Düz 81 il öncə – 1943-cü ildə, bir payız günü Qubada dünyaya göz açan Vaqif Əlixanlı dünən – çiskinli bir payız günü Bakıda həyata əlvida dedi. Azərbaycan Radiosu və Televiziyasında, digər TV-lərdə yaddaqalan verilişləri, “Qobustan” dərgisində maraqlı yazıları, “Azərbaycanfilm”də çoxsaylı ssenariləri, tərcümələri ilə tanınan istedadlı qələm sahibi bizləri cismən tərk etsə də, daim ən xoş və kövrək xatirələrlə anılacaq.
Teatrda, televiziya sənətində, radioda, rəssamlıqda, tərcümə və dublyaj sahəsində yorulmaz fəaliyyəti ilə nümunə olan, qənimət ziyalılarımızdan sayılan Vaqif Əlixanlının özünün bir müsahibəsində dediyi kimi, nəsil şəcərəsi Fətəli xanla başlayıb. XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsinin kötükcəsi olması ilə fəxr edib. Onun nümunəvi davranışları, saf ziyalı mövqeyi ilə seçilməsi də, yəqin ki, bununla bağlı idi.
Vaqif Əlixanlı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirmişdi. Radiodakı “Bulaq”, “Dünyanı bəzəyənlər”, televiziyadakı “Palitra”, “XX əsr incəsənəti”, “Qırxıncı otaq”, “Sarı sim”, “Nəbz” verilişləri, “Rənglər” silsilə hekayələri həmişə maraqla qarşılanıb. Bir ara Mədəniyyət Nazirliyində əvvəlcə “İncəsənət və teatr” şöbəsinin baş redaktoru, sonra “Teatr və konsert müəssisələri” idarəsinin rəisi olub, Rusiya, Yaponiya, Nörveç, Türkiyə və başqa ölkələrdə respublikamızı layiqincə təmsil edib. “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Onun ədəbiyyata sevgisi xüsusilə böyük idi. Bir neçə il Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinə rəhbərlik edib, gözəl bədii tərcümələr edib, müəllifi olduğu “Əkmə qəm ağacı” kitabı ədəbi cameədə təqdir olunub. “Qarğa piri” əsəri mifoloji aspektdə yazılmış sanballı nümunədir. Ötən il işıq üzü görən “Söz və qələm” tərcümə jurnalı da Vaqif Əlixanlının rəhbərliyi ilə yola çıxmışdı.
2011-ci ilə Dövlət Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının “Əcəl atı” əsərini tamşaya qoyub. Əsər Azərbaycan Televiziyasında da nümayiş etdirilib. Təəssüf ki, bunun üstündən nəhs 13 il keçəndən sonra əcəl atı onun özünü götürüb apardı.
Qələminin işığı, düşüncəsinin genişliyi, dərin vətənsevəliyi ilə seçilən Vaqif Əlixanlının xatirəsi daim onu sevənlərin ürəyində yaşaycaq.
Allah rəhmət eləsin.
XQ