16 Oktyabr Ümumdünya Çörək Günüdür
Çörəyi süfrələrin şahı, müqəddəs nemət adlandırıb, hər şeydən uca tutublar. Çörək and yerimiz sayılıb. Mərhum şair Ənvər Rzanın çörək haqqında yazdığı şeirdə deyildiyi kimi:
Çörəyi hər şeydən müqəddəs sanıb,
Çörəyə and içib bizim babalar.
Kəsdiyi çörəyi ayaqlamayıb
Çörək tapdanarsa, bizdə qan olar.
Doğrudan da babalarımız çörəyi həmişə urvatlı tutublar. Çörəyin bir tikəsi yerə düşəndə onu götürərək öpüb gözlərinin üstünə qoyublar, heç vaxt çörək süfrəsinin üstündən adlayıb keçməyiblər. Kitablar içərisində ən qiymətlisi “Quran”, nemətlər içərisində isə çörəkdir.
Ana torpağın qapqara şumlanmış sinəsinə toxum düşür. Əkinçi əllərinin hərarəti, alın təri ilə aylarla onun nazını çəkir, gübrəsini verir, malasını çəkir, suvarmasını aparır. Torpaq qar yorğanını başından atan kimi tarla nəhəng bir səməni boşqabını xatırladır.
Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir. Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun və heç də asan olmayan bir yol keçir.
Çörək indiyədək bəşəriyyətin istehsal etdiyi ən yüksək dəyərə malik və heç nə ilə əvəz olunmayan bir nemətdir. Bu gün bağçaya gedən uşaq da, məktəbə ayaq döyən şagird də, ali məktəbə üz tutan tələbə də onun necə ağır və məşəqqətli bir kəndli əməyi hesabına süfrənin üstünə gəlib çıxdığını bütün incəliyi ilə bilməlidir.
Çox da ki, onlar özləri yaşda uşaqların cütboyun öküzlərin boynuna mindirilərək cüt əkildiyini, tarlada qalan bir dəstə sümbüldən, xırmana daşınan arabadan yerə tökülən bir xışma buğdadan ötəri kolxoz sədrinin qırmancının ağrısını duymayıblar.
Çox da ki, onlar aclıq-qıtlıq vaxtı bir loxma çörək üçün körpələrin səhərədək zar-zar ağladığından, günlərlə ac qalan adamların qədimi çəki tərəzisinin üstündə tökülüb qalan un tozunu dilləri ilə yaladıqlarından xəbərsizdirlər, talonla çörək satılan Böyük Vətən müharibəsi günlərini, ötən əsrin 90-cı illərinin uzun çörək növbələrini yaşamayıblar.
Çox-çox şükürlər ki, indi mağaza piştaxtalarında çörəyin çeşidi çox genişdir: ağ çörək, “Borodino” çörəyi, “İvanovka” çörəyi, baton çörək, dənli çörək, zavod çörəyi, təndir çörəyi, kəpəkli çörək, çovdar çörəyi, çəltik çörəyi, qarğıdalı çörəyi, qara çörək, lavaş, qozlu çörək, südlü çörək, fətir, fəsəli, yuxa...
Lakin təəssüf ki, min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qədrini, dəyərini çox vaxt lazımınca bilməyənlər də var. Belə olmasaydı, hər gün mağazalardan alınan çörəklər kif atandan, quruyandan sonra zənbil-zənbil toplanıb zibil yeşiklərinin kənarına yığılmazdı, mərasim və məclislərdə, ələlxüsus toy şənliklərində kiloqramlarla çörək israf edilməzdi…
Qədim bir rəvayətdə deyilir ki, evində çörəyi yığıb-yığışdıra bilməyən bir ailə başçısı Allah-təalanın yanına gedərək onun çörəyini bir az azaltmağı xahiş edir. Allah-təala ona deyir ki, get, evdə yuxa bişir.
Kişi evə gələrək həyat yoldaşına evdə külfətin hər bir üzvü üçün bir önlük tikməyi tapşırır. Önlüklər tikilib hazır olandan sonra həyat yoldaşı sacda yuxa bişirir. Uşaqlara da tapşırır ki, yuxanı yeyəndə önlüyü qarşınıza tutun ki, ovulub tökülənlər oraya yığılsın, sonra ovulub tökülən yuxa qırıntılarını də ovuclayıb yeyin. Elə edin ki, yuxadan bir qram da itkiyə getməsin, qəhr olmasın.
Belə də edirlər, evdə hamı yuxanı yeyəndən sonra ovuntusunu önlüyün arasından yığıb yeyir, zay olmasına imkan vermirlər. Ailə başçısı baxır ki, evdə un dolu kisələr, təhnədə çörək aşıb daşır. Evdə çörək azalmır ki, artır.
Yenidən Allah-təalanın yanına gedib ona üz tutur. Böyük Yaradan ona deyir ki, ağsaqqal, sənin çörəyin heç vaxt azalmayacaq, həmişə bol olacaq. Çünki sən çörək qədri bilən kişisən.
Kaş bu müqəddəs nemətə qarşı hər kəsin qəlbində evində yuxa bişirtdirən həmin o külfət sahibi qədər hörmət və ehtiram olaydı. Onda əlbəttə ki, təndirimiz bərəkətdən düşməzdi. Təhnəmiz çörəklə bol, süfrəmiz ruzulu olardı. Çörəklə imtahana çəkilməzdik.
Böyük Səməd Vurğunun məşhur misrası bax buna görə dillər əzbəridir: “Çörək bol olarsa, basılmaz Vətən!”
Süleyman QARADAĞLI