Türk dövlətlərinin sığorta əməkdaşlığı

post-img

Dünən Bakıda sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq “Türk Dövlətləri Inshurtech Zirvəsi” öz işinə başlayıb. Zirvə çərçivəsində iştirakçı ölkələrin sığorta bazarlarının nümayəndələri Türk dünyasında sığorta sənayesinin mövcud vəziyyəti ilə bağlı çıxış edib, cari bazar ehtiyacları ilə bağlı müzakirələr aparıblar. 

Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov bildirib ki, Prezident İlham Əliyevin türk dövlətləri arasında strateji və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı uğurlu adımlar müxtəlif sahələrdə olduğu kimi, sığorta sektorunda da türk dövlətlərinin birgə və qarşılıqlı fəaliyyəti üçün geniş imkanlar yaradıb. Onun sözlərinə görə, türk dövlətləri rəhbərlərinin bu istiqamətdə göstərdikləri təşəbbüslər xüsusilə əhəmiyyətlidir: “Bu gün iştirak etdiyimiz “InshurTech” zirvəsi türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin bariz nümunəsi olmaqla birgə innovasiya və rəqəmsal platformaların qurulmasına xidmət edir. Müasir dünyamızda sığorta yalnız maliyyə sabitliyinin mühüm dağı kimi deyil, həmçinin cəmiyyətin sosial rifahına və gələcəyə inamını təmin edən strateji mexanizmdir”.

Sığorta sektorundakı inqilabi dəyişikliklər hüquqi, etik və təhlükəsizlik məsələlərini gündəmə gətirir. “Inshurtech”lərin ənənəvi standart məhsullardan fərqli olaraq fərdi ehtiyaclara uyğunlaşdırılmış sığorta həllərini real vaxt rejimində risk qiymətləndirmələri və şəffaf xidmətləri ilə təqdim etdiyini diqqətə çatdıran bank rəsmisinin sözlərinə görə, rəqabət mühitinin güclənməsi, müştərilərin tələblərinin artması və rəqəmsallaşmanın sürətlənməsi “Inshurtech”ləri sektorun aparıcı qüvvəsinə çevirib. 

Türkiyənin Xidmət İxracatçıları Birliyinin baş katibi Fatih Özer isə qeyd edib ki, Azərbaycan təkcə regionun iqtisadi mərkəzi kimi deyil, həm də rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir. Türk dövlətlərinin ortaq tarixi bağlarının, gənc və rəqəmsal bacarıqlara sahib nəslinin, inkişaf edən startap mühitinin Azərbaycanla birlikdə daha güclü əməkdaşlıq üçün böyük imkanlar açdığını bildirən baş katib deyib: “Son illərdə Azərbaycan bu əməkdaşlığın mərkəzində yer alıb ölkəmizdə və regionda təşkil olunan ticarət missiyaları çərçivəsində şirkətlər arasında birbaşa əlaqələr qurulub, yeni layihələrin təməli qoyulub. Biz inanırıq ki, “InshurTech” ekosistemi Türk dövlətlərinin bir-birini tamamlayan potensialı üzərində formalaşacaq və Azərbaycan bu prosesin aparıcı güclərindən biri olacaq. Yeni nəsil startaplar və innovasiya mərkəzləri Türk dünyasını rəqəmsal çağın liderlərindən birinə çevirəcək”.

Azərbaycan Mərkəzi Bankının Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev bildirib ki, sığorta sektorunda riskəsaslı kapital modelinin tətbiqi və rəqəmsallaşmanın dəstəklənməsi yaxın dövr üçün əsas prioritet istiqamətlərdəndir. Onun sözlərinə görə, yeni tənzimləmə yanaşması sığorta şirkətlərinin maliyyə dayanıqlığının gücləndirilməsinə, risklərin ölçülməsi və idarə edilməsində beynəlxalq standartlara uyğunlaşmasına xidmət edəcək.

Təmsil etdiyi qurumun könüllü və icbari sığorta növlərinin təkmilləşdirilməsi, satış kanallarının inkişafı, eləcə də aqrar sığorta sisteminin institusional gücləndirilməsi üzərində işlədiyini vurğulayan P.Bənnayev onu da deyib ki, həyata keçirilən islahatlar türk dövlətləri arasında ­riskəsaslı nəzarət və kapital tənzimləməsi sahəsində əməkdaşlığın dərinləşməsinə, həmçinin regional sığorta bazarlarının dayanıqlığının artmasına şərait yaradacaq. 

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev hazırda Türk dünyasında “InshurTech” ekosisteminin formalaşdığını və ölkəmizin bu prosesin mərkəzində olduğunu diqqətə çatdıraraq bildirib ki, sığorta sektorunun rəqəmsal transformasiyası artıq təkcə trendlə ayaqlaşmaq deyil, iqtisadi dayanıqlığın və innovativ maliyyə sisteminin əsas elementi sayılır. Onun sözlərinə görə, son illərdə Azərbaycan və Türkiyə sığorta texnologiyalarında irəliləyiş əldə edib, region ölkələri – Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə ortaq “InshurTech” platformasının yaradılması istiqamətində müzakirələr aparılır.

Qeyd olunub ki, rəqəmsallaşma prosesinin strateji şəkildə aparılması üçün beşmərhələli yol xəritəsi hazırlanır. Bu yol xəritəsi infrastrukturun modernləşdirilməsini, süni intellekt və məlumat analitikasının tətbiqini, müştəri təcrübəsinin rəqəmsallaşdırılmasını, hüquqi bazanın uyğunlaşdırılmasını və türk dövlətləri arasında bilik mübadiləsini nəzərdə tutur. E.Mirsalayevin fikrincə, bu imkanların birləşdiriləcəyi təqdirdə yaxın 5 ildə Türk dünyası sığorta texnologiyalarında qlobal mərkəzə çevrilə bilər.

Zirvə toplantısında Özbəkistan Respublikasının Perspektiv Layihələr üzrə Milli Agentliyinin rəsmisi Uluqbek Xasanov, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı üzrə Agentliyinin Sığorta Təşkilatlarının Təftiş şöbəsinin müdiri Meruert Bayetova, Şimali Kipr Türk Respublikasının Maliyyə Nazirliyinin Aparat rəhbəri Burak Şöföroğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri, Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova, İcbari Sığorta Bürosunun Rəqəmsal Həllərin İnkişafı Departamentinin müdiri İslam İsmayılov çıxış ediblər.

Qeyd edək ki, iki gün davam edəcək toplantı Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Türkiyə Ticarət Nazirliyinin təşkilatçılığı, həmçinin Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və mərkəzi İstanbulda yerləşən “New Generation Management Company” şirkətinin birgə əməkdaşlığı ilə keçirilir. Sığorta toplantısında əsas məqsəd türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlığına nail olmaq, bu istiqamətdə əməkdaşlığı gücləndirmək və Türkiyənin qabaqcıl texnologiya şirkətlərinin təcrübəsindən yararlanmaqdır.

İqtisadiyyat