Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində enerji səmərəliliyinin artırılması və təmiz texnologiyaların tətbiqi üzrə layihənin həyata keçirilməsi üçün 700 min dollar həcmində texniki yardımın ayrılmasını təsdiqləyib.
“Decarbonizing Baku Metro for a Smart and Sustainable Urban Transit Future” adlı layihə paytaxt metrosunda enerjidən istifadənin optimallaşdırılmasına, eləcə də karbon izinin və istismar xərclərinin azaldılmasına hədəflənib.
Texniki yardım çərçivəsində infrastrukturun müasirləşdirilməsi imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bu, günəş panelləri və enerji yığımı sistemləri kimi bərpaolunan enerji mənbələrinin inteqrasiyasını da əhatə edəcək. Eyni zamanda, enerji istehlakının intellektual idarəetmə sistemlərinin, proqnozlaşdırılmış xidmətin və böyük məlumat bazasına əsaslanan həllərin tətbiqi planlaşdırılır.
Xatırladaq ki, Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyatının əsas hissəsini təşkil edir və gündə, təxminən, 630 min sərnişin daşıyır. Hökumətin 2035-ci ilə qədər ümumi uzunluğu 120 kilometr olacaq 5 xəttdən ibarət metro şəbəkəsini genişləndirmək planları fonunda dayanıqlı enerji həllərinə tələbat artır.
Metropolitenin karbonsuzlaşdırılması təkcə emissiyaların ixtisarına və Azərbaycanın istixana qazlarının azaldılması üzrə milli öhdəliklərinin yerinə yetirilməsinə dəstək verməyəcək, həm də idarəetmənin səmərəliliyini artıracaq və istismar xərclərini azaldacaq.
Asiya İnkişaf Bankından bildiriblər ki, bu layihə qurumun Bakı Metropoliteni ilə daha geniş əməkdaşlığının mühüm hissəsinə çevriləcək və infrastrukturun ekoloji dayanıqlılıq üzrə beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verəcək.

