Tofiq Nəcəfli – 65
Azərbaycanın elmi-mədəni ictimaiyyəti, milli tarixçilər ailəsi AMEA Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, BDU-nun dosenti Tofiq Nəcəflinin 65 illik yubileyini alimin həyat və yaradıcılığına həssas münasibəti, elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət əlaməti ilə qeyd edir.
Tanınmış milli tarixçimiz, Azərbaycan tarixinin ümumtürk arealında araşdırıcısı Tofiq Hümbət oğlu Nəcəfli 1960-cı ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssis 1994-cü ildə AMEA Tarix İnstitutunun aspiranturasında “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında” mövzusunda namizədlik, 2017-ci ildə “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti müasir Türkiyə tarixşünaslığında” adlı doktorluq dissertasiyaları müdafiə edib.
Tarixçi–alim ötən illərdə Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində pillə-pillə yüksəlib, 2010-cu ildən isə bu elm ocağında elmi işlər üzrə direktor müavinidir. Uzun illər onunla birgə çalışmış, elmi prinsipinə, insanlıq keyfiyyətlərinə yüksək qiymət verən həmkarları əlamətdar yubileylə bağlı duyğu-düşüncələrini redaksiyamıza ünvanlayıblar.
Tarix elmləri doktoru, dosent Xeyirbəy Qasımov:
– Tofiq Nəcəflinin Tarix və Etnologiya İnstitutundakı 35 illik fəaliyyəti sübut edir ki, o həm özünə, həm də həmkarlarına çox diqqətlə yanaşan, işgüzar, zəhmətkeş bir alimdir, özündə olan müsbət keyfiyyətləri hamıda görməyi arzulayan şəxsdir. O, 1990-cı ildə “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə aspirant kimi gələndə orada Oqtay Əfəndiyev, Şahin Fərzəliyev, Mikayıl Heydərov, Sara Aşurbəyli, Elmira Mirzəyeva, Seyidağa Onullahi, Vaqif Piriyev, Nərgiz Əliyeva, Şükufə Məmmədova, Fəridə Məmmədova kimi tarixçilər çalışırdılar.
Çoxcildlik “Azərbaycan tarixi”nin nəşrə hazırlanması işi məhz həmin məqamda başlamışdı. Bu prosesdə tərcümə, redaktə işinə xeyli ehtiyac var idi və bu işdə Tofiq Nəcəfli ilə birgə çalışmağımızı məmnunluqla xatırlayıram. 65 yaşlı həmkarıma hər şeydən öncə sağlam ömür, yeni elmi uğurlar arzu edirəm.
Tarix elmləri doktoru, dosent Ramil Ağayev:
– Mən 1995-ci ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasını bitirdikdən sonra “Azərbaycanın Orta əsrlər tarixi” şöbbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayandan Tofiq müəllimin mənə və digər əməkdaşlara qarşı həmişə xeyirxah münasibət inin şahidi olmuşam. Dissertasiya və məqalələrin müzakirəsində verdiyi məsləhətlər mənə ciddi dəstək olub. Sonra Tofiq müəllim şöbəmizin müdiri oldu.
Tofiq müəllim Azərbaycanın orta əsrlər tarixi üzrə aparıcı mütəxəssislərindən biridir. Onun Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə bağlı yazdığı monoqrafiya və məqalələrin elmi dəyəri böyükdür. Tofiq Nəcəfli Azərbaycan tarixinin Türkiyə tarixşünaslığı sahəsində başlıca mütəxəssisdir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn:
– Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə təyinatımı aldıqda həmin şöbənin əməkdaşı olan Tofiq Nəcəfli artıq namizədlik dissertasiyasını uğurla müdafiə etmiş gənc və çox perspektivli tədqiqatçı kimi özünü təsdiqləmişdi. Ötən illərdə paralel olaraq, bir sıra digər elm və təhsil ocaqları, ictimai birliklər ilə səmərəli əməkdaşlıq etməsinə baxmayaraq, Tofiq müəllimin sıx bağlandığı və demək olar ki, həyatının böyük hissəsini həsr etdiyi ocaq institutumuzun Orta əsrlər tarixi şöbəsi olub. Belə bir elmi mühitdə savadı və zəhməti sayəsində pillə-pillə yüksəlmiş və hazırda doğma şöbənin müdiri vəzifəsində çalışan Tofiq müəllim direktor müavini kimi də fəaliyyətini çox uğurla icra edir. Bir tədqiqatçı–alim kimi də Tofiq müəllimin Azərbaycan tarixşünaslığına verdiyi töhfələr çox dəyərlidir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Sahibə Budaqova:
– Son illərdə “Tarixi cografiya” elmi qrupunun rəhbəri kimi Tofiq müəllimin başçılıq etdiyi şöbənin nəzdində fəaliyyət göstərirəm. Bu illər ərzində Tofiq müəllimin tarixi hadisələrə elmi baxışı, münasibəti, məsuliyyəti və şöbəyə rəhbərlik bacarığı həm kollektivimizə, həm də gənc nəslə gözəl nümunə olub. O, elmi konfranslarda, tədbirlərdə tariximizin ən keşməkeşli dövrü – Orta əsrlərə aid olan elmi cəhətdən son dərəcə zəngin və dolğun yazılmış məqalələri, çıxışları ilə diqqəti cəlb edir və həqiqi alim kimi tarixi həqiqətləri xalqımıza cəsarətlə çatdırır.
Naxçıvan Dövlət Universitetinin dəvəti ilə bərabər iştirak etdiyimiz beynəlxalq konfransda da Tofiq müəllimin qayğıkeş yol yoldaşlığının şahidi oldum. Tofiq müəllim, bu 65 illik yubileyiniz ömrünüzün ən parlaq, ən dəyərli anlarından biri olsun!
Tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağayarlı:
– Tofiq Nəcəfli Azərbaycan tarix elminin bütöv bir dövrünü simvolizə edən alimlərdəndir. O, keçmişə baxışda milli şüurun, dövlətçilik düşüncəsinin harmoniyasını yaradan bir tədqiqatçıdır. Tofiq müəllim kimi alimlər Azərbaycan tarixinin təməl yaddaşını qoruyan insanlardır. O, elmi yaradıcılıq və həyat yolunda zəngin irs, vətənpərvər alim örnəyi ilə tanınır. Tofiq müəllimə elmi yaradıcılıq fəaliyyətində davamlı uğurlar və yeni elmi nailiyyətlər arzulayıram.
Dəyərli tarixçi, gözəl insan, çevrəsindəki insanların qəlbində xoş təəssürat qoyan Tofiq Nəcəflinin həmkarlarının ürək sözləri onun canlı və dolğun portretini yaradır. Belə alimlər bizə çoxminillik tariximizi tanıdıb sevdirməklə sabahımıza gedən yolumuzu da zəkaları ilə nurlandırırlar.
Hazırladı:
Tahir AYDINOĞLU
XQ

