Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli komandanın üzvləri vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları qarşılanma mərasimi keçirilib. Komandanın baş məşqçisi və üzvləri mətbuata açıqlama verib.
Xetaq Qazyumov, baş məşqçi:
– “Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kiloqramda gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kiloqrama keçidini bürünc medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.
– Kənan Heybətov, dünya çempionu:
“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəliliylə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım”.
– Xetaq Karsanov, dünya ikincisi:
“İlk növbədə bizə yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kiloqramda debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram”.
Qabil Yusifoğlu
XQ


