“Göy göl”dən ucalan səs

post-img

Bu obrazlı fikrin müəllifi ulu Nizami yurdundan pərvazlanmış musiqi sənəti fədaisi, Xalq artisti Şahnaz Haşımovadır. Onun şəffaf bulaq kimi çağlayan məlahətli səsinin məhz bu qədim şəhərin payına düşməsi biz gəncəlilər üçün fərəh qaynağıdır.

Şahnaz Həsən qızı Haşımova yarım əsrdir ki, oxuyur, səsi ilə hər kəsi heyrətləndirir. İlk musiqi təhsilini Qənbər Hüseynli adına Gəncə Musiqi Məktəbində alıb. Bir neçə il dalbadal bədii özfəaliyyət kollektivlərinin “Oxu, tar” festivalının iştirakçısı olub. 1975-ci ildən “Göy göl” ansamblının solisti kimi fəaliyyət göstərib. Sonra 9 il Gəncə Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri olub. 2000-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə isə Prezidentin Fərdi təqaüdünə layiq görülüb. Bu gün filarmoniyada sənət yaradıcılığı ilə yanaşı, Gəncə Musiqi Kollecində pedaqoji fəaliyyətini davam etdirir. Ünlü sənətkarın “Mən dərdimi mahnılara danışdım”, “Vətən, sən güman yerimsən”, “Yaz yağışı” adlı şeir kitabları da nəşr olunub.

Sənətə ilk gəlişini xatırlayan Şahnaz Haşımova söhbətlərinin birində deyib: “Biz o zaman populyarlıq barədə fikirləşmirdik. Hətta qızlar müğənni olmaqdan çəkinirdilər, onları yalvar-yaxarla sənətə gətirirdilər. Mənimsə səsim olduğuna görə Gəncənin Toxuculuq sarayında öz yoldaşlarımla dərnəyə gedirdim. Gəncədə hər il mayın 19-da mahnı bayramı keçirilirdi. Bütün mədəniyyət ocaqlarında konsertlər təşkil olunur, gənc istedadlar üzə çıxarılırdı. Nəriman Məmmədovun məşhur “Analar” mahnısını oxuyandan sonra Fikrət Verdiyev məni yeni yaratdığı “Göy-göl” ansamblına solist kimi dəvət etdi”.

Xalq artisti Şahnaz Haşımova beləcə püxtələşərək tanınıb. Respublikamızın hüdudlarından kənarda da milli musiqimizin, muğamatımızın təbliğində xidmətlər göstərib. Onun ifasında muğamlarımız öz orijinallığını, koloritini qoruyub saxlamaqla milli musiqi mədəniyyətimizin əvəzsiz təməli olaraq təqdim edilib. Sözsüz ki, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Bu baxımdan Şahnaz xanımın xüsusi üstünlüyü var, dinləyicini sehrli aləmə qovuşdurur. Azərbaycan televiziyası və radiosunun xəzinəsi olan “Qızıl fond”da saysız-hesabsız lent yazıları mənəvi sərvət kimi qorunub saxlanılır. Onun zəngin repertuarında “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Dəstgah” kimi muğamlarımızla yanaşı, “Uca dağlar”, “Qaragilə”, “Şuşanın dağları” xalq mahnıları, eləcə də Azərbaycan bəstəkarlarının, türk, fars, tacik, əfqan, ərəb və başqa xalqların mahnıları da əsas yer tutur.

Bu gün ötənləri xatırlayan xalq artisti Şahnaz Haşımova sənət uğurlarının qazanılmasında ailə üzvlərinin də xüsusi yeri olduğunu qeyd edir: “Evimizdə mənə xüsusi diqqət və qayğı vardı. Hətta mən məşq edəndə valideynlərim heç kimi otağıma buraxmazdılar ki, mane olmasınlar. Bacım Aybəniz uşaq vaxtı çox dəcəl idi. Otaqdakı stolun altına girib gizlənirdi ki, mənə qulaq asa bilsin. Onda ağlıma gəlməzdi ki, o da mənim kimi müğənni olacaq. Sonra ifa bacarığını nəzərə alıb onu musiqi məktəbinin fortepiano sinfinə qoyduq”.

Şahnaz Haşımovanın sənət yolu heç də hamar olmayıb. Ona paxıllıq edənlər, hər vəchlə yaradıcılıq uğurlarına mane olmaq istəyənlər də vardı. O isə hər zaman xeyirxah insanlara güvənib. Onları bu gün də böyük minnətdarlıqla xatırlayır. Bu barədə dedikləri: “Süni maneələr ucbatından bəzən həvəsdən düşür, hətta doğma Gəncəmdən çıxıb getməyi də fikirləşirdim. Yaxşı insanlar qoymurdular. Bir ara “Göygöl”dən ayrılmağı qətiləşdirəndə həyat yoldaşım, Əməkdar artisti Eldar Abdullayev “Şərəfxanlı El nəğmələri” Teatrının binasında “Yeni Gəncə” adlı ansambl yaratdı ki, bekar qalmayım. O zaman Aybəniz də mənə dəstək olmaq üçün Bakıdan gəlib bir müddət Gəncədə, mənim yanımda qalmalı oldu”.

Deyirlər, yaş artıqca insan müdrikləşir, geri dönüb ötən illərə baxır, atdığı addımların düzünə-səhvinə nəzər yetirir. Belə anlarda insanın əzizləri, dostları ona daha çox dayaq olur. Bu gün mehriban, xoşbəxt ailə, 2 övlad, 6 nəvə sahibi olan Şahnaz Haşımova öz sənət sevgisini elə bu sağlam təməllər üzərində qoruyub saxlayır. Həyat yoldaşı –- kaman ustası Eldar Abdullayev və oğlu – Əməkdar artist Tural Abdullayevlə birgə bu sənət yollarında inamla addımlayır. Yaradıcılıq zirvəsinin ucalığında, müqəddəs saydığı səhnənin varlığında dayanaraq: “Sənət zirvəmdir, səhnə ucalığım” deyir.

Anar Ərtoğrul BURCƏLİYEV

Mədəniyyət