Sosial şəbəkələrdə yaşın təsdiqlənməsi bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sosial şəbəkələrdə istifadəçilərin yaşının müəyyən edilməsi bank kartı vasitəsilə və vəsaitin müvəqqəti bloklanması, həmçinin elektron poçt və mobil nömrə məlumatlarının qarşılıqlı yoxlanması ilə həyata keçiriləcək.

XQ-nin məlumatına görə, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun rəhbəri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkil etdiyi ictimai müzakirədə – İnzibati Xətalar Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər çərçivəsində danışıb.

Onun sözlərinə əsasən, bu sahədə məsuliyyət yalnız dövlət qurumları ilə məhdudlaşmır, həm də platforma provayderlərinin üzərinə mühüm öhdəliklər düşür.

Bildirilib ki, yeniyetmələr üçün asılılıq yarada bilən “sonsuz sürüşdürmə” (infinite scroll) funksiyası və videoların avtomatik oynadılması kimi istifadəçi davranışını yönləndirən dizayn elementlərinin tətbiqi məhdudlaşdırılacaq. Eyni zamanda, valideynlərə övladlarının platformalardakı fəaliyyətini izləmək və məzmunu tənzimləmək üçün xüsusi idarəetmə alətləri təqdim olunacaq.

H.Hüseynlinin sözlərinə görə, toplanan şəxsi məlumatlardan yalnız yaşın doğrulanması məqsədilə istifadə ediləcək və uyğunluq təsdiqlənmədiyi halda həmin məlumatlar dərhal sistemdən silinəcək.

Həmçinin bu məlumatların reklam və kommersiya məqsədləri üçün istifadəsi və ya üçüncü tərəflərlə paylaşılması qadağan ediləcək. Platformalar isə zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində onu silməyə borclu olacaq və bu prosesin fasiləsiz (24/7) texniki nəzarətlə həyata keçirilməsi tələb ediləcək.

Sosial həyat