Peşəkar musiqiçi Cavid Ələkbərlinin (Cavid Bakı) “Klassik gitara haqqında dərslik” adlı kitabı həm musiqi məktəbləri və kursları üçün metodiki vəsait, həm də ənənələrə dərin hörmətlə gitara sənətindəki müasir meyilləri birləşdirən nadir yaradıcılıq işi kimi dəyərlidir.
Nəşrin aktuallığı təkcə klassik ifa texnikasını əhatə etməsində deyil, eyni zamanda ümumi musiqi nəzəriyyəsinin mühüm aspektlərini diqqətə çatdırmasındadır. Bu komplekslilik dərsliyi yüksək peşəkarlıq səviyyəsinə can atan gənc musiqiçilər, həmçinin öz bilgilərini dərinləşdirmək istəyən həvəskarlar üçün ideal bələdçi sayıla bilər.
Cavid Bakının qabarıq nəzərəçarpan məziyyətlərindən biri dünya repertuarını Azərbaycan xalq mahnıları, bəstəkar əsərləri, hətta gitaraya adaptasiya olunan muğamları orijinal şəkildə bir araya gətirməsidir. Bu yenilikçi yanaşma mədəni mübadilənin vacibliyini göstərməklə yanaşı, bir daha bəlli edir ki, ənənələr necə davamlı şəkildə inkişaf edərək, qlobal musiqi irsinin tərkib hissəsinə çevrilir. Milli mədəniyyət nümunələrinə xas özəlliklərin tədris prosesinə daxil edilməsi şagirdlərdə milli mənlik şüurunun formalaşmasında mühüm önəm daşıyır, eyni zamanda onları dünya mədəni prosesində fəal iştiraka hazırlayır.
Dərslik musiqi məktəblərinin şagirdlərindən tutmuş, yaşlı həvəskarlara qədər geniş auditoriya üçün nəzərdə tutulub. Nəzəri materialların sadə və aydın dillə ifadə olunması məntiqi metodik strukturla yanaşı, gələcək ifaçıların notöyrənmə çətinliklərini qorxusuz dəf etmələrində onlara əvəzsiz yardımçı olacaq. Özünün 15 illik pedaqoji təcrübəsinə əsaslanan müəllif elə bir sistem təklif edir ki, təkcə texniki ifanı təkmilləşdirmir, həm də şagirdləri onlara ruhən yaxın olan musiqini əxz eləməklə, seçdikləri simli alətə sevgi aşılayır.
Cavid Bakının kitabı qlobal mədəni proseslər kontekstində yeni gitaraçılar nəslinin yetişməsi baxımından önəmlidir.
Əbülfəz BABAZADƏ