Sumqayıt Musiqi Kolleci – 60
Bir vaxtlar gənclik şəhərinin 4-cü mikrorayonundakı bu möhtəşəm binanın yerində idman meydançası vardı. Uşaqlığımızın səs-küylü çağları orada keçib, hər gün futbol oynamış, “Qol!” deyib qışqırmışıq. Üstündən onilliklər keçib və indi burada ucaldılmış binadan könül oxşayan musiqi sədaları gəlir. 60 illik yubileyini qeyd edən Sumqayıt Musiqi Kolleci bir müddətdir ki, bu məkanda qərar tutub.
Pəncərələrin birindən “Qəhrəmani” aşıq havasının melodiyaları eşidilir. Digərindən “Mirzə Hüseyn segahı” ucalır. Musiqinin 7 notu üstündə gözəlləşən dünyanın çal-çağırı, sevinci, fərəhi ruhumu qanadlandırır. Məni kollecin direktor müavini Kamran Süleymanov qarşılayır. Birlikdə səs gələn sinif otaqlarına baş çəkirik. Ruslan Əliyevin rəhbəri olduğu “Xalq çalğı alətləri” şöbəsinin imtahana hazırlıq kollokviumu keçirilir. 1-ci kurs tələbələri Zəhra Məmmədovanı və Murad Rzalının sazla ifalarını dinləyən müəllimlər hər incəliyə fikir verir, gənclərdən tövsiyələrini əsirgəmirlər.
Famil Kərimovun müdir olduğu “Xanəndəlik” şöbəsində də ruh oxşayan çal- çağırdır. Tələbə Anar Abdurəhmanov “Bayatı-kürd”, ardınca isə Aylin İbrahimova “Segah” muğamlarını oxuyurlar. Onları tarda Əli Quliyev, kamançada Azər Hacıbalayev ustalıqla müşayiət edirlər. Arada Famil müəllim də əlini qulağına tərəf aparıb zil səsi ilə gənclərin ifalarına “təkan” verir. Ecazla dolu dəqiqələrin bağışladığı xoş ovqatın məni bütün gün ərzində tərk etməyəcəyinə tam əmin oluram...
Bu kollec bir neçə il Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin filialı kimi fəaliyyət göstərib, 1965–ci ildən müstəqil təhsil müəssisəsi statusu alıb. 2000–ci ildən Sumqayıt Musiqi Texnikumu, 2010-cu ildən isə Sumqayıt Musiqi Kolleci adlandırılıb. Artıq 5 ildir ki, Azərbaycan Milli Konservatoriyasının nəzdinə verilib.
Kollec musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan etibarən ayrı-ayrı ünvanlarda yaşayış binalarının 1-ci mərtəbəsində 2 korpus olaraq, acınacaqlı vəziyyətdə fəaliyyət göstərmişdir. Bu il isə Sumqayıt şəhər rəhbərliyinin səyi ilə yeni, yaraşıqlı binaya köçürülüb. Söhbət etdiyimiz hər kəs bundan hədsiz razılığını bildirdi.
Vaxtilə Əməkdar artist, skripka ifaçısı Bayandur Mehdiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əvəz Rəhmətov, Xalq artisti, kamança ifaçısı Ədalət Vəzirov, Əməkdar müəllimlər - professor Malik Quliyev, dosent Rasim Quliyev bu təhsil ocağının direktorları olublar. Xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Zabit Nəbizadə, professor Elmira Əliyeva, məşhur və peşəkar nəfəs alətləri ifaçısı Ələkbər Əsgərov burada işləyiblər. Siyahıya Əməkdar artistlər Elza Seyidcahan, Babək Niftəliyev, Ehtiram Hüseynov, Əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Quliyeva, Əməkdar müəllim, tarzən Abdul Haşımov, dosent Rasim Quliyev, bəstəkarlar - Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, fəlsəfə doktoru Telman Qəniyev və Afaq Qəniyeva da aiddir.
Hazırda kollecə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “Tərəqqi” medallı Səbinə Mehdiyeva rəhbərlik edir. Burada 161 müəllim, 33 nəfərlik texniki heyət çalışır. 3 ixtisas öyrədilir: sahələr üzrə instrumental ifaçılıq, vokal sənəti, eləcə də populyar musiqi və caz ifaçılığı. Ümumilikdə 332 subbakalavr dərəcəli tələbə təhsil alır. Kollecdə 10 fənn birləşmə komissiyası fəaliyyət göstərir.
Direktor Səbinə Mehdiyeva:
– Ötən 60 ildə kolleci 6230 nəfər bitirib. Məzunlardan bir çoxu Xalq artisti, Əməkdar artist, Əməkdar müəllim, tanınmış bəstəkar, sənətşünas-alimdir. Onların əksəri ali təhsil ocaqlarında, musiqi və incəsənət məktəblərində, mədəniyyət və məktəbəqədər tərbiyə müəssisələrində, yaradıcılıq mərkəzlərində fəaliyyətlərini uğurla davam etdirir. Tədrisin yüksək keyfiyyət göstəricilərinə günün tələbləri səviyyəsində nail olmaq üçün tədrisin yeni, müasir forma və metodlarından istifadə edirik. Beynəlxalq təhsil sisteminə inteqrasiya, müasir tələblərə cavab verən dərs vəsaitlərinin hazırlanması, tələbələrin beynəlxalq miqyaslı müsabiqə və festivallarda uğurlu çıxışları kollektivin əldə etdiyi nailiyyətlərdir.
Təhsillə yanaşı, kollecdə konsert-ifaçılıq fəaliyyətinə də ciddi diqqət verilir. Buranın musiqi kollektivləri - “Dügah” xalq çalğı alətləri ansamblı, xalq çalğı alətləri orkestri, “Vio Cello” kamera orkestri müntəzəm olaraq şəhər tədbirlərində, bayram və əlamətdar günlərdə Sumqayıtın və regionun ictimai, mədəni-kütləvi tədbirlərinə rəng qatırlar.
Ünlü musiqiçilər və alimlər Malik Mansurov, Elşən Mansurov, Abbasqulu Nəcəfzadə, Elza Seyidcahan, Nüşabə Ələsgərli, Mənzurə Mansurova, Ceyhun İsmayılov, Xədicə Zeynalova və başqaları bu kollecin məzunları olublar. Fuad Əlizadə bir sıra beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və festivallarında qalib gəlib. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. Şəhriyar Musayev “Muğam aləmi” III Beynəlxalq Festivalında instrumental muğam ifaçılığı” nominasiyası üzrə 3-cü mükafatı, Rza Xosrovzadə Macarıstan və İtaliyada festivallarda “Qran-pri” alıb. Natəvan Səlimova, Əzət Məmmədli, Flora Umudova, Xasay Gülməmmədov, Nəriman Məsimov, Rəşad Ağayev, Murad Sultanlı, Vəliş Mirzəyev, Fidan Zamanzadə, Tural və Turan Bağmanov qardaşları da kolleci layiqincə təmsil ediblər.
Bizimlə söhbətində Səbinə Mehdiyeva müavinləri Kamran Süleymanov və Mübariz Quliyev və Mahir Əlizadənin, şöbə müdirləri Kamran Teymurov və Aytən Cəfərovanın, Əməkdar müəllim Firəngiz Xəlilovanın fədakar əməyini qeyd etməyi unutmadı. Bu da qeyd olundu ki, peşəkar ifaçılar - gənc aşıqlar Kəmalə Mehdiyeva (Qubadlı), Elçin Rzayev, xanəndələr - Əməkdar artist Səbinə Ərəbli, Opera və Balet Teatrının solisti Gülzar Fərəcova, Famil Kərimov, Sədəf Budaqova, Vəliş Mirzəyev, tarzən Ayaz İmranov 2025/2026-cı tədris ilində Qarabağ Universitetinə dəvət alıblar. Ümumilikdə 4 məzunumuz Qarabağ universitetində ixtisaslar üzrə təhsilini davam etdirir.
Kollecdə olarkən ölkə üzrə yalnız burada yaradılıb fəaliyyət göstərən “Populyar musiqi və caz” ixtisası üzrə dərsdə də iştirak etdim. Beynəlxalq dərəcəli müəllim Solmaz Qasımova tələbə Əfruzə Sadıqovanın oxusunu yoxlayırdı. Emin Sabitoğlunun “Əlvida”sı həzin bir ortam yaratdı. Pərviz Məmmədovun (klaviş) müşayiətində caz və milli musiqi sintezi hər kəsi yetərincə duyğulandırdı.
Yubilyar musiqi təhsili ocağından dolğun təəssüratla ayrıldım. Gördüklərim, eşitdiklərim bu ocağın daim gur yanacağına, 7 səsli möcüzələrinin hələ çox mötəbər mədəni məclislərə rövnəq verəcəyinə, çox salonları “titrədəcəyinə” inamımı daha da artırdı.
Ə.NƏCƏFXANLI
XQ

