“Siz güclü lidersiniz”

post-img

ABŞ Prezidenti Donald Trampın bu il avqustun 8-də Azərbaycan lideri İlham Əliyevlə Vaşinqtonda tarixi görüşü, bu görüş zamanı dövlətimizin başçısının siyasi fəaliyyətinə yüksək qiymət vermədi və sonralar bu səpgili bəyanatlarla çıxış etməsi hələ də dünya mətbuatının gündəmindən düşmür. Xüsusən Trampın avqustun 26-da Azərbaycan Prezidentinə ünvanladığı fotoşəkillərin üzərində “İlham, sən böyük lidersən” yazması Azərbaycanda da, bizimlə xoş münasibətdə olan ölkələrdə də qürur hissi ilə qarşılanıb.  

Bunları özünün X sosial şəbəkəsində paylaşmış Prezident İlham Əliyev Donald Trampa minnətdarlığını ifadə edib. Paylaşımda deyilir: “Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”.

Maraqlıdır ki, ABŞ lideri bir sıra sonrakı təmaslarında da Azərbaycan Prezidentinin ünvanına xoş sözlər söyləyib. Misirdə Qəzza probleminin həlli ilə bağlı keçirilmiş geniş sülh tədbirində də Tramp Prezident İlham Əliyevə tərəf dönərək “Siz güclü lidersiniz” demişdi. 

Tramp Rusiya Prezidenti Vladimir Putinlə son danışıqlarına toxunarkən, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasında özünün vasitəçilik rolunu xüsusi vurğulayaraq bildirib ki, regiondakı sülh prosesinin irəliləməsi onun şəxsən apardığı danışıqlarla mümkün olub: “Biz razılaşma əldə etməliyik – mən vaxtımı boş yerə sərf etmirəm. Mən bunu Yaxın Şərqdə sülhdən əvvəl həll etməyin mümkün olduğunu düşünürdüm. Azərbaycanla Ermənistan məsələsi çox çətin idi”.

Tramp xüsusilə qeyd edib ki, hətta Rusiya prezidenti də bu nəticəni etiraf edib: “Putin mənə telefonda dedi: Bu inanılmaz idi — hamı bunu həll etməyə çalışdı, amma heç kim bacarmadı. Sən isə bacardın”.

Tramp əlavə edib ki, bu gün Bakı ilə İrəvan arasında davam edən siyasi dialoq, sərhədlərin demarkasiyası ilə bağlı addımlar və kommunikasiya xətlərinin açılmasındakı real yumşalma Vaşinqtonun vasitəçilik səylərinin nəticəsidir.

ABŞ Prezidenti onu da deyib ki, dünya siyasətində müxtəlif regionlarda vasitəçilik cəhdləri olub, lakin Qafqaz münaqişəsi həmişə özünün mürəkkəbliyi ilə seçilib: “Hindistan və Pakistanı götürsək – bu, həddən artıq çətin proses idi. Amma Azərbaycan–Ermənistan məsələsi bundan da ağır idi. Çünki burada həm tarixi nifrət, həm də xarici oyunçuların təsiri var idi”.

Təbiidir ki, hazırda Cənubi Qafqaz bölgəsində yeni geosiyasi güc balansı qurulmaqdadır. ABŞ isə bu prosesdə aktiv oyunçu rolunu yenidən gücləndirməkdədir. Bu məsələdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın və onun rəhbəri İlham Əliyevin çox dəqiq və uzaqgörən siyasəti özünün layiqli qiymətini almalı idi. Tramp məhz bu qiyməti verir və bu barədə fikirlərini dönə-dönə təkrar etməkdən, Azərbaycan liderinə təriflər yağdırmaqdan yorulmur.

Amma ABŞ lideri aradabir Azərbaycan və Ermənistanın adlarını səhv salmaqla da dünya mediasının diqqətini cəlb edir. “BBC News”in məlumatıa görə, Tramp artıq neçənci dəfədir ki, bu iki ölkənin adını qarışdırır: “Biz Azərbaycanla Albaniya arasında məsələni həlli etdik”, - deyə Prezident Tramp Böyük Britaniyaya səfəri zamanı mətbuat konfransında bildirib.

Yadımızdadır ki, Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevlə görüşmüş, bu zaman Fransanın dövlət başçısı Emmanuel Makronla zarafatlaşaraq, Trampın “Albaniya və Azərbaycan arasında münaqişəni həll etdik” dediyini xatırlatmışdı. Buna görə də Makrona “Siz Azərbaycan və Albaniyanı təbrik etməlisiniz”, - demişdi. 

Amma bütün hallarda ABŞ kimi fövqəldövlətin Azərbaycana qarşı sərgilədiyi xoş münasibəti, Prezident İlham Əliyevə qarşı maraqlı jestləri görmək qürurvericidir. Bu, Azərbaycanın dünyada qazandığı nüfuzun canlı və bariz nümunəsidir...  

P.Əmircanov
XQ

Siyasət