Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı öz işinə başlayıb.
Ordubad şəhərində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ikigünlük festival-konqresinin rəsmi açılış mərasimi keçirilib. Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş bədii kompozisiya və I və II “Qərbi Azərbaycana qayıdış” konqres-festivallarını əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.
Vurğulayıb ki, bu məsələyə dövlət səviyyəsində daim böyük diqqət göstərən Ümummilli lider Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyini hər zaman diqqətdə saxlayıb, onların hüquqlarının müdafiəsini mühüm vəzifələrdən biri kimi müəyyən edib. Bu gün həmin siyasi kurs uğurla davam etdirilir. Yeni reallıqlar şəraitində Prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini milli gündəliyin mühüm istiqamətlərindən biri kimi müəyyən edib.
Səlahiyyətli nümayəndə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalının tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və gənc nəslin tarixi yaddaşının gücləndirilməsi baxımından uğurlu nəticələrlə yadda qalacağına əminliyini bildirib, konqres-festivalın işinə müvəffəqiyyətlər diləyib.
Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, AMEA prezidenti, akademik İsa Həbibbəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova festival-konqresin maariflənmə və yaddaşı təzələmək baxımından yüksək önəm daşıdığını söyləyiblər.
Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel qeyd edib ki, Qərbi Azərbaycana qayıdış missiyası yalnız coğrafi bir həsrətin və ya keçmişə dönüş istəyinin ifadəsi deyil, ədalətin, tarixi həqiqətlərin və nəsillər boyu yaşadılmış mədəni irsin öz haqqına qovuşdurulması mübarizəsidir.
Sonra Prezident Kitabxanasının “Qərbi Azərbaycan” layihəsinin təqdimatı izlənilib. Mərasim bədii hissə ilə davam edib. Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış olub.
Konqres-festival 8 panel müzakirələrlə davam edib.
T.RÜSTƏMLİ
XQ

