Özü göl, dərdi dəniz Xəzər

post-img

Xəzər – dünyanın nadir su hövzəsi.
Xəzər – zəngin neft-qaz yatağı.
Xəzər – nadir balıqlar aləmi.
Xəzər – suyu, qumlu sahilləri can dərmanı.
Xəzər – sinəsində ilk şəhər salınan dəniz.
Xəzər – bu günümüzün siyasət dənizi.
Xəzər – şairlərin ilham qaynağı.
Xəzər – ekoloji məngənəyə salınmış canlı.


Xəzər dənizi son onilliklərdə, indiyədək olmadığı qədər dünyanın diqqət mərkəzindədir. Bu, səbəbəbsiz deyil. Çünki müstəqillik qazandıqdan sonra Azərbaycanın həyata keçirdiyi böyük neft və qaz strategiyası əsasən zəngin karbohidrogen ehtiyatları olan Xəzərlə bağlıdır. Buna görə də təkcə özümüz yox, dostlarımız və düşmənlərimiz də Xəzər haqda, onun sərvətləri barədə çox danışır, çox yazırlar.

Mən müxtəlif vaxtlarda bu mövzuda mərhum akademik, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, görkəmli xəzərşünas alim, 2012-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutununa direktoru, Dövlət Mükafatı laureatı Ramiz Məmmədovdan müsahibələr almışam.

R.Məmmədov həm də Xəzər dənizi üzrə Tədqiqatların Əlaqələndirmə Şurasının sədri idi. Onun Xəzərlə bağlı maraq və yanğı ilə söylədiklərinin çoxu bu gün də ürəyimdə yaşayır. Bu yazıda qeyd edilən dəyərli fikirlər layiqli vətəndaş, gözəl insan olan Ramiz müəllimdən eşitdiklərimdir. Ruhu şad olsun.

Adi çəkiləndə ilk anda gözlərimiz önündə böyük neft gölü, bitib-tükənmək bilməyən qaz anbarı və bir az mübaliğə ilə desək, müxtəlif qitələrə işıq, rahatlıq, inkişaf paylayan kəmərlər canlanır. Zəngin təbii sərvətləri ilə Xəzərin dünyaya meydan oxuduğu illər davam edir. Lakin Xəzər son onilliklərdə, belə demək olarsa, siyasət dənizinə çevrilib. Böyük dövlətlərin maraq dairəsində olan Xəzərin siyasi statusu da elə bununla bağlı düyünə düşmüşdü. Şükür ki, Azərbaycan rəhbərliyinin gərgin səyi nəticəsində bu problem həllini tapdı. Onu da deyək ki, Xəzəryanı beş ölkə arasında dənizlə daha sıx təmasda olanı Azərbaycandır. Təəssüf ki, təbii sərvətləri sürətlə istismar olunan Xəzər artıq hədsiz çirklənib. İndi onun sinəsində çoxlu ölü sahələr mövcuddur. Xəzərin ciddi müalicəyə ehtiyacı var.

Həm nadirdir, həm də qədim

Bəs bu unikallığı və reliktliyi sübut edən göstəricilər hansılardır? Ramiz müəllimin dediyinə görə, Xəzər öz tarixi dövründə üç əsas mərhələni keçib. Birincisi, Çar Rusiyası dövründə Xəzər dənizinin loqosu xəritə və onun üstündə iri nərə balığı olub. Yəni nərə balığı bu dənizin simvolu idi. Vaxt keçdi, XIX əsrin ortalarından başlayaraq, Xəzərdə axtarışlar aparıldı, neft çıxarılmasına başlanıldı və dənizin simvolu neft buruqları oldu. Bu, Xəzərin tarixində ikinci mərhələdir. Artıq Xəzərdə nərə balığı çox azalıb. Neft isə hələ çoxdur.

Unikallığı özünü coğrafi hidroiqlim şəraiti və biomüxtəlifliyi ilə təsdiq edir. Məsələn, Xəzər suitisi ancaq bu dənizə məxsusdur. İkincisi, dünya nərə balıqları ehtiyatının təxminən 80 faizə qədəri Xəzər dənizindədir. Bu iki göstərici kifayətdir ki, biz Xəzəri unikal adlandıraq. Amma unikallığı sübut edən başqa göstəricilər də var. Məsələn, elə balıq növləri də var ki, ancaq Xəzər dənizindədir və sair. Bu dənizin biotası çox zəngindir.

Dünyada relikt, yəni Yerin inkişafının tarixini özündə yaşadan 15–20 ərazi qalıb. Onu da deyim ki, Yerin ən cavan dövrü, yəni dördüncü mərhələsi bizim yaşadığımız dövrdür. Bu dövrün yaşı təqribən 500 min ildir. Üçüncü dövrə, yəni dinozavrlar yaşayan dövrə aid bitki aləmi Xəzərətrafı ərazilərdə, dəqiq desək, Hirkan meşəsində - Astara–Lənkəran rayonları ərazisindəki meşənin (bir hissəsi İrana gedib çıxır) təxminən 70 milyon il yaşı var. Bu faktın özü Xəzərin reliktliyini sübut edir.

Xəzər türk dənizidir

Ramiz müəllim bu mövzuda çıxışlarınıda və yazılarında Xəzəri türk dənizi adlandırırdı.Və deyirdi ki, bu fikrin təsdiqi üçün Xəzərin ətrafında yaşayan xalqların həyat və inkişaf yoluna diqqət yetirmək lazımdır. O da həqiqətdir ki, bu dənizin ətrafında yaşayanların, demək olar ki, hamısı türk və türk kökənlidirlər.

Kimin payı nə qədərdir?

İndi çoxlarını maraqlandırır ki, Xəzərin neft və qaz ehtiyatları nə qədərdir və həmin sərvətdən Azərbaycanın qismətinə, təxminən, nə qədər düşür? Təsdiq olunana görə, Xəzər dənizində 10 milyard ton neft var. Bu, çox böyük rəqəmdir. Xəzərdəki təsdiq olunan neftin 3 milyard tonu Azərbaycanın payına düşür. 5 milyard tonu Qazaxıstan sektorunda, 2 milyardı da Türkmənistan, Rusiya və İran şelflərindədir. Araşdırmalar Xəzər neftinin ehtiyatlarını yenidən qiymətləndirməyi tələb edir. Qaz barədə isə dəqiq göstərici söyləmək çətindir. Çünki son dövrlərdə bir-birindən zəngin qaz yataqları kəşf edilib. Yəqin ki, yeniləri də tapılacaq.

Dənizə çirkli çaylar axır

Bu çaylar Rusiya, Ermənistan, Gürcüstan və digər ölkələrdən keçərək Xəzərə qovuşur. Təbii ki, həmin çaylar keçdikləri ərazilərdəki sənaye tullantılarıni dənizə gətirir.

Xəzərin çirklənmə mənbələri çoxdur. Bu mənbələr arasında birinci yeri çaylar tutur. Ən böyüyü də Volqadır. Çünki Rusiya sənayesinin, eyni zamanda, əhalisinin, təxminən, 70 faizi Volqa çayı üzərindədir. Həmin obyektlərin, demək olar ki, heç birində müasir texnologiya yoxdur. Araşdırmalara görə, Volqa ilə ildə Xəzərə 75 min tondan çox neft məhsulları gəlir. Yaxşı ki, dənizin özünütəmizləmə qabiliyyəti yüksəkdir. O olmasaydı, artıq biz üfunət içərisində yaşayardıq.

Xəzəri çirkləndirməkdə ikinci yeri Bakı buxtası tutur. Bakı, ətrafında yerləşən şəhər, qəsəbə, sənaye obyektləri və neft emalı müəssisələri çirkləndirmədə öncüldürlər.

Xəzərin və ətraf ərazilərin ekologiyasını yaxşılaşdırmaq heç vaxt unudulmamalıdır!

Hazırda Xəzərin ekologiyası ilə bağlı xeyli yerli və beynəlxalq qurumlar fəaliyyət göstərir. Amma onların fəaliyyəti, gördükləri işlər dənizin dərdlərini unutduracaq qədər yetərli deyil.

2010-cu il ölkəmizdə “Ekologiya ili” idi

Bundan əvvəl bu mövzuda Azərbaycan Prezideni iki sərəncam vermişdi. Birincisi, 1996–2010-cu illərdə Abşeron və Xəzər ətrafında ekologiyanı yaxşılaşdırmaq, digəri Xəzər dənizinin çirklənmədən qorunması barədə idi. Təbii ki, bir neçə sərəncam və qərarla bu məsələni həll etmək olmaz. Amma bu, yaxşılığa doğru bir addım idi. Bu mövzuda çıxışlarının birində Prezident İlham Əliyev belə demişdi: “Ac Afrikada ətraf mühiti mühafizə haqqında fikir söyləmək mənasızdır...” Yəni ac adam, birinci növbədə, bir tikə çörək barədə düşünür. Yaxud, əgər sən balası soyuqdan donan adama deyirsənsə ki, meşəni qırma, bunun faydası olmaz. Çünki o insan hansı yolla olur–olsun, uşağını qorumaq üçün meşəni qıracaq.

Artıq Azərbaycan bir çox problemlərini həll edib. Elə mərhələyə gəlib çıxmışıq ki, avropalılar kimi biz də ətraf mühitin mühafizəsi barədə ciddi fikirləşməliyik". Çünki davamlı inkişafın alternativi yoxdur. Bunun da əsası təbiəti mühafizədir. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyası çox işlər görür. Təəssüf ki, elmin maliyyələşdirilməsi respublikamızda hələlik lazımi səviyyədə deyil.

Xəzərdə balıq azdır

Xəzər karbohidrogen ehtiyatları ilə yanaşı, nadir balıqların vətəni kimi həmişə diqqət mərkəzində olub. Bəs hazırda Xəzərdə balıqçılığın vəziyyəti necədir? Xəzərətrafı dövlətlər yığışıb bu dənizdən balıq tutulmasına qadağa qoyublar. Təşəbbüs də Azərbaycandan olub. Bu təşəbbüsü ilk dəstəkləyən Rusiya olub. Yalnız İran tərəfi buna razı olmayıb və indi də ovu davam etdirir. Onu da deyək ki, bir müddət Azərbaycanın balıqyetişdirmə zavodu yox idi. 1992-ci ildə Dünya Bankının maliyyəsi ilə Neftçala rayonu ərazisində Xıllı Balıqyetişdirmə Zavodu fəaliyyətə başladı. Orada ildə, təxminən, 15–18 milyon ədəd xırda balıq yetişdirilib dənizə tökülür. Rusiya, İran, Qazaxıstan da bu işi görür. Buna baxmayaraq, dənizdə hələ də balıq azdır.

Bəzi informasiyalar siyasi xarakter daşıyır…

Bəzən Qərb mətbuatında informasiyalar gedir ki, Azərbaycan nefti tezliklə tükənəcək. Bu informasiyaların əksəriyyəti siyasi xarakter daşıyır. Həmin saxta məlumatlar dünyanın Azərbaycan neftinə marağını öldürmək məqsədi daşıyır.

Tarixi və milli baxımdan Xəzər dənizinin ətraf xalqlara bir xeyri də onun ətrafındakı istirahət zonaları, bağlardır. Ona görə də Xəzəri yaxşı qorumaq lazımdır. Buradakı təbii zənginlikləri məhv etmək olmaz.

Suyun səviyyəsi daim dəyişir

Məlumat üçün deyək ki, haçansa Xəzərin səviyyəsi indikindən 18 metr yüksək olub. Sonralar da dəyişmələr çox olub. Ramiz müəllim obrazlı şəkildə deyirdi ki, Xəzərin tarixi onun qalxıb–enmə tarixidir. Sonra elə vaxt olub ki, su tamam çəkilib – Abşeron yarımadasından yuxarıda su olmayıb, ancaq cənub hissədə olub...

1978-ci ildən 1995-ci ilə kimi Xəzər dənizinin səviyyəsi 2 metr qalxıb. Onda Azərbaycanın sosial-iqtisadi həyatına, ətraf mühitinə birbaşa dəyən ziyan 2 milyard ABŞ dolları təşkil edib. O vaxt Azərbaycanın illik büdcəsi yarım milyard dollar idi. Təkcə Dərin Özüllər Zavoduna 200 milyon dollar ziyan dəymişdi. Həqiqətən də, ekoloji problemlə yanaşı, böyük sosial-iqtisadi problemlər əmələ gəlmişdi. Azərbaycanda xeyli ekoloji qaçqın yaranmışdı.

Bu barədə təkliflər müxtəlifdir. Birincisi, gərək biləsən ki, suyun səviyyəsi necə dəyişəcək. Bu proqnozu vermək də çox çətindir. Çünki bu, daha çox iqlim dəyişmələri ilə bağlıdır. Elm də bu gün iqlimin proqnozunu geniş verə bilmir. Maksimum 6 aylıq proqnoz verilə bilir. Buna görə də sahil zonasını mənimsəyəndə bunu mütləq nəzərə almalısan.

Sahil zonasında hərc-mərclik

Təxminən 45-50 il əvvəl Dənizkənarı Parkda suyun səviyyəsi çox qalxmışdı. Nəticədə sahilə yaxın ağac və gül kollarının çoxu şor suyun təsirindən qurumuşdu. İndi isə suyun səviyyəsi o qədər enib ki, dənizdə yeni adacıqlar üzə çıxıb.

Məlum olduğu kimi, bu ilin avqust ayında Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri zamanı Xəzərin hədsiz çirklənməsi və suyun səviyyəsinin enməsilə bağlı iki ölkə rəhbərləri narahatlıqlarını ifadə ediblər. Problemlə bağlı Rusiya lideri sonradan Həştərxan vilayətinin qubernatori İqor Babuşkilə görüşü zamanı bildirib ki, bu yaxınlarda Azərbaycanda idim. Azərbaycan Prezidenti, Xəzərin dayazlaşmasına diqqət çəkdi. İlham Əliyev Həştərxan vilayəti ilə qarşılıqlı təsir haqqında səmimi danışdı.

Bundan sonra V. Putin qarşıdakı illərdə Volqa və Xəzər dənizi regionunda elmi araşdırmaların aparılması barədə göstərişlər verib.

İldə Xəzərdə 1 metr su buxarlanır

Xəzərə tökülən çaylardan sənaye müəssisələrində istifadə, suvarma və digər məqsədlər üçün hər il çoxlu su götürülür. Əgər həmin sular da dənizə tökülsəydi, nə baş verərdi?

Xəzərin su balansı var – gəlir hissəsi və çıxar hissəsi. Gəlir hissəsi çayların gətirdiyi su və səthinə düşən yağıntıdır. Bir də yeraltı axınlar; bunlar azdır. Çıxar hissəsi səthindən buxarlanmadır. Bunların arasında tarazlıq pozulsa, yəni gələn su çox olsa, səviyyə qalxır, yaxud əksinə olanda səviyyə aşağı düşür. Bu məsələ də araşdırılıb. Məlum olub ki, sovet hökumətinin inkişaf dövründə, yəni 50–60 ildə Xəzər dənizinə axan çaylardan ildə 50 kubkilometr su götürülüb. Əlavə edək ki, Kür çayı dənizə ildə, orta hesabla,15 kubkilometr su verir. Belə deyək ki, təxminən üç Kürün suyu gəlib Xəzərə çatmayib. Hesablamaya görə, Xəzərə 4 kubkilometr su töksən, dənizin səviyyəsi bir santimetr qalxar.

İldə Xəzər dənizinin səthindən bir metr su buxarlanır. Əgər dənizin üstünü bağlamaq mümkün olsaydı, onda səviyyə ildə bir metr qalxardı.

Hazırda Xəzərdə təqribən 1500–2000 kvadratkilometr ərazi daimi neft təbəqəsi ilə örtülüdür. Həmin ərazilər, belə demək olarsa, ölü nöqtələrdir. Xəzər dənizinin ümumi sahəsi isə 370–400 min kvadratkilometr arasında dəyişir, 1500–2000 kvadratkilometr onun qarşısında nədir ki. Yəni neft tullantılarının buxarlanmaya təsiri azdır. Amma bir şey var: suyun özünün tərkibi dəyişəndə buxarlanması azalır. Belə ki, təmiz su çox buxarlanır. Ancaq dənizə tökülmüş neft ekoloji şəraitə böyük təsir göstərir.

