“Cahan Şirkətlər Qrupu”nun 30 yaşı tamam olub

post-img

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30-cu ildönümü qeyd edilib. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra ölkə və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov qeyd edib ki, qurum ötən 30 ildə şərəfli yol keçərək böyüyüb, inkişaf edib, Naxçıvan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlər var. Hədəf çoxsaylı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirərək milli iqtisadiyyatımıza daha çox investisiyaların cəlb edilməsidir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası 
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəf kollektivi ötən 30 ili iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir şirkət üçün olduqca uğurlu və təntənəli keçmiş kimi dəyərləndirib. Səlahiyyətli nümayəndə “Cahan Şirkətlər Qrupu”nun çoxsaylı kollektivinə uğurların davamını, yeni çağırışlarda birgə addımlamağı arzulayıb, yubiley münasibətilə təbriklərini çatdırıb. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda özəl sektorun payı 80 faizi ötüb. Bu da onu göstərir ki, ölkəmizdə əlverişli və şəffaf biznes mühiti formalaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov da təbriklərini çatdıraraq bildirib ki, “Cahan Şirkətlər Qrupu” nəinki Naxçıvan, bütövlükdə Azərbaycanda sahibkarlıq ekosistemində mühüm yeri olan, bir çox sosial layihələrdə təmsil olunan şirkətdir. 

Sonra “Cahan Şirkətlər Qrupu”nun 30 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib. Şirkətin fəaliyyətində və inkişafında fərqlənən əməkdaşlar müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Mərasim bədii hissə ilə davam edib. 

 

Son xəbərlər