Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə Ölkə Ofisi Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və ATscale – Qlobal Köməkçi Texnologiyalar üzrə Tərəfdaşlığın dəstəyi ilə Şamaxı şəhərində köməkçi məhsullar üzrə təlimlər silsiləsinə start verib.
XQ xəbər verir ki, təlimlər ÜST-nin Köməkçi Məhsullar üzrə Təlim (TAP) platformasından istifadə etməklə həyata keçirilir.
Bu rəqəmsal öyrənmə platforması nəzəri bilikləri praktik tapşırıqlarla birləşdirir və Azərbaycan dilində də mövcuddur.
TAP platformasının məqsədi ilkin səhiyyə xidməti göstərən mütəxəssislərin köməkçi məhsullar üzrə bilik və bacarıqlarını artırmaqla köməkçi texnologiyalar (KT) sahəsində kadr potensialını gücləndirmək, eləcə də köməkçi məhsullara ehtiyacın qiymətləndirilməsi və müvafiq yönləndirmə bacarıqlarını inkişaf etdirməkdir.
Əhalinin yaşlanması, qeyri-infeksion xəstəliklərin (QİX) artması və əlilliklə yaşayan insanların sayının artması ilə əlaqədar olaraq eynəklər, eşitmə cihazları və hərəkətə yardım vasitələri kimi köməkçi məhsullara olan tələbat həm qlobal səviyyədə, həm də Azərbaycanda getdikcə artır.
İlkin səhiyyə səviyyəsində bilik və bacarıqların artırılması TAP vasitəsilə köməkçi texnologiyaların gündəlik səhiyyə xidmətlərinə inteqrasiyasına töhfə verir və bu məhsullara ehtiyacı olan hər kəsin onlara çıxışını təmin etməyə xidmət edir.
Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev və TƏBİB-in şöbə müdiri Emil İskəndərov köməkçi məhsulların sosial inklüzivliyin təşviqində və insanların həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıblar:
"Köməkçi məhsullara çıxış imkanlarının genişləndirilməsi səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və rəqəmsal səhiyyə həllərinin tətbiqi ilə bağlı Azərbaycanın milli prioritetlərinə tam uyğundur".
Qeyd olunub ki, bu təlimlər Azərbaycanda dayanıqlı və inklüziv köməkçi texnologiya sistemlərinin qurulması istiqamətində mühüm mərhələ təşkil edir.
Tədbir səhiyyə və sosial müdafiə sahələrindəki milli tərəfdaşları və beynəlxalq qurumları bir araya gətirərək bilik mübadiləsi və birgə öyrənmə üçün dəyərli platforma yaradıb. Bu təşəbbüs həmçinin ölkədə aparılan rəqəmsal səhiyyə islahatlarını və inklüziv səhiyyə xidmətlərinin inkişafını dəstəkləyir.

