“Qarabağ” ordenli şəhid

post-img

Həmid Cavanşir oğlu Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilinə Binəqədi rayonu, Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə başlasa da, sonradan anası və qardaşı ilə Şəkiyə köçüb. 2002-ci ildən təhsilinə Şəkidə davam edib və orta məktəbi 2006-cı ildə başa vurub. Hərbçi olmaq onun uşaqlıq arzusu olduğundan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseydə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində sevimli sənətinin dərinliklərinə yiyələnib.

Həmid Abbasbəyli ali hərbi təhsilini başa vurduqdan sonra Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib. Amma arzusu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək olub. Valideynlərinin sözlərinə görə, Həmid həmişə deyərmiş: “Mənim iki arzum var: biri hərbçi olmaq, biri də XTQ-də xidmət etmək”.

2015-ci ildə Həmid ərizə yazaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün təşkil edilən təlimlərə qatılıb. Ağır sınaqları, çətin təlimləri bacarıqla başa vurandan sonra XTQ-də xidmətə başlayıb. O, Aprel döyüşlərində iştirak edib və cəsarəti, bacarığı ilə seçilib. 4 xarici dil bilən Həmid Abbasbəyli Xüsusi Təyinatlı Qüvvələrdə baş leytenant rütbəsində hərbi fəaliyyətini davam etdirib. 2016–2017-ci illərdə Türkiyədə, 2017–2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birinciliklə başa vurub. O, həm də idmanla ciddi məşğul olub, boks və qaydasız döyüş üzrə yarışlarda da iştirak edib. Həmişə qələbə qazanıb.

Həmidin silahdaşı, qazi Sənan Zamanovun sözləri: “Mən 2015-ci ildə döyüş tapşırığı zamanı qəflətən minaya düşdüm. Partlayış nəticəsində sol ayağımı itirdim. Heç 1 dəqiqə keçməmişdi ki, o biri ayağım da minaya düşdü. Yarım saat ötdü, artıq düşündüm ki, şəhid oldum. Gözümü yumub gözlədim. Bir də gördüm ki, şıqqıltı səsi gəlir. “Kimsən? – soruşdum. Gur səs məni silkələdi: “Mənəm, Zamanov, Abbasbəyli Həmid. Bura qədər dözmüsən, sənə komandirin olaraq əmr edirəm: Ölmə!” Və məni çəkə-çəkə oradan çıxardı... Bu gün yaşayıramsa, ona borcluyam”.

Həmid Abbasbəyli həmişə seçilən hərbçilərdən olub. O, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində 2018-ci ildə iyunun 26-da Bakıda və Moskvada keçirilən paradlarda iştirak edib. Medallarla təltif edilib.

Ailəsi ilə son dəfə 2020-ci il sentyabrın 25-də görüşüb. Həmin gün qardaşını, nənəsini öpüb. Anasını öpəndən sonra qucaqlayıb bağrına basıb, xeyli beləcə dayanıb, qoxusunu özünə çəkərək “oxxay” deyib. Xeyli bir-birinə baxıblar, anasının xeyir-duasını dinlədikdən sonra qapıdan çıxıb.

Həmid müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Ayağından ağır yaralansa da, hospitalda yatmaqdan imtina edib və ilkin tibbi yardımdan sonra cəbhəyə qayıdıb. Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, Ərgünəş və Laçın dəhlizinə yaxın yüksəkliklərin işğaldan azad olunmasında qrup rəhbəri kimi böyük şücaət göstərib. Düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Onun komandirliyi altında olan əsgərlər deyirmişlər ki, döyüş tapşırığında kim Abbasbəylinin qrupuna düşürdüsə, rahat olurdu. Bilirdi ki, o, şəxsi heyəti sağ-salamat aparacaq, elə də geri qaytaracaq.

Həmid Abbasbəylinin son döyüşü oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarəti təmin edən yüksəklik uğrunda olub. Silahdaşları ilə düşmənin 500-dən çox canlı qüvvəsini məhv ediblər. Həmid həmin gecə qəhrəmancasına şəhid olub. Onun nəşi 3 gün neytral zonada qalıb. Oktyabrın 23-də şəhid Bakıya, doğulduğu evə gətirilib. Oktyabrın 24-də avtomobil karvanının müşayiəti ilə İkinci Şəhidlər Xiyabanında (indiki Hərbi Memorial Məzarlıqda) torpağa tapşırılıb.

Həmid subay idi. Ona “evlən”– deyən dostlarına deyibmiş ki, “həmişə istəmişəm ailəm olsun, kim istəməz ki? Müharibə bitsin, qayıdım, inşaallah, toy çaldıracağam”, amma o toy çalınmadı...

Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında igidlik və mərdlik nümunəsi göstərdiyinə, xidməti borcu və hərbi qulluq vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Həmid Abbasbəyli “Qarabağ” ordeni ilə, həmçinin “Vətən uğrunda”, Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Paytaxtın Xətai rayonunda şəhidin yaşadığı ünvanda xatirə lövhəsi qoyulub, şəhid bulağı inşa edilib.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat