Böyük Magellan Buludundakı "Fibi" obyekti statusunu itirdi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Varşava Universitetində fəaliyyət göstərən beynəlxalq astronomlar qrupu mövcud kosmik məlumatları yenidən təhlil edərək mühüm bir elmi səhvi düzəldiblər. Alimlər əvvəllər Ay ölçüsündə "ibtidai qara dəlik" hesab edilən "Fibi" (Phoebe) obyektinin əslində tamamilə adi bir dəyişkən ulduz olduğunu müəyyən ediblər. Bu sensasiyalı tədqiqatın nəticələri nüfuzlu "Astrophysics of Galaxies" jurnalında dərc olunub.

Tədqiqatın tarixinə nəzər salsaq, ötən aylarda astronomlar Böyük Magellan Buludunda "Fibi" adlı obyekti kəşf etdiklərini və onun kainatın erkən dövrlərindən qalma ibtidai qara dəlik olduğunu bəyan etmişdilər. "Dark Energy Camera" vasitəsilə aparılan müşahidələr zamanı mütəxəssislər ulduzlardan birinin parlaqlığının bir saatdan az çəkən qısamüddətli artımını qeydə almışdılar. "Qravitasiya mikrolinziyası" (böyük kütləli obyektin cazibə sahəsi ilə arxadakı ulduzun işığını gücləndirməsi) kimi tanınan bu hadisəyə əsasən, işığın təhrif olunmasına səbəb olan gizli kütlənin Ayın çəkisinə bərabər olduğu hesablanmışdı.

Lakin Varşava alimlərinin apardığı yeni yoxlama ilkin fərziyyə ilə ciddi ziddiyyətlər üzə çıxarıb. Astronomlar müəyyən ediblər ki, müşahidə müddətində ulduzun parlaqlığı cəmi bir dəfə deyil, ən azı üç dəfə kəskin artıb, həmçinin onun ümumi şüalanma göstəricisi dəyişib. Bu isə mikrolinziya fərziyyəsini tamamilə qeyri-mümkün edir, çünki hər hansı bir qara dəliyin ulduzun önündən keçməsi təsadüfi və yalnız bir dəfə baş verən unikal prosesdir.

Alimlər bu dəyişikliyin atmosfer maneələrindən qaynaqlanmadığını sübut etmək üçün "Fibi"ni qonşuluqdakı iki analoji ulduzla müqayisə ediblər — həmin ulduzların parlaqlığı sabit qalıb. Ən həlledici sübut isə ilkin tədqiqatda nəzərə alınmayan 2020 və 2021-ci illərin arxiv sənədlərinin incələnməsi olub. Bu köhnə qeydlər ulduzun təbiətən pulsasiya edən, yəni öz-özünə dövri olaraq parlaqlığını dəyişən bir göy cismi olduğunu qəti şəkildə təsdiqləyib.

Araşdırma müəllifləri vurğulayıblar ki, cəmi bir neçə günlük qısamüddətli müşahidələr parlaqlığı dəyişən ulduzlarla nadir qravitasiya linziyası effektlərini dəqiq ayırd etməyə imkan vermir. Bu tip ekzotik kosmik obyektləri tam əminliklə təsnif etmək üçün aylarla, bəzən isə illərlə çəkən davamlı və fasiləsiz monitorinqlərin aparılması şərtdir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya