Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1046 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“3.10. Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) elektron ünvan, yaxud müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Elektron sənəd formasında göndərilən cavab məktubu “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada tərtib edilir və rəsmiləşdirilir.”;

1.2. 4.3-cü bənd üzrə:

1.2.1. birinci cümlədə “saytında” sözü “informasiya ehtiyatında, yaxud EHİS üzərindən” sözləri ilə əvəz edilsin və həmin cümlədən “Qanunun 11.4-cü maddəsinə uyğun olaraq” sözləri çıxarılsın;

1.2.2. ikinci cümlədə “iki” sözü “üç” sözü ilə əvəz edilsin;

1.3. həmin Qaydaya 1 nömrəli əlavə – “Qeydiyyat-nəzarət vərəqəsi”nin formasının “Qeydiyyat-nəzarət vərəqəsinin doldurulmasına dair göstərici” hissəsinin “Müraciətin daxilolma yolları” abzasına “qutusundan” sözündən sonra “və ya EHİS üzərindən” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2026-cı il

Fərmanlar