Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

post-img

Bu günlərdə İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən “Məhkəmələr arasında transmilli dialoqun təşviqi” mövzusunda Əqli Mülkiyyət Hakimlərinin Forumu keçirilib.

XQ xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən hakimlər və milli əqli mülkiyyət qurumlarının nümayəndələri bir araya gələrək əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qabaqcıl məhkəmə təcrübələrini müzakirə ediblər. Forumda Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva və Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdirinin müavini-sektor müdiri Nailə Nəsibova iştirak ediblər.

İki günlük beynəlxalq tədbir çərçivəsində sənaye mülkiyyəti, dərman vasitələrinin patentləşdirilməsi, geniş tanınmış əmtəə nişanları, sübutlarla iş, müəlliflik və əlaqəli hüquqlar, şəxsi hüquqlar, ÜƏMT-nin hakimlərlə əməkdaşlığı, mülki işlərdə zərərin hesablanması və digər mövzulara toxunulub.

Forumun sessiyaları zamanı müxtəlif ölkələrin məhkəmələrinin qabaqcıl təcrübələri və bu sahədə mövcud olan müasir çağırışlar barədə təqdimatlar edilib, süni intellekt tərəfindən yaradılmış məhsullarla bağlı məhkəmə mübahisələri geniş müzakirə olunub.







Sosial həyat