İsa Həbibbəyli-75.
“Millət fərdlərin deyil, mərdlərinin sayı ilə güclü olur” (M. İsmayıl).
Xalqın milli-mənəvi dəyərlərinin yaradılmasında, komplektləşdirilməsində, tanıdılmasında, nəsillər arasında milli bağın, əlaqə körpüsünün qurulmasında, milli yaddaşın nəsildən-nəsilə ötürülməsində elm-düşüncə, nur adamlarının-ziyalıların rolu böyükdür. Ta qədimlərdən amalı, əqidəsi, əməli üst-üstə düşən, həyat yolunu elminin nuru ilə işıqlandıran, bu nurdan millətdaşlarına da pay ayıran ziyalıları xalq özünün milli sərvəti hesab edib, yüksək dəyərləndirib, elmi-bədii irsindən zaman-zaman bəhrələnib, minnətdarlıq duyğularını zamanın yaddaşında əbədiləşdirib. Azərbaycan xalqının tarixində millətinin yolunu elminin nuru ilə şölələndirən işıqlı insanlar çoxdur. Bu gün ömrünün 75 illik zirvəsini yaşayan akademik İsa Həbibbəyli milli-mənəvi, şəxsi bacarıqlarına, əldə etdiyi uğurlara, elmi-yaradıcı fəaliyyətinə görə xaqlqımızın qürur duyduğu, məhəbbət və güvən bəslədiyi insanlardandır, ziyalılar ziyalısıdır, ruhən, qəlbən saf olan ideya, söz, ruh adamıdır, nurlu düşüncə sahibidir.
Əslində 75 yaşa çatmaq, bu qədər ömür yaşamaq hünər deyil, bu, bir Allah qismətidir. İsa müəllimi digər yaşıdlarından ayıran əsas məqam uca xaliq tərəfindən ona ayrılan ömür payını ziyalı kimi yana-yana, mənalı yaşamında, pak, təmiz amalındadır, bu illər ərzində qazana bildiyi yüksək ehtiramdadır, el məhəbbətindədir. İsa Həbibbəylinin 75 illik ömründə araşdırılası, söz açılası məqamlar o qədər çoxdur ki, hardan başlayıb harda qurtarmaq hünər istəyir, bütün bunları bir yazıya sığışdırmaq, bu dəyərli ziyalının qazandığı uğurları tamlığı ilə əks etdirmək sadəcə mümkünsüzdür. Və yəqin ki, çoxsaylı yubiley yazılarında, təbriklərində İsa Həbibbəylinin mənalı ömür yolu, elmi və bədii yaradıcılığı müxtəlif rakurslardan, baxış bucaqlarından hərtərəfli təhlil olunacaq, araşdırılacaq, dəyərli fikirlər səslənəcək, yazılacaq.
Qeyd edək ki, akademik İsa Həbibbəyli hər şeydən əvvəl, məhsuldar ədəbiyyatşünas alimdir. Bu gün akademik İsa Həbibbəyli imzası Azərbaycan ədəbiyyatşünaslıq elminin baş imzasıdır desək yanılmarıq. Azərbaycan ədəbiyyatının elə bir tanınmış siması, ədəbi hadisəsi yoxdur ki, akademik İsa Həbibbəylinin onunla bağlı araşdırması, təhlili-tənqidi yazısı, münasibəti, rəyi olmasın. Azərbaycan ədəbiyyatşünaslığının son 50 ili bu işıqlı insanın ömründən, qələmindən keçib. Ədəbiyyatşünas alim XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şaxtaxtinski irsinin ilk araşdırıcılarındandır, ədəbiyyatımızda romantik poeziyanın nəzəri problemlərinin tədqiq edilməsi kimi çətin tədqiqat işi onun gərgin elmi fəaliyyətinin bəhrəsidir. Ağır vəzifə yükünə, sıx və gərgin iş rejiminə baxmayaraq (Akademik İ. Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktorudur, bir neçə çağırış Milli Məclisin deputatı olub) bu yaradıcı insan yazmaqdan heç vaxt usanmır, klassik ədəbiyyatımızla yanaşı müasir ədəbi prosesi də daima diqqətində saxlayır, təhlili-tənqidi yazıları ilə yaradıcı gənclərə yol göstərir, müasir ədəbiyyatşünaslığın elmi bazasını yaradır.
Akademik İsa Həbibbəylinin ədəbiyyatşünas alim kimi elmi yaradıcılığı çoxşaxəli, zəngin olduğundan və 50 illik zamanı əhatə etdiyindən bu fəaliyyəti tamlığı ilə bir məqalədə verməyi mümkünsüz hesab edir, böyük elm adamından ancaq qüdrətli söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar irsinin aradırmaçısı kimi söz açmaq istəyirik. Dəyərli ədəbiyyatşünas alimin Cənubi Azərbaycan ədəbiyyatı, onun ünlü şəxsiyyətləri, nümayəndələri ilə də bağlı “Ustad Məhəmmədhüseyn Şəhriyar( Bakı, “Elm”, 1999), “Şəhriyar dünyası (I nəşr).( İran, Zufa yayınları, 2000), “Şəhriyar dünyası (II nəşr). (İran, Zufa yayınları, 2002) kitabları, 100-lərlə elmi məqalələri, bədii-publisistik yazıları onu göstərir ki, akademik İsa Həbibbəylinin ədəbiyyatçünas alim kimi fəaliyyəti təkcə Şimali Azərbaycanla məhdudlaşmamış, o, Cənubi Azərbaycandakı ədəbi prosesi də daim diqqətdə saxlamışdır və bu istiqamətdə elmi araşdırmalarını bu gün də davam etdirir. Cənubi Azərbaycan ədəbiyyatının ünlü siması, söz mülkünün sultanı adlandırılan M. Şəhriyarın yaradıcılığının türk dünyasında, ölkəmizdə tanıdılmasında, təbliğində, bədii irsinin araşdırılmasında akademik İ. Həbibbəylinin bir alim kimi xidmətləri danılmazdır.
Elə məhz buna görə də İsa Həbibbəyli 2015-ci il sentyabrın 15-də İran İslam Respublikasının Təbriz şəhərində Seyid Məhəmmədhüseyn Şəhriyar irsinin tədqiqatçısı kimi “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” ilə təltif edilib. Dəyərli alim bu mükafata öz elmi tədqiqatında ustad şairin yaradıcılığını əhatəli təhlil və tədqiq etdiyi üçün layiq görülüb. Xatırladaq ki, 2016-cı il sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ustad sənətkar Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş "Məhəmməhdüseyn Şəhriyarın sənət dünyasının üfüqləri" mövzusundakı elmi-praktik konfransdakı çıxışında akademik İsa Həbibbəyli Şəhriyar yaradıcılığının bədii, milli, bəşəri dəyərlərindən söz açarkən bildirib ki, şairin poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəb ilk növbədə, M. Şəhriyar şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyətidir və bu səbəbdən qüdrətli söz ustadının ana, Vətən, təbiət, məhəbbət, ayrılıq və sair mövzularda qələmə aldığı poetik nümunələr təkcə İranda deyil, bütün türk dünyasında, o cümlədən, Azərbaycanda dillər əzbəri olmuşdur.
Akademik İsa Həbibbəylinin 1999-cu ildə nəşr etdirdiyi “Ustad Məhəmmədhüseyn Şəhriyar (Albom-monoqrafiya)” bu gün də söz sərrafının irsini araşdıran tədqiqatçıların, Şəhriyar şeirinin həvəskarlarının stolüstü kitabı olaraq qalır. Xatırladaq ki, bu monoqrafiya “M. Şəhriyarın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 29 oktyabr 1997-ci il sərəncamına cavab olaraq yazılıb. Albom-monoqrafiyada İsa Həbibbəyli təkcə M. Şəhriyarın həyat və yaradıcılığını araşdırmaqla kifayətlənməmiş, dostlarının, yaxınlarının, müasirlərinin Şəhriyarla bağlı xatirələrini, fotolarını, ailə albomundan seçmələri, ustad sənətkarın ən populyar şeirlərini, Azərbaycan, türk və dünya ədəbiyyatında şair haqqında çap olunmuş kitablar barədə məlumatları üz qabıqlarının təsvirləri verilməklə kitaba daxil etmişdir. Topluya M.Şəhriyarın həyatının və yaradıcılıq yolunun həmin dövrə qədər ədəbiyyatşünaslığımıza bəlli olmayan maraqlı tərəfləri, yenilikləri, Cənubi Azərbaycan ədəbiyyatının tanınmış siması Bulud Qaraçörlü Səhəndin şairə ithafən yazdığı “Hörmətli ustad böyük Şəhriyara” məktubu, şairin Azərbaycan şeirinin “Vətəniyyəsi “ hesab etdiyi “Səhəndiyyə” poeması, 1998-ci ilin aprelində İranda Beynəlxalq Şəhriyar Konqresində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı məlumatlar, tədbirlə bağlı ölkə mediasında və xarici KİV-lərdə çap olunan yazılar və s. daxil edilib. Monoqrafiyada M.Şəhriyarın həyatı və yaradıcılığı, mühiti, ailəsi, dostları barədə ətraflı məlumat verilmiş, şairin anadilli əsərlərindən (“Heydərbabaya salam”, “Səhəndiyyə”, “Türkün dili”, “Can Rüstəm”, “Azadlıq quşu “Varlıq”, “Qardaşım Süleyman Rüstəmə”) nümunələr nəşrə daxil edilmişdir. Nəzərə alaq ki, albom-monoqrafiyada əksini tapan materialların əksəriyyəti ilk dəfə çap olunub,bir tədqiqatçı alim kimi İ.Həbibbəylinin araşdırmasının nəticəsi, tapıntısıdır.
