“Onların Mehdisi, bizim Mixaylo”

post-img

Sloveniyalılar əfsanəvi azərbaycanlı partizanı unutmurlar

Lyublyana şəhərində Sloveniyanın aparıcı telekanallarından olan “RTV Sloveniya” Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadəyə (Mixaylo) həsr etdiyi sənədli filmin təqdimatını keçirib.

“Onların Mehdisi, bizim Mixaylo” adlı sənədli filmi İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə döyüşərək böyük qəhrəmanlıq göstərmiş Mixaylonun qəhrəmanlığını, azərbaycanlı partizanlarla slovenlərin faşizmə qarşı birgə mübarizəsini əks etdirir.

Sənədli ekran əsərinin ərsəyə gəlməsinə ölkəmizin Mədəniyyət Nazirliyi, Kino Agentliyi, "Azərbaycanfilm" Kinostudiyası, iqamətgahı Vyana olmaqla Sloveniyadakı səfirliyimiz