Ispanaq tərkibli yeni göz damcısı quru göz sindromunun müalicəsində inqilab edə bilər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Dünyada ən çox yayılan oftalmoloji problemlərdən biri olan quru göz sindromuna qarşı müvafiq sahədə tamamilə fərqli bir müalicə üsulu hazırlanıb. "Cell" elmi jurnalının Sinqapur Milli Universitetinin tədqiqatına istinadən yaydığı məlumata görə, alimlər ispanaq yarpaqlarından əldə edilən xüsusi komponentlər əsasında effektiv göz damcısı ərsəyə gətiriblər. Gözdə yanma, qızarıqlıq və xroniki iltihabla müşahidə olunan bu xəstəliyin əsas səbəblərindən biri hüceyrələri zədələyən oksidləşdirici stres prosesidir.

Tədqiqatçılar bu mənfi prosesin qarşısını almaq üçün bitkilərdəki fotosintez mexanizminə bənzər bir sistemdən istifadə ediblər. İspanaq yarpaqlarından işığı enerjiyə çevirən nanohissəciklər ayrılaraq göz damcısının tərkibinə daxil edilib. Bu maddə göz hüceyrələrinə düşdükdən və adi işığın təsirinə məruz qaldıqdan sonra orqanizmdə iltihabın qarşısını alan və hüceyrələri qoruyan xüsusi molekulların ifrazını stimullaşdırır.

Aparılan sınaqlar zamanı işıq şüasının təsirindən cəmi 30 dəqiqə sonra göz toxumalarındakı zərərli maddələrin səviyyəsi kəskin şəkildə azalıb. Quru göz sindromundan əziyyət çəkən pasiyentlərin göz yaşı nümunələrində hidrogen-peroksid konsentrasiyasının 95 faiz aşağı düşdüyü qeydə alınıb. Laboratoriya heyvanları üzərində aparılan təcrübələr isə yeni damcının hazırda dünyada bu xəstəliyin müalicəsində geniş istifadə olunan bir çox ənənəvi preparatlardan daha effektiv olduğunu, iltihabı sürətlə azaltdığını və gözün səthindəki toxumaların bərpasına kömək etdiyini göstərib.

Mütəxəssislər bildirirlər ki, bu texnologiya gələcəkdə tibbin digər sahələrində də tətbiq edilə bilər. Çünki oksidləşdirici stres bir çox iltihabi xəstəliklərin əsasını təşkil edir və analoji üsul hüceyrə zədələnməsi ilə müşayiət olunan digər patologiyaların müalicəsində də yeni perspektivlər açır.

Ə.Arzu
XQ

Səhiyyə