Müasir Azərbaycan fərqli dinlərin nümayəndələrinin yanaşı və mehriban yaşadıqları nadir ölkələrdəndir. Burada məscidlər, sinaqoqlar və kilsələr birgə fəaliyyət göstərir. Şəhərin mərkəzində, qədim memarlıq üslubu ilə seçilən Müqəddəs Məryəm katolik kilsəsi belə tolerant mühitin əyani sübutudur.
Xristian icmasının həyatına, onların dini ayinlərinə və məbədin tarixçəsinə yaxından bələd olmaq üçün bu müqəddəs məkana yollandıq. İlk müsahibimiz Katolik Kilsəsinin mətbuat katibi Toral Ağayev oldu.
– Ölkəmiz dünyada dini tolerantlıq məkanı kimi tanınır. Sizin məbəddə inanc və ibadət sərbəstliyi necə gerçəkləşir?
– Katolik kilsəsi ölkəmizdə 2000-ci ildə yenidən fəaliyyətə başlamış, 2011-ci ildə Apostol Prefekturası statusu almışdır. Lakin Azərbaycan torpaqlarında katolikliyin tarixi bundan xeyli əvvələ, XIV–XVIII əsrlərə gedib çıxır. Vatikanla Azərbaycan arasında imzalanmış razılaşmalardan sonra Vatikanın Apostol Kitabxanasında Azərbaycanla bağlı çoxsaylı tarixi sənədlər və mənbələr üzə çıxarılıb. Bu sənədlər orta əsrlərdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dini, mədəni və siyasi dialoqun mövcud olduğunu göstərir.
Tarixi faktlara görə, o dövrlərdə Azərbaycanda katolik monastırları olub. Burada fransiskan, avqustinian və dominikan rahin ordenlərinə mənsub ruhani icmalar fəaliyyət göstərib. XX əsrin əvvəllərində Bakıda fəal katolik icması mövcud idi. Həmin dövrdə paytaxtda inşa edilmiş Müqəddəs Məryəm Kilsəsi o illərin dini və memarlıq baxımından ən möhtəşəm tikililərindən biri sayılırdı. Lakin Sovet hakimiyyəti illərində dinə qarşı genişmiqyaslı repressiyalar nəticəsində Bakıda fəaliyyət göstərən pravoslav kilsələri, məscidlər və katolik məbədləri dağıdıldı, din xadimləri isə təqibə məruz qaldıar.
Sovet ideologiyası dinə düşmən münasibətdə idi və din dövlətin əsas rəqiblərindən biri kimi qəbul olunurdu. Xüsusilə, Katolik Kilsəsi ideoloji baxımdan təhlükə sayılırdı, çünki onun mərkəzi Vatikan “dəmir pərdə”nin o tayında yerləşirdi və Sovet ideologiyasının təsir dairəsindən kənarda idi. Bu səbəbdən uzun illər boyu Azərbaycanda katolik icmasının fəaliyyəti tamamilə qadağan olunmuşdu. Müstəqilliyin bərpasından sonra bütün dini icmaların fəaliyyəti yenidən canlandı. 2005-ci ildə Müqəddəs Məryəm katolik kilsəsinin inşasına başlanıldı. Layihənin memarı italyan əsilli Paolo Ruceyro idi. Kilsənin yerləşdiyi ərazi Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Roma Papası II İohann Pavelin (John Paul II) Azərbaycana səfəri zamanı katolik icmasına hədiyyə edildi və bu addım dini tolerantlığın və qarşılıqlı hörmətin çox gözəl təzahürü kimi qiymətləndirildi.
– Kilsədə xidmət edən ruhanilər necə seçilir? Burada Azərbaycandan olan din xadimləri də fəaliyyət göstərirlərmi?
– Azərbaycandakı Katolik Kilsəsinin ruhani və inzibati idarəçiliyi Salezian rahiblər ordeninə həvalə olundu. Həmin dövrdə ölkədə rusdilli və ingilis dilli katolik icması üstünlük təşkil etdiyindən, Azərbaycana rus və ingilis dilini bilən keşişlərin gətirilməsi vacib idi. Bu məqsədlə Vatikan slovakiyalı Salezian rahiblərini Azərbaycana göndərdi. Slovakların həm dini təcrübəsi, həm də dil bilikləri uyğun hesab edildi, çünki onların çoxu sovet dövründə rus dilini öyrənmişdi.
Məhz slovak rahiblərinin sayəsində Azərbaycandakı katolik icması yenidən dirçəldi. Kilsənin yepiskopu Vladimir Feketə Roma Papasının birbaşa təyin etdiyi dini liderdir. Ümumiyyətlə, katolik dünyasında yepiskopların təyin edilməsi yalnız Papaya məxsus səlahiyyətdir və bu, onun müstəsna hüququ hesab olunur.
– Kilsədəki altarlar hansı dövrə aiddir? Qədim rəsmlər, mədəni nümunələr nəyi ifadə edir, necə qorunur?
– Burada həm əsas, həm də yan altar mövcuddur və Müqəddəs Messa dini ayini bu altarların üzərində keçirilir. Bu altarlar müqəddəs sayılır və Allaha həsr olunmuşdur. Taxta altar qədim olmasa da, bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycanda Roma papası II İohann Pavel tərəfindən 2002-ci ildə keçirilən ayin zamanı bu altarlar istifadə olunub. II İohann Pavel müqəddəs elan olunub və onun toxunduğu bütün dini atributlar xüsusi mənaya malikdir.
Altarın yanında duran xaçın da tarixi önəmi var, xaçın formasında bir zamanlar qazıntılar zamanı tapılan Alban dövrünə aid elementlər təkrar olunub. Bu, xristianlığın Azərbaycanda qədim və ənənəvi dinlərdən biri olduğunu vurğulayır. Qədim ikonalar, rəsmlər və digər əşyalar yoxdur, çünki katolik icması sovet zamanı demək olar ki, tam məhv olunmuşdu. Qədim olan yeganə element isə İsa Məsihin heykəlidir. 2009-cu ildə Dövlət Gömrük Komitəsi tərəfindən kilsəyə hədiyyə edilmiş bu heykəl XIX əsrə aiddir.
Təsvirlər yerli rəssamların işləridir. Lakin biri Polşa səfirliyi tərəfindən bağışlanmışdır və “Çenstoxovskaya Madonna” adlanır, bu təsvir Məryəm Ananı İsa ilə birlikdə göstərir. Orijinalı Polşada saxlanılır və katolik dünyasında, xüsusilə Polşada, çox böyük dini önəmə malikdir. Kilsənin girişində böyük vitraj təsviri yerləşir. Bu təsvir Müqəddəs Ruhun həvarilərə və Məryəm Ana üzərində enişini əks etdirir. Vitraj kilsəyə Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bağışlanmış, kilsənin açılışından sonra əlavə edilmişdir.
– Katolik Kilsəsi Azərbaycan dövlətinin dini siyasətini necə dəyərləndirir?
– Müasir dünyada çoxlu münaqişələr mövcuddur, lakin Azərbaycan bu baxımdan tam fərqli bir nümunə təqdim edir. Bu yalnız nəzəriyyə deyil, gündəlik həyatımızın praktikasıdır, bəzi ölkələrdə multikulturalizm siyasəti uğursuz sayılır, dinlər və dini icmalar bir-birinə qarşı çıxır, islamofobiya, xristianofobiya və antisemitizm kimi hallar müşahidə olunur, ön yarğılar, düşmənçilik və nifrət görünür. Azərbaycan isə tam başqa bir mənzərə yaradır: dini fərqlər, konfessional və etnik müxtəliflik qarşılıqlı dialoqa imkan yaradır. Bu əməkdaşlıq üçün gözəl fürsətlər təqdim edir və Azərbaycan bunu dünyaya nümunə olaraq göstərir.
Müsəlman, yəhudi, pravoslav və digər dini icmalar kimi, Azərbaycanın katolik kilsəsi də daim dövlətdən dəstək alır, dövlətin multikulturalizm və tolerantlıq siyasətinin xoş bəhərlərindən yararlanır. Digər dini icmalar, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi, yəhudi icmaları, Bakı Pravoslav yeparxiyası, protestant icmaları ilə münasibətlərimiz səmimi dostluq və fəal əməkdaşlıq üzərində qurulub. Biz bir-birimizin bayramlarını qeyd edir, qonağı oluruq və mühüm hadisələr zamanı birlikdə çıxış edirik.
Kilsənin rəsmi açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdilər. Prezidentimiz çıxışında bir ifadə işlətdi ki, Katolik kilsəsinin bərpası, ədalətin bərpasıdır. Bu, yalnız Katolik kilsəsi üçün deyil, bütün Azərbaycan üçün də ədalətin təzahürü idi, çünki böyük bir ədalətsizlik nəticəsində, sovet dövründə insanların iman haqları əllərindən alınmışdı. Müstəqilliyin bərpasından sonra ölkədə quruculuq işləri aparıldı, çox zaman ölkələrdə yenidənqurma işləri aparılan zaman mənəvi məsələlər adətən ikinci və üçüncü plana keçir. Azərbaycanda isə çox nadir bir hal yaşandı, mənəvi və mədəni məsələlər də ön plana çıxarıldı, iqtisadiyyat və siyasətlə bərabər diqqət göstərildi, bunun gözəl nəticələrini də biz bu gün görürük.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, kilsəyə tələbələr də gəlir, çünki bir çox məktəblərdə və ali təhsil ocaqlarında multikulturalizm fənni tədris olunur. Bu tədris çərçivəsində uşaqlar və gənclər kilsəyə gəlir. Biz bir neçə dəfə onlarla görüş keçirmişik və çox sevindirici, həm də yaxşı mənada təəccübləndirici haldır ki, uşaqların və tələbələrin dinlər barədə, ölkənin dini müxtəlifliyi barədə bilikləri çox genişdir.
Tolerantlıq sözünü çox eşidirik, amma Azərbaycanda söhbət yalnız dözümlülükdən getmir. Biz ünsiyyətdən zövq alır, fərqliliklərimizdən faydalanır və bir-birimizi zənginləşdiririk. Çox ölkələrdə müxtəlif siyasi, demoqrafik səbəblərdən sonradan yaranmış müxtəlifliklə barışmaq üçün multikulturalizm və tolerantlıq siyasəti aparılır. Azərbaycanda isə bu siyasət xalqın əsrlər ərzində formalaşdığı tolerantlıq ənənələrini, cəmiyyətimizin dini və etnik müxtəlifliyini qorumaq, inkişaf etdirmək və yad təsirlərdən müdafiə etmək məqsədi daşıyır. Biz öz müxtəlifliyimizi qoruyur və onu inkişaf etdiririk. Azərbaycanda Katolik Kilsəsi ölkədə və ölkə xaricində dövlətin, dini icmaların, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin irəli sürdüyü təşəbbüslərin və təşkil etdiyi tədbirlərin fəal iştirakçısıdır.
XIX əsrin ikinci yarısında imperator III Aleksandrın göstərişi ilə təməli qoyulan, Bakı yeparxiyasının mərkəzi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında (Rus-Provoslav) həmsöhbətim keşiş Konstantin Pominov oldu. O, kilsənin tarixi əhəmiyyəti, buradakı maddi-mədəni nümunələr və maraqlı faktlardan bəhs etdi.
– Kilsənin yerləşdiyi ərazidə bir vaxtlar çar ordusunun generalı Salyanovun kazarması yerləşib. O dövrdə burada taxtadan inşa olunmuş hərbi kilsə fəaliyyət göstərib və Aleksandr Nevskiyə həsr edilib. 1903-cü ildə taxta tikili sökülərək, azərbaycanlı xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə yerində daşdan yeni, daha möhkəm bir kilsənin tikintisinə başlanılıb. 1907-ci ildə tikinti başa çatıb.
Sovet dövründə həyata keçirilən ateist siyasət digər ibadət yerləri kimi bu kilsədən də yan keçməyib. 1934-cü ilə qədər xristianların istifadəsində olan məbəd həmin ildən buğda anbarına çevrilib. 1953–1964-cü illərdə Nikita Xruşşovun hakimiyyəti dövründə kilsə hərbçilərin idman zalı kimi istifadə olunub. Ən təəssüf doğuran məqamlardan biri isə onun ən müqəddəs hissəsi – Altarın yerində ayaqyolu və duşxananın yerləşdirilməsi olub. Bu vəziyyət 1990-cı ilə qədər davam edib. Həmin il Azərbaycan Müdafiə Nazirliyi binanı yenidən dindarlara qaytarıb.
Kilsəyə ən ağır zərbə isə 1990-cı ilin 20 Yanvar faciəsi zamanı dəyib. “Salyanski” kazarmaya yaxın yerləşdiyi üçün kilsənin damına tank mərmisi düşüb. Həmin vaxt binanın əsas zalında hərbçilər məşq edirmiş, damda isə kilsəyə məxsus xalçalar saxlanılırmış. Mərminin partlaması nəticəsində güclü yanğın baş verib və binaya ciddi ziyan dəyib.
Zaman keçdikcə icma üzvləri öz imkanları hesabına kilsənin bərpasına çalışsalar da, bu işləri tamamlamaq çətin idi. İlk kilsədən geriyə sadəcə divarlar qalmışdı, yalnız 2002-ci ildə xeyriyyəçi Aydın Qurbanovun maddi dəstəyi ilə kilsənin damı əsaslı təmir edilib, bütün daxili bəzəklər, ikonalar, daş oymaları və altar hissəsi bərpa olunub.
Bu gün məbədin interyeri heyrət doğurur. Kilsənin ən diqqətçəkən hissəsi olan ikonastas (yəni ikonalarla bəzədilmiş altar səddi) bütün Rus Pravoslav kilsələri içərisində daşdan hazırlanmış yeganə ikonastdır. Adətən ikonastlar taxtadan olur, lakin Bakıdakı bu məbədin ikonastı tamamilə daşdan yonulub. Onun üzərindəki oymalar unikal sənət nümunəsidir. Heç bir naxış bir-birini təkrarlamır. Oymalarda üzüm və çörək təsvirləri diqqət çəkir.
Kilsəni gəzdikcə içərisindəki rəsmlərə, tarixi ikonalara baxdıqca, insan valeh olur, qızılı bir sandıq diqqəti xüsusi cəlb edir. Keşiş deyir:
– Kilsənin tavanındakı rəsmləri Stroqanov Rəssamlıq Məktəbinin professorları işləyib. Bu rəsmlər klassik pravoslav simvolikasını Azərbaycan memarlıq ruhu ilə birləşdirir. İkonastasın üzərindəki ikonalar isə ikonapis Aleksandr Sokolov tərəfindən hazırlanıb. Digər ikonalar isə müxtəlif xeyriyyəçilər tərəfindən məbədə bağışlanıb. Ən dəyərli hədiyyələrdən biri isə Rum patriarxı Varfolomeydən gəlib, o, kilsəyə İsa Məsihin 12 həvarisindən birinə məxsus müqəddəs qalıq – barmaq sümüyünü bağışlayıb.
Eramızın ilk əsrlərində, Qafqaz Albaniyası dövründə Həzrəti İsanın bir şagirdi Şəki, Qəbələ, Oğuz və Bakıdan keçərək burada xristianlığı təbliğ edib. Lakin onun fəaliyyəti dövrün dini fundamentalistlərinin qəzəbinə səbəb olub və edam etdirilib. Onun cəsədinin qalıqları sonradan İtaliyaya aparılıb və orada qorunur. Varfolomey isə həmin müqəddəs missionerin barmaq sümüyünü Bakıya bağışlayaraq, bu kilsəni bütün pravoslav dünyası üçün müqəddəs ziyarət yerinə çevirib. Qalıq indi kilsədə, qızıl sandıqda saxlanılır. Kilsənin mərkəzində “kafedra” adlanan bir yer var, buradan Bakı arxiyepiskopu bütün ibadətləri idarə edir. Kafedranın altında sərilmiş xalça isə xüsusi məna daşıyır: onun üzərində Qafqaz dağları, Qız qalası və Azərbaycanı və xristianları qoruyan qartal təsvir olunub. Bu xalça, əslində, Azərbaycanın çoxmədəniyyətliliyinin parlaq rəmzidir.
Ləman TƏHMƏZ
XQ






