Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq ali təhsil məkanında yeni uğura imza atıb. Universitet 2027-ci il üzrə dünya universitetlər reytinqinin nəticələrinə əsasən, 711–720-ci yer aralığında qərarlaşıb və bu göstərici ali təhsil ocağının indiyədək əldə etdiyi ən yüksək nəticədir.
Universitet həm də “Məzunların məşğulluq nəticələri” göstəricisi üzrə də mövqeyini yaxşılaşdıraraq 391-ci yerdən 368-ci yerə irəliləyib. Tədris mühitinin keyfiyyətini əks etdirən “Müəllim-tələbə nisbəti” göstəricisi üzrə isə ali məktəb 208-ci yerdən 172-ci yerə çatıb.
ADNSU-nun rektoru dosent Rüfət Əzizov bildirib ki, bu nəticə universitetin tələbələri, müəllimləri, tədqiqatçıları, əməkdaşları, məzunları və sənaye tərəfdaşlarının birgə əməyinin nəticəsidir: “Bu nailiyyət məzunların məşğulluğu, təhsilin keyfiyyəti və beynəlmiləlləşmə istiqamətlərində əldə etdiyimiz irəliləyişlərin beynəlxalq səviyyədə təsdiqidir. Reytinqlər bizim üçün son məqsəd deyil, lakin universitetin qlobal rəqabət qabiliyyətinin və transformasiya prosesinin mühüm göstəricisidir. Bu nəticə bizi daha güclü tədqiqat universitetinə çevrilmək yolunda yeni hədəflərə ruhlandırır”.
XQ


