Bir mahnı – bir tarixçə
Musiqi, sadəcə, notların harmoniyası deyil, millətin tarixi yaddaşının, ağrısının, şərəf və qürurunun ifadəsinə də çevrilən mənəvi gücdür. Azərbaycan musiqi mədəniyyətində bəstəkar Aytən İsmixanovanın yaradıcılığı məhz belə məfkurəvi dərinliyi, janr azadlığını və yüksək peşəkarlığı özündə birləşdirir.
Fortepiano və bəstəkarlıq üzrə ali musiqi təhsili alan sənətkar muğamın zənginliyindən tutmuş ən müasir ritmlərə qədər rəngarəng üslublara cəsarətlə müraciət edir.
Bəstəkarın vətənpərvərlik mövzusunda hər bir əsərində Azərbaycanın ruhu və musiqi zövqü aydın duyulur. Aytən İsmixanova ilə həyat yolunun əsas məqamları, sənətdə yenilik axtarışları və vətənpərvərlik mövzusunda yazdığı əsərlər barədə söhbət etdik.
– Sənət yolunuz klassik musiqidən, populyar üslublara, “hip-hop”dan muğamın sintezinə qədər geniş bir dairəni əhatə edir. Fərqli janrlarda uğurlu əsərlər yaratmaq çətin deyilmi?
– Şübhəsiz, klassik baza bəstəkar üçün möhkəm bir təməl və etibarlı dayaqdır. Mükəmməl təhsil sənətə peşəkar yanaşmanı, ən əsası isə düşüncə sərhədlərini aşmağı və müxtəlif üslublarda azad işləməyi öyrədir. Bütün janrlara – klassik, xalq, caz, müasir pop musiqisinə asanlıqla müraciət edirəm.
Musiqiyə olan marağım və sevgim imkan verir ki, yaradıcılığımda hər hansı məhdudiyyət qoymadan, tamamilə sərbəst şəkildə özümü ifadə edim. Mən fərqli janrların bir-birinə qarışdığı və harmoniya yaratdığı o kəsişmə nöqtələrini nəzərdə tuturam. Məni daim ruhlandıran ən böyük qüvvə məhz bu estetik qovuşma və yaradıcı janr azadlığıdır.
– Bəstəkar, aranjimançı, həm də mahnı sözlərinin müəllifisiniz. Bir əsərin zamanın sınağından çıxaraq sevilməsinin sirri nədir -- melodiyanın sehri, sözün məna dərinliyi, yoxsa peşəkar aranjiman?
– Mənim üçün bir əsərin uzunömürlü olması və zamanın sınağından çıxması təkcə melodiyanın gözəlliyi və ya aranjimanın texniki keyfiyyəti ilə məhdudlaşmır. Musiqi duyğuların və səmimiyyətin ahəngə çevrilmiş dilidir. Əgər sənətkar öz duyğularını – ağrısını, sevincini və yaşantılarını sərbəst şəkildə ifadə edə bilirsə, o əsər mütləq yaşayacaq. Çünki o, dinləyicinin daxili hisslərinə – sevgi, itki, ümid və nostalji kimi insani duyğulara toxunur.
Musiqi həm də hissləri oyadan ruhun özüdür. O, bizi bir anın içində illərlə əvvələ qaytarmağa və ya gələcəyə aparmağa qadirdir. Sözlər bu ruha can verir və əsəri daha mənalı edir. Aranjiman isə həmin ruhun libasıdır – musiqini zamana və auditoriyaya uyğunlaşdırır. Beləliklə, musiqinin ruhu melodiyanın səmimiyyəti, sözün həqiqəti və aranjimanın zövqlə birləşdiyi yerdə yaranır.
– 25 il əvvəl yazdığınız “Ya Qarabağ, ya ölüm!” mahnısı 44 günlük Vətən müharibəsində səfərbərlik çağırışına, əsgərlərimizin cəbhə nəğməsinə çevrildi. Bu gün – Zəfərdən 5 il sonra, mahnını dinləyəndə hansı duyğuları keçirirsiniz?
– “Ya Qarabağ, ya ölüm!” mahnısını bəstələyərkən yaşadığım hisslər hər bir azərbaycanlının ortaq nisgilini və qələbəyə inamını ifadə edirdi. Qarabağın uzun illər davam edən həsrəti qəlbimizdə dərin, sağalmaz bir iz buraxmışdı. Dədə Ozan Arifin şeirindəki Vətən sevgisi, yanğı və qələbəyə ümid o qədər təsirli idi ki, bu şeirə musiqi yazmaq daxili ehtiyaca, mənəvi borca çevrilmişdi.
Təxminən 25 il əvvəl bu mahnını yeniyetməlik dövründə dinləyən gənclərimiz 2020-ci ildə məhz həmin mahnının sədaları altında Vətən müharibəsinə yola düşdülər. Bu, mahnının, sadəcə, bir bəstə deyil, millətin ruhunu və Vətənə sevgisini nəsildən-nəslə ötürən bir tarixi vəsiyyətə çevrildiyini göstərirdi. Əsgərlərimizin cəbhədə “Ya Qarabağ, ya ölüm!” sözləri ilə döyüşə girməsi bir bəstəkarın öz sənəti ilə xalqına verə biləcəyi ən böyük töhfədir.
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun qəhrəmanlığı sayəsində Qarabağ Zəfərindən 5 il ötür. Artıq o mahnını dinləyəndə duyğular daha fərqlidir. Uzun illərin Qarabağ ağrısı qürurla və dərin şükranlıq hissi ilə əvəzlənir. Biz artıq qalib xalqıq. Qarabağ azaddır və Azərbaycanın ərazi bütövlüyü, tam suverenliyi bərpa edilib.
Qələbə ruhunu yaşatmaq sənətkarın müqəddəs borcudur. Şanlı zəfərin 5 illiyi münasibətilə Xalq artisti Miri Yusifin ifasında “Ya Qarabağ, ya ölüm!” mahnısının yeni versiyası təqdim olunacaq. Mahnının aranjimanı yenilənib, sözləri isə tamamilə Qələbə ruhunda yenidən yazılıb. Bu əsər 8 Noyabr – Zəfər Gününə həsr olunub. “Ya Qarabağ, ya ölüm!” əsəri xalqımız üçün Zəfərin öyünclü səsini yenidən təcəssüm etdirəcək.
– Sami Yusuf ilə “Azərbaycan” mahnısı üzərində əməkdaşlığınız milli musiqimizin qlobal məkanda tanıdılması və Azərbaycan ruhunu tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.
– Sami Yusuf kimi dünyaşöhrətli sənətkarla əməkdaşlığımız mənim üçün sadəcə, musiqi layihəsi deyil, Azərbaycanın mədəniyyətini təbliğ edən körpü rolu daşıyırdı. “Azərbaycan” mahnısı ilə biz milli musiqimizin xalqımızın ruhunu beynəlxalq səviyyədə təqdim etdik. Bu layihə göstərdi ki, səmimi və orijinal milli musiqi hər bir dinləyicinin qəlbinə yol tapır.
Vətənpərvərlik duyğusunu qlobal arenada səsləndirmək üçün Sami Yusuf ilə “Qarabağımsan” adlı daha bir ortaq mahnı üzərində işləmişik. Mahnı Azərbaycan xalqının azadlıq, qürur və torpaq sevgisini ifadə edir, Qarabağın yenidən doğulmasına və sürətlə bərpa edilən gözəlliyinə həsr olunub.
Mənim arzum və yaradıcılıq missiyam isə Azərbaycan musiqisini dünya səhnəsində daha geniş təqdim etməkdir. İstəyirəm ki, hər yeni mahnım dinləyicinin qəlbində silinməz iz buraxsın və Azərbaycanın yüksək musiqi zövqünü ucadan səsləndirsin.
Arzu ƏLİYEVA
XQ