Qeyd etmək yerinə düşər ki, monoqrafiyanın Şəhriyar irsinin araşdırıcıları üçün bir özəl xüsusiyyəti də kitabın “Əlavələr” bölməsində Məmmədəmin Rəsulzadənin M. Şəhriyarın məşhur “Heydərbabaya salam” poeması haqqında yazdığı “Ədəbi bir hadisə”, prof. Əhməd Cəfəroğlunun “Şair Şəhriyar” məqalələrinin yer almasıdır. Unutmaq olmaz ki, sözügedən hər iki məqalə M. Şəhriyar yaradıcılığının tədqiqində böyük əhəmiyyətə malikdir, şairin anadilli ədəbi irsi barədə ilk akademik tədqiqatlardan hesab olunur və şairin türk dünyasında, o cümlədən Azərbaycanda tanıdılmasında rolu danılmazdır.
M. Şəhriyar irsinin Azərbaycan dilində nəşr edilib oxuculara çatdırılmasında akademik İsa Həbibbəylinin fəaliyyətini xüsusi qeyd etmək vacibdir. Şəhriyarşünas alim kimi İ. Həbibbəylinin 2004-cü ildə tərtib edib ön söz yazdığı “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri” kitabına şairin 80-dən yuxarı Azərbaycandillli, 100-ə qədər farscadan dilimizə tərcümə edilən əsəri daxil edilmişdir.
Xatırladaq ki, “Elm və təhsil” nəşriyyatında 2017-ci ildə nəşr edilən “Məhəmmədhüseyn Şəhriyar. “Əbədiyyət gülüyəm mən” (M.Şəhriyarın Azərbaycan dilində yazdığı əsərləri)” kitabının da redaktoru akademik İsa Həbibbəylidir. Qeyd edək ki, sözügedən toplu M.Şəhriyarın əvvəlki nəşrləri və digər mənbələr əsasında tərtib edilərək geniş izah və şərhlər yazılmış ən mükəmməl nəşr hesab olunur. Bu nəşrə şairin 95 anadilli əsəri daxil edilmişdir ki, bunların 66-sı beytlər, 27-si bəndlər şəklində olmaqla şeir, 2-si poemadır. Bu nəşrin ən özəl cəhəti ondadadır ki, bütün əsərlərin götürüldüyü mənbələr, nüsxə fərqləri göstərilməklə, hər bir əsər haqqında izahlar və şərhlər verilib, mütəxəssislər tərəfindən M.Şəhriyarın anadilli əsərlərinin elmi-tənqidi mətni hesab edilir.
Akademik İsa Həbibbəyli araşdırmalarında M. Şəhriyarın anadilli yaradıcılığına xüsusi yer ayırmış, şairin doğma dildə yazdığı şeir və poemalarını milli, bəşəri dəyərlərinə görə ətraflı təhlil etmişdir. Ədəbiyyatşünas alimin doğru qənaətinə görə, “Dillər əzbəri olan məşhur “Heydərbabaya salam” poeması ustad Məhəmmədhüseyn Şəhriyrın yaradıcılığının zirvəsidir. Fars dilində çoxcildlik divan yaratmasına və Azərbaycan dilində yazılmış milli şeirin klassik bədii nümunələrini yazmağa nail olmasına baxmayaraq, o, daha çox “Heydərbabaya salam” poeması ilə tanınıb göhrətlənmişdir”. Poemanın bədii məziyyətlərindən söz açarkən akademik İsa Həbibbəyli qeyd edir ki: “Şəhriyar ana dilini sadəcə tərənnüm etməmiş, böyük vətəndaş cəsarəti ilə doğma dilin mübariz keşiyində dayandığını bəyan etmişdir”. Tədqiqatçı alim çox haqlı olaraq qeyd edir ki, “Azərbaycan dilində yazılmış bu təsirli poema Vətən haqqında qüvvətli poetik simfoniya kimi səslənir”. Akademik İsa Həbibbəylinin “Heydərbabaya salam” haqqında söylədiyi fikirlər əsərin özü qədər dəyərlidir. Ədəbiyyatşünas alimin bu əsəri ana dilimizə qoyulan abidə adlandırması, “Məşhur “Heydərbabaya salam” poeması əslində Şəhriyar üçün həm də şeirlə yoğrulmuş möhtəşəm Ana dili abidəsi idi” deməsi onun Şəhriyar irsinə olan sonsuz sevgisindən doğurdu.
M. Şəhriyarla bağlı tədqiqatlarında akademik İsa Həbibbəyli qeyd edir ki, "Heydərbabaya salam" poeması XX əsr Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq nailiyyətidir. Şəhriyar şeirinin zirvəsi olan bu əsər çağdaş dünya bədii fikir xəzinəsinin mirvarisidir. Bu əsərə Azərbaycanda, Türkiyədə, İraqda, Orta Asiyada çoxlu nəzirə və bənzətmələr yazılmışdır. Bir sözlə, türk-müsəlman dünyası ədəbiyyatında "Heydərbabaya salam" poeması qədər bənzətmə və nəzirələr həsr olunmuş ikinci bir əsər tapmaq çətindir. Artıq milli şeirimizdə Heydərbaba üslubu formalaşmaqdadır. "Heydərbabaya salam" poeması ustad Şəhriyar poeziya məktəbinin bənzərsizliyini və həmişəyaşarlığını qəti şəkildə təsdiq etmiş əsər kimi mühüm ədəbi-tarixi əhəmiyyətə malikdir".
Tədqiqatçı alim İ. Həbibbəyli Seyid Məhəmmədhüseyn Şəhriyarın anadilli yaradıcılığını araşdırarkən təkcə “Heydərbabaya salam” poeması ilə kifayətlənməmiş, onun B.Səhəndin çağırış ruhlu şeirinin təsiri altında yazdığı “Səhəndiyyə” poemasını ustad sənətkarın yaradıcılığında, ümumən Azərbaycan ədəbiyyatında ədəbi hadisə kimi qiymətləndirmişdir: “Səhəndiyyə” poemasını Şəhriyarın “Heydərbabaya salam” poetik silsiləsinin davamı, daha çox isə mənalı yekunu kimi də qəbul etmək olar... Məhəmmədhüseyn Şəhriyarın “Səhəndiyyə” poeması Bulud Qaraçorlu Səhəndin məktubu ilə birlikdə Azərbaycan şeirinin təzə və mənalı bir “Vətəniyyə”sidir”.
Sədi Şirazi “Əsəri olmayan alimi barsız ağacdır” deyir. Bu cəhətdən akademik İsa Həbibbbəylinin bəxti gətirib. O, bu mənada əsl barlı bağban, yaradıcı insan, böyük ədəbiyyatşünas alim, vətənpərvər ziyalıdır. Hörmətli akademikin ədəbiyyatşünaslıq elminin müxtəlif sahələrinə aid çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 109 kitab olmaqla 800 elmi əsər (8 monoqrafiya, 2 dərslik, 6 dərs vəsaiti, 6 tanıtma kitabı, 7 albom- monoqrafiya, 8 broşura kitabı, 35 tərtib kitabıdır. İ.Həbibbəyli 147 kitabın elmi redaktoru, 53 kitabın rəyçisi, 7 layihənin rəhbəridir. Xaricdə çıxmış elmi əsərlərinin sayının 152, Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayının 237 olması onun məhsuldar, gərgin elmi fəaliyyətindən xəbər verir. Qeyd edək ki, akademik İsa Həbibbəylinin elmi rəhbərliyi altında 33 nəfər fəlsəfə doktoru, 16 nəfər elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir.
75 illik ömür, 50 illik yaradıcı fəaliyyəti dövründə akademik İsa Həbibbəyli demək olar ki, bütün təltiflərə, ali mükafatlara layiq görülüb, çox həmyaşıdlarının qibtə edə biləcəyi çox uğurlara imza atıb, beynəlxalq tədbirlərə qatılıb, dünya şöhrətli alim kimi tanınıb. Bu nurlu ziyalının təltifləri maşallah, o qədər çoxdur ki, onları bir yubiley məqaləsinə sığışdırmaq qeyri mümkündür.
Nazim Hikmət “Ən gözəl sözlər hələ deyilməmiş sözlərdir” deyir. Akademik İsa Həbibbəyli də yəqin ki, hələ çox dəyərli əsərlər yazacaq, böyük uğurlara imza atacaq, yeni tədqiqat əsərləri ilə ədəbiyyatşünaslığımızı zənginləşdirəcək. Dəyərli elm, sənət, düşüncə, söz adamını-əsl millət fədaisini 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, böyük Nizami Gəncəvinin ölməz misraları ilə xoş arzularımızı bildiririk:
Alimdir gözümdə ən əziz insan!
Elmlə, hünərlə! – Başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz!
Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.