“Şeirimizdə və yazılı abidələrimizdə insan haqları”

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində İnsan Hüquqları üzrə Dövlət Proqramı çərçivəsində “Şeirimizdə və yazılı abidələrimizdə insan haqları” mövzusunda elmi sessiya keçirilib.

18 İyun Milli İnsan Hüquqları Gününə həsr olunmuş mərasimi giriş sözü ilə Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov açıb. O, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Akademik Rafael Hüseynov vurğulayıb ki, bu gün Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində müasir qanunvericilik bazasına, fəaliyyət göstərən institusional mexanizmlərə və beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir.

Ədəbiyyatın hər zaman insan hüquqlarının müdafiəçisi kimi çıxış etdiyini deyən akademik Rafael Hüseynov dünya ədəbiyyatı tarixində ilk qaynaq olaraq “Kitabi-Dədə Qorqud” dastanlarında qadın hüquqlarının əsas xüsusiyyətlərinin yer aldığını bildirib. O, həmin xəttin milli ədəbiyyatımızda davam etdiyini, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində insan hüquqları, azadlıq, ədalət və bərabərliyin mərkəzi yer tutduğunu söyləyib.

“XII yüzilliyin digər şairlərinin əsərlərində də insan hüquqları və azadlıqları ilə bağlı məsələlər əsas mövzulardan olub və cəmiyyətin maariflənməsinə böyük təsir göstərib”, – deyə bildirən direktor vurğulayıb ki, Nizaminin böyük müasiri olmuş Məhsəti Gəncəvinin əsərlərində insan hüquqları ideyaları əsasən humanizm, qadın azadlığı, sosial ədalət və şəxsiyyətin azadlığı prinsipləri üzərində qurulub.

Onun sözlərinə görə, XIV əsrdə İmadəddin Nəsimi hürufizm fəlsəfəsinə və sufizmə əsaslanaraq, insanı ilahi gözəlliyin və kamilliyin mərkəzi hesab edib. O, insanı ən ali varlıq kimi ucaldıb, bütün insanların bərabərliyini, şəxsi ləyaqətini və azadlığını müdafiə edib.

Akademik Rafael Hüseynov qeyd edib ki, XV-XVI əsrlərdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Şah Qasım Ənvar və digər böyük şairlərin əsərlərində də insan hüquqları vacib amil kimi tərənnüm edilir. Bundan başqa dahi Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin XIII əsrdə qələmə aldığı “Əxlaqi-Nasiri” əsərində insan hüquqları humanizm, ədalət və bərabərlik prinsiplərinə əsaslanır.

Elmi sessiyada muzeyin Virtual təqdimatlar, məktəblilərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, muzeyin Doktorantura, elmi inkişaf və süni intellekt inteqrasiyası şöbəsinin müdiri Cəmilə Dəmirova, həmin şöbənin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəhilə Sadıqova çıxış edərək ayrı-ayrı əsərlərdə insan hüquqlarına aid zəngin nümunələrin olduğunu diqqətə çatdırıblar.

Qabil ƏLİYEV
XQ



Sosial həyat