Vətən sevdalı şeiriyyət

post-img

Bu gün həm publisistik yazıları, həm də poetik nümunələri ilə rəğbət qazanan qələm sahibləri az deyil. Belə ifadə etmək olarsa, “qoşa qanadlı” istedadların çoxu mətbuatda çalışaraq zamanın səlnaməsini yazmaqla yanaşı, şeir və poemaları ilə ədəbiyyatımızı zənginləşdirirlər.

5 publisistik (“Borçalıdan bir ər qopdu”, “Seyidli nəsli”, “Əmircanlı nəsli”, “Zərifuşağı nəsli”, “Bir işıq gedirdi bizdən qabaqda”), 2 şeir (“Yola çıxdım”, “Ömür yoxuşdu, keçirəm”) kitabının müəllifi Paşa Babakərli (Əmircanov) də uzun illərdir ki,mərkəzi mətbuatda çalışır, müxtəlif səpkili maraqlı yazıları dərc olunur.

Bu günlərdə qələm dostumuz “Taleyim - yol yoldaşım” adlı yeni şeirlər kitabını poeziyasevərlərə ərməğan edib. 

Şairin son illərdə qələmə aldığı şeirləri, “Daş türklər” və “Xocalıdan qaçan körpə” poemaları toplanan kitaba ön söz yazan Xalq şairi Sabir Rüstəmxanlı Paşa Babakərlinin yaratdığı Vətən obrazını yüksək dəyərləndirir və belə şeirlərdən Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və Xəlil Rza Ulutürkün bədii-ictimai ruhlu yazılarının əks-sədasının eşidildiyini qeyd edir. Onun bütöv Azərbaycanın dünəninə və bu gününə həsr etdiyi şeirlərdə bir çağırış ruhu var. Vətəndaş yanğısı ilə ərsəyə gətirilən bu misralar hər birimizi mübariz olmağa, Vətəni layiqıncə qorumağa səfərbər edir: 

Mən bir Vətən sevdalısı,
Canımdı, başımdı Vətən.
Tariximdi, mənliyimdi,
Yaşım, yaddaşımdı, Vətən.

Xoşbəxtliyim, növrağımdı,
Başım üstə bayrağımdı,
Havam, suyum, torpağımdı,
Dağım, daşımdı Vətən. 

Bir başlıq altında toplanmış “Oğullar”, “Xilaskar əsgərim”, “Azərbaycan bayrağı”, “Şuşam, xoş gördük səni!”, “Sən yaşa, Torpaq” və bu səpkili digər şeirlərdə Vətən eşqi, 30 il düşmən tapdağında olan torpaqlarımızı canı bahasına azad edən qəhrəman oğullarımıza ehtiram var.

Bədii obrazlıqla publisistik ruhun birləşdiyi bu şeirlərdə təbiilik güclüdür:

Biz səni zaman-zaman,
Ruhlarda süsləmişdik.
Yurda qəza gələndə,
Qəlblərdə gizləmişdik,
Azərbaycan bayrağı!

Paşa Babakərlinin yeni kitabında torpaqlarımızın işğalı dövründə yazdığı silsilə şeirləri də yer alıb. Onlar hər birimizin ürəyində illərlə yaşamış ağrıların poetik ifadəsidir. Şair Qarabağ torpağı ilə bağlı böyük dövlətlərin və beynəlxalq təşkilatların ikiüzlü siyasətinə qarşı haqq səsini ucaldır. Bu qəbildən olan “Ulu Tanrı, bu torpağı neyləyək?”, “Susur şairləri bu məmləkətin”, “Məni Qarabağa qaytar, əsgərim!”, “Ay tifağı dağılmış!”, “Dağlara-daşlara” və digər şeirləri həyəcansız oxumaq olmur. Həmin şeirlər, sanki, bir, ağıdır:

Anam, mənə çox deyərdin,
Ahın dağlara-daşlara.
Gedib çatdı azar-bezar,
Axır dağlara-daşlara.

Bu nə gündü, gəlib çıxdı,
Ucalıqdan əlim çıxdı.
Yiyə durdu, sahib çıxdı,
Yağı dağlara-daşlara.

Bu şeirlərdə nisgil, ayrılıq ruhu yaşanır. Bu, bölünmüş Vətən torpağının ağrısıdır. Bu səbəbdən şair bir çox şeirlərində Borçalını, Dərbəndi, Təbrizi, İrəvanı, Zəngəzuru dönə-dönə dilə gətirir, Vətən övladlarına bir olmağı, qədim yurd yerlərimizi unutmamağı, adət-ənənələrimizi qorumağı tövsiyə edir.

Ünvanlı şeirlərində də kövrəklik, çırpıntı var. Uşaqlıqda gəzib-dolandığı yerlər, keçdiyi yollar, boya-başa çatdığı sazlı-sözlü, qədim Borçalı elləri ilə bağlı xatirələr, dünyasını dəyişmiş əzizlərinin ruhu, sanki, onu rahat buraxmır.

Kitabda düşüncə, sevgi və şairin özünə xitabən qələmə aldığı qürbət şeirləri də var. Ovqatdan doğan bu şeirləri oxuduqca, haldan-hala düşürsən. Belə misralarda səmimiyyət daha güclüdür:

Kömək etməz, aman daha, ah daha,
Gəzdirərik içimizdə dağ daha.
Sən də qayıt öz içinə bax daha.
Mən özümə ərk elədim içimdə,
Bu sevgini dəfn elədim içimdə...

“Taleyim – yol yoldaşım” kitabını oxuduqdan sonra bu qənaətə gəldim ki, şair-publisist Paşa Babakərlinin ömür yolu Vətənin sevincindən, ağrılarından keçir. Bu isə hər bir Vətən sevdalısının arzusu, istəyidir. Biz həmkarları da qələm dostumuzun yeni kitabını həvəslə oxuduq və sevindik. Ulu Tanrı sevdasına, ilhamına daim qol-qanad versin!

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Redaksiyadan: “Taleyim – yol yoldaşım” şeirlər toplusu uzun illərdən bəri “Xalq” qəzetində çalışan, bu yaxınlarda 65 yaşı tamam olan Paşa Əmircanovun ömrünün əlamətdar mərhələsinə yaradıcılıq hesabatıdır. Dəyərli əməkdaşımızı bir daha təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Mədəniyyət