına baxıblar.
Qonaqlar Azərbaycan mədəniyyətinə böyük maraq göstərib, ölkəmizin qədim tarixi, zəngin folkloru və multikultural dəyərləri barədə məlumatlarla tanış olublar. Bir çox ziyarətçi Azərbaycan pavilyonunun həm təqdimat baxımından, həm də qonaqpərvər atmosferinə görə festivalın ən diqqətçəkən məkanlarından biri olduğunu qeyd edib.
Praqada keçirilən “Food and Culture” festivalı növbəti dəfə mədəni müxtəlifliyin, tolerantlığın və beynəlxalq dostluğun parlaq nümunəsinə çevrilib. Azərbaycanın bu mötəbər tədbirdə fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin, milli dəyərlərinin və mətbəx ənənələrinin geniş auditoriyaya təqdim olunmasına, eyni zamanda Azərbaycan haqqında müsbət təəssüratların daha da möhkəmlənməsinə mühüm töhfə verib.

