Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İspaniyanın Səhiyyə Nazirliyi ilə birgə hantavirusun yayıldığı bildirilən “MV Hondius” kruiz gəmisindəki sərnişinlərin təxliyəsinə başlayıb.
XQ xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, “Hondius” gəmisində olan sərnişinlərin ilk qrupunun sahilə çıxarılması prosesi artıq start götürüb. Hazırda sərnişinlərin sağlamlıq vəziyyəti epidemioloji baxımdan qiymətləndirilir, eyni zamanda İspaniyanın Daxili İşlər Nazirliyi ilə çarter reyslərinin təşkili istiqamətində koordinasiya işləri aparılır.
Qeyd edək ki, daha əvvəl Tedros Adhanom Qebreyesus gəmidə hantavirusa ilk yoluxma hallarının Argentina, Çili və Uruqvayda quş müşahidəsi məqsədilə təşkil olunan səfərdə iştirak etmiş turist cütlüyündə qeydə alındığını açıqlamışdı. Bildirilir ki, həmin ərazilər hantavirus daşıyıcısı olan gəmiricilərin geniş yayıldığı bölgələr hesab olunur.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

