Cəmiyyəti yaxından maraqlandıran qanun layihələri mediada şərh olunarkən bəzən tələsik yazılmış başlıqlar və qeyri-dəqiq ifadələr ictimaiyyətdə tamamilə yanlış təsəvvür yaradır. Son günlər "Ümumi təhsil haqqında" qanuna təklif edilən yeni dəyişikliklərdə geniş auditoriyada belə çaşqınlıq yaradıb.
Bəzi media qurumlarında müəllimlər üçün "vahid geyim forması"nın eyni model və rəngdə olacağı barədə əsassız xəbərlər yayıldı. Bu isə pedaqoji kollektivlərdə müzakirələrə yol açdı. Amma rəsmi sənədin mahiyyətinə diqqət yetirdikdə tamam fərqli mənzərə görünür.
Müəllim hər zaman cəmiyyətdə intizam, səliqə və ədəb-ərkan nümunəsi olub. Bu baxımdan, məktəb mühitində diqqəti yayındırmayan, peşəkar iş mühitini qoruyan geyim standartlarının olması vacibdir. Eyni zamanda, sinif otaqlarında sosial bərabərliyin qorunması, geyimlə fərqlənmə meyillərinin qarşısının alınması həm müəllimlər arasında səmimi mühit yaradır, həm də uşaqların fikrini elmi biliklərə yönəldir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, məsələnin ilkin ictimai müzakirəsi zamanı qanunun mətni ilə bağlı müəyyən fərqli fikirlər, hüquqi qeyri-müəyyənlikdən doğan çaşqınlıqlar müşahidə olunur:
– Normativ-hüquqi aktların hazırlanması və qəbulu baxımından heç bir narahatlığa hüquqi əsas yoxdur. Yaranan yanlış rəy ondan ibarətdir ki, yeni tənzimləmə bütün təhsilverənlər üçün vahid uniforlaşdırılmış geyim formasının məcburi tətbiqini nəzərdə tutur. Bu yanaşma tamamilə əsassızdır.
"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərin təhlili göstərir ki, qanunun 4-cü maddəsində "vahid geyim forması" (müəyyən bir materialdan və rəngdən ibarət geyim) anlayışı deyil, "geyim ilə bağlı tələblər" norması təsbit olunur.
"Tələb" anlayışı xarici görkəmin ümumi çərçivələrini və meyarlarını cızır. Qanunun 12.13-cü maddəsinə əlavə edilməsi nəzərdə tutulan yeni müddəa ümumi təhsil müəssisələrində təhsilverənlərin xarici görkəminin hüquqi statusunu möhkəmləndirir və bu spesifik tələblərin müəyyən edilməsi səlahiyyətini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi quruma həvalə edir. Bu isə o deməkdir ki, geyim normaları xüsusi əsasnamə və ya qaydalar vasitəsilə çevik şəkildə idarə olunacaq.
Bu tənzimləmə mexanizmi müəllimlərin fərdi azadlıqlarını məhdudlaşdırmır, təhsil müəssisələrində korporativ mədəniyyəti, peşəkar iş mühitini təmin edən hüquqi standartdır. Pedaqoqun xarici görkəmi onun cəmiyyətdəki hüquqi və mənəvi statusuna, o cümlədən müəllim nüfuzunun qorunması prinsiplərinə tam mütənasib olmalıdır. Hüquqi tənzimləmənin ali məqsədlərindən biri də təhsil ocaqlarında sosial bərabərlik prinsipini bərqərar etməkdir.
Təhsil müəssisələrində bahalı və lüks brend geyimlərin istifadəsi həm kollektivdə, həm də şagird-müəllim münasibətlərində sosial təbəqələşmə yaradır. Eyni zamanda, şagirdlərin diqqətini tədris prosesindən yayındıran qeyri-adekvat, təhsil mühitinə uyğun gəlməyən geyim üslublarının məhdudlaşdırılması, keyfiyyətli təhsil hüququnun təmin olunması öhdəliyindən irəli gəlir. Bakı və regionlar üzrə indiyə qədər 10-dan artıq məktəb öz qərarları ilə müəllimlərin vahid formaya keçidini tətbiq edib.
Bu cür hüquqi məhdudiyyətlər və standartlar lokal xarakter daşımır və beynəlxalq hüquqi təcrübəyə tam uyğundur. Dünyanın bir çox qabaqcıl və inkişaf etmiş təhsil sisteminə malik dövlətlərin də, məsələn, Malayziya, Yaponiya, Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrin qanunvericiliyində təhsilverənlərin korporativ geyim etikası normalarla çox ciddi şəkildə nizamlanır. Buna görə də qanuna edilən bu mütərəqqi dəyişiklik təhsilin müasirləşməsinə və institutlaşmasına yönəlmiş legitim addım kimi qəbul edilməlidir.
Təhsil eskperti Elmin Nurinin sözlərinə görə, təhsilverənlərin geyim mədəniyyəti müzakirə obyekti deyil:
– Şagird müəllimi nizam-intizamlı, səliqəli görəndə qayda-qanun anlayışını məcburiyyət kimi deyil, həyatın tərkib hissəsi kimi qəbul edir.
Mütərəqqi təhsil sisteminə malik olan Yaponiya və Cənubi Koreyada kişi müəllimlər, adətən, tünd rəngli kostyumlarla, qadınlar isə klassik geyimlərlə dərsə gəlirlər.
Körfəz ölkələrində, xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə məsələyə həm milli kimliyin qorunması, həm də peşəkar status baxımından yanaşılır. Yerli müəllimlər dövlət məktəblərində milli geyimdə dərs keçirlər ki, bu da qanunvericiliklə dəstəklənir və təhsil mühitində milli dəyərlərin tərbiyə qorunmasında mühüm rol oynayır. Əcnəbi müəllimlər üçün isə dərsin ciddiyyətinə xələl gətirməyən, çiyin və diz hissələrini qapayan rəsmi-işgüzar üslub ciddi tələb kimi qarşıya qoyulur.
Mətbuatda yaranan müvəqqəti anlaşılmazlıqlar qanunun ali məqsədini kölgədə qoya bilməz. Çünki müəllim nüfuzunun uca tutulduğu, təhsil mühitinin ciddiyyətlə qorunduğu cəmiyyətimizdə gələcək etibarlı əllərdədir.
Fidan ƏLİYEVA
XQ