“Sıfır tullantı”ya doğru

Hazırda Xəzərin problemlərin həllinə kömək edəcək tədqiqatlar aparılır, yeni layihələr həyata keçirilir. Ramiz müəllimin fikrincə, Xəzər dənizinə qarşı biganəlik çox olub. Lakin dünyanın heç bir dənizi bu qədər tədqiq olunmayıb.

Yaxşı nümunə var – Baltik dənizi. Baltik dənizinin, demək olar ki, heç bir problemi yoxdur. Çünki ətraf ölkələr dənizin qorunmasında birgə işləyirlər. Qara dənizdə də vəziyyət yaxşılaşıb. Amma Xəzərətrafı ölkələr status məsələsində ortaq məxrəcə gəlsələr də bu sahədə əsaslı iş görmək istəmirlər. 2003-ilin noyabr ayının 4-də 5 Xəzəyanı ölkə Tehranda “Xəzər dənizinin ətraf mühitininmühafizəsi haqqında Çərçivə Konvensiyası” imzalayıb ( 2006-cı il avqustun 12-də qüvvəyə minib). Lakin “Tehran konvensiyası” hələ ki, Xəzərin yaralarına dərman ola bilməyib. Yaxşı ki dənizin özünütəmizləmə qabiliyyəti var, o, köməyə gəlir. Əgər “sıfır tullantı” şüarı irəli atılsa, yəni bütün çirkab mənbələri kəsilsə, Xəzərin ilkin halına qayıtmasına, təqribən” 40 il lazımdır.

Bir də suyun şirinləşdirilməsi...

Bir neçə il əvvəl mətbuatda Xəzərin suyunun şirinləşdirilməsi ilə bağlı bəzi işlərin görüldüyü haqda informasiya getmişdi. Amma sonralar nədənsə bu barədə heç nə deyilmədi. Bu barədə danışarkən həmsöhbətim vurğuladı ki, Xəzərin suyundan istifadə barədə pilot layihə var. Bu fikri də Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Məqsəd Xəzər dənizinin suyunu şirinləşdirərək istifadə etməkdir. Amma elə fikirləşmək lazım deyil ki, həmin suyu təmizləyib, bu gün haradasa istifadə edəcəyik. Yox. Hələ ki, buna elə də ehtiyac yoxdur. Lakin unutmayaq ki, təbiətdə gedən iqlim dəyişmələri və onun nəticələri göstərir ki, arid, yəni quraq yerlərdə yağıntının miqdarı getdikcə azalacaq, nəm, rütubətli yerlərdə isə yağıntının miqdarı bir qədər də artacaq. Azərbaycan ərazisinin 60 faizi ariddir. Artıq su qıtlığı hiss olunur. Doğrudur, səmərəli istifadə etsək, mövcud su mənbələri bəsdir. Təəssüf ki, səmərəli istifadə etmirik. Bir də unutmayaq ki, tarixən dünyada müharibələrin çoxu su üstündə olub. Bir ayrı fakt da var: gör sənin suyunun başında duranlar kimlərdir? Ermənistan, Gürcüstan, Rusiya. Deməli, problem getdikcə böyüyə bilər. Bu gün Xəzərin suyunun şirinləşdirilməsi pilot layihədir. Sabah qara gün olanda bu təcrübədən istifadə edib kimsəyə möhtac olmaqdan qurtarmalıyıq. Bu layihə çox lazımlıdır.

Xəzər sağalsa...

Ramiz müəllimlə son söhbətdə bir arzumu da çatdıqmışdım ki, yəqin haçansa Xəzərin sahilində görüşüb bu mövzuda daha nikbin söhbət edəcəyik. Hörmətli akademikimiz gülümsəyərək dedi ki, inşallah, mən də bu ümiddəyəm...

Unutmayaq, Xəzər sağalsa, ən böyük problemlərimizdən biri azalar. Axı Xəzər bizim üçün tükənməz sərvət qaynağı, sağlamlıq mənbəyi, ruhumuzun oylağıdır.

Səməd MƏLİKZADƏ



Ekologiya