Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Son günlər ölkəmizin müxtəlif bölgələrində havaların qeyri-sabit keçməsi, güclü yağış, dolu yağması, sel-subasma hadisələri, fırtına-qasırğa kimi hallar müşahidə edilir. Bu hadisələr kənd təsərrüfatı və əkin sahələrinə də zərər vurmaqdadır. Bununla əlaqədar olaraq sığortalı fermerlər tərəfindən Aqrar Sığorta Fonduna zərər müraciətlərinin sayı kəskin artıb.
Güclü yağışların yeni dalğasinin başladığı may ayının əvvəlindən indiyədək Aqrar Sığorta Fonduna ölkənin 35 rayonundan 3500-dən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub.
Zərər müraciətləri Abşeron, Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Zaqatala, Qax, Daşkəsən, Göygöl, Kürdəmir, Neftçala, Ağdam, Ağsu, Biləsuvar, Füzuli, Şahbuz, Qəbələ, Qusar, Şamaxı, Samux, Şəmkir, Xocalı, Yardımlı, Qazax və sair rayonlarını əhatə edir.
Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan zərər müraciətləri 53 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edir. Bundan 52 min hektarı taxıl sahələri – arpa-buğda əkinləridir. Zərər müraciətləri eləcə də alma, armud, badam, ərik, fındıq, gilas, nar, nektarin, pambıq, qoz və şaftalı bitkilərini əhatə edib.
Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrini əhatə edir. Aqrar Sığorta Fonduna ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.
Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub. Son həftə ərzində daxil olan müraciətlərin əsas səbəbi dolu və fırtına-qasırğa hallarıdır.
Aqrar Sığorta Fondunda bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir. Hazırda Aqrar Sığorta Fondunun bütün ekspertləri bölgələrdə təsərrüfatlara və əkinlərə dəymiş zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar.
Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.
Sığortalı fermerlərə zərər ödənişləri qanunvericiliklə müəyyən edilmiş prosedurla həyata keçirilir.
Hadisə baş vermiş, yəni haqqında müraciət daxil olan əkin sahəsinə 5-7 gün ərzində aqrar sığorta eksperti yönəldilir. Ekspert əkin sahəsində hadisənin baş verib-vermədiyini, məhz hansı hadisənin baş verdiyini araşdırır. Eləcə də ekspert tərəfindən hadisə olan əkin sahəsinin fermerin rəsmi bəyan etdiyi koordinatlara aid olması dəqiqləşdirilir və ilkin zərər həcmi hesablanır. Əgər əkinin tamamilə məhv olması dəqiqləşərsə, fermerə ödənişin verilməsi prosesinə başlanılır.
Əkin sahəsində tam yox, qismən məhvolma halı müəyyən edilərsə, zərər ödənişinin verilməsi üçün məhsul yığımı vaxtına qədər gözlənilir, məhsul yığımına 5 gün qalmış ekspert 2-ci dəfə həmin sahəyə səfər edərək yekun zərəri qiymətləndirir və ekspert rəyinə uyğun olaraq ödəniş məbləği hesablanaraq fermerə ödəniş həyata keçirilir.
Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı təbiət hadisələri – dolu, sel-subasma, fırtına-qasırğa, leysan, normadan artıq yağan qar, torpaq sürüşməsi, eləcə də yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən və sair hallardan qoruyur.
Aqrar sığortada fermerlərə dövlət dəstəyi
Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini asanlıqla sığortalaya bilərlər.
Məsələn, ən çox müraciət daxil olan təxıl (arpa və buğda) əkinlərinin sığortalanması üzrə sığorta haqqı: - 1000 manat məhsul gözlənilən 1 hektar əkin sahəsinin sığortalanması ölkənin əksər ərazisində 6,65-10,8 manat arasında dəyişir.
Fermerlər sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az) tanış ola bilərlər.












