Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Northrop Grumman" şirkəti yaxın illərdə ABŞ ordusunun silahlanmasında olan "Minuteman III" raketlərini əvəzləyəcək perspektivli "LGM-35A Sentinel" qitələrarası ballistik raketinin ilk rəsmi fotoşəkillərini yayımlayıb. Fotolarda raketin Kaliforniyanın Redondo-Biç müəssisəsində yerüstü sınaqların ən mühüm mərhələsini uğurla başa vuran burun (ön) bölməsi əks olunub.
Sınaqlar zamanı mühəndislər raketin şaxtadan buraxılışı zamanı yaranan ekstremal yüklənmələrə qarşı konstruksiyanın dözümlülüyünü və quraşdırılmış avadanlıqların iş qabiliyyətini yoxlayıblar. Bu mərhələnin tamamlanması "Sentinel"in 2027-ci ilə planlaşdırılan ilk sınaq uçuşu ərəfəsində sonuncu ən böyük hazırlıq addımı hesab olunur.
Sınaqdan çıxarılan ön modul raketin ən mürəkkəb idarəetmə sistemlərini özündə birləşdirir. Bura uçuşun idarə edilməsi, hədəfətuşlama, trayektoriyanın korreksiyası avadanlıqları və döyüş başlığı daxildir. Raketin əsas pillələri ayrıldıqdan sonra məhz bu bölmə daxili hesablama kompleksləri, sensorlar və kiçik dartı mühərrikləri vasitəsilə döyüş blokunun hədəfə dəqiqliklə yönəlməsini təmin edir. Sınaqlarda ABŞ-ın nüvə döyüş yüklərinin sertifikatlaşdırılmasına məsul olan Lourens Livermor adına Milli Laboratoriyanın əməkdaşları da iştirak ediblər.
"Sentinel" proqramı ABŞ-ın strateji nüvə qüvvələrinin modernləşdirilməsində əsas layihə hesab olunur. Yeni raket 1970-ci illərin əvvəllərindən bəri döyüş növbətçiliyində olan və Amerika nüvə triadasının ən yaşlı elementi sayılan "Minuteman III" kompleksini əvəz edəcək. ABŞ Hərbi Hava Qüvvələrinin qiymətləndirməsinə görə, mövcud raketlərin növbəti modernləşdirmə potensialı tamamilə tükənib. Bu səbəbdən təkcə raketlərin deyil, həmçinin hərbi şaxtaların, komanda məntəqələrinin və rabitə xətlərinin tamamilə yenidən qurulması qərara alınıb. Kompleks silahlanmaya qəbul edildikdən sonra ABŞ hərbçiləri ölkənin 5 ştatında yerləşən modernləşdirilmiş şaxtalarda 400-ə yaxın "Sentinel" raketi yerləşdirməyi planlaşdırır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

