Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

post-img

İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi müzakirə olunub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

XQ xəbər verir ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə biznesin inkişafı, qeyri-neft-qaz sektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi, sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsi haqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış və imkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorun əhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi və  innovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub. 

Tərəflər “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib.



İqtisadiyyat