Milli Kitabxana onlayn təlim keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

10 iyun tarixində Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən kitabxanaların iştirakı ilə onlayn təlim keçirilib.

Təlimdə kitabxana fondlarının komplektləşdirilməsi prosesinin nəzəri və praktiki aspektləri, fondların məqsədyönlü şəkildə formalaşdırılması, ənənəvi və elektron informasiya resurslarının seçilməsi meyarları, istifadəçi tələbatının öyrənilməsi və fondların zənginləşdirilməsi istiqamətində müasir yanaşmalar geniş şəkildə müzakirə edilib. Eyni zamanda Koha Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi (AKİS) çərçivəsində komplektləşdirmə, kataloqlaşdırma, fondun uçotu və elektron idarə olunması prosesləri barədə ətraflı məlumat təqdim olunub, sistemin tətbiqi zamanı əldə olunan təcrübələr iştirakçılarla bölüşdürülüb.

Tədbir çərçivəsində kitabxana kolleksiyalarının idarə edilməsində rəqəmsal texnologiyaların rolu, Koha AKİS-in fondların formalaşdırılması və idarə olunmasında yaratdığı imkanlar, eləcə də mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara metodik tövsiyələr təqdim olunub, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Onlayn təlim kitabxana fondlarının səmərəli idarə olunması, kolleksiyaların inkişaf strategiyalarının təkmilləşdirilməsi və Koha AKİS-in tətbiqi sahəsində peşəkar bilik və bacarıqların artırılması baxımından faydalı platforma kimi qiymətləndirilib.



Sosial həyat