Azərbaycan Prezidenti İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, tanınmış şair, maarifçi və ictimai xadim Seyid Əzim Şirvaninin yubileyinə həsr olunan növbəti tədbir bu dəfə onun doğulub boya-başa çatdığı Şamaxıda keçirilib.
XQ xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, AMEA və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə iştirakçılar və qonaqlar böyük maarifçinin xatirəsinə ehtiram əlaməti olaraq Seyid Əzim Şirvaninin məzarını ziyarət ediblər.
Daha sonra Şamaxı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları dahi şairin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı bədii-sənədli filmi izləyiblər. Filmin müəllifi, AzTV-nin “Sabah” yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev filmin ərsəyə gəlmə prosesi və yaradıcı heyətin məqsədi barədə iştirakçılarla maraqlı fikirlər bölüşüb.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Seyid Əzimin poeziyasının ana dilinin saflığı, maarifçiliyin ruhu və insanpərvər ideyalarla yoğurulduğunu xüsusi vurğulayıb. O, şairin bir sıra qəzəllərini səsləndirərək tədbirə poetik ruh və səmimiyyət qatıb.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, eləcə də filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış ediblər.
Çıxış edənlər Seyid Əzim Şirvaninin Azərbaycan ədəbi və ictimai fikir tarixində tutduğu mühüm yerə, onun maarifçilik ideyalarının bu gün də aktuallığını itirməməsinə diqqət çəkiblər. Natiqlər qeyd ediblər ki, Seyid Əzim sadəcə bir şair deyil, həm də millətin düşüncəsini dəyişməyə, cəmiyyətin irəliləməsinə çalışan bir ziyalı idi. Onun maarifçilik ideyaları, xalqın mənəvi yüksəlişinə xidmət edən əsərləri bu gün də yeni nəsillərə yol göstərən mənəvi mayak kimi dəyərlidir.
Tədbirin bədii hissəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” instrumental ansamblının müşayiəti ilə tanınmış sənətkarlar – Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adıgözəlov və Teymur Əziz şairin qəzəllərinə bəstələnmiş muğam parçalarını ifa ediblər. Tanınmış bədii qiraətçi Hüseynağa Aslanovun səmimi və təsirli ifasında səslənən qəzəllər isə dinləyiciləri XIX əsr Şamaxısının mənəvi mühitinə, Seyid Əzimin söz dünyasına aparıb.









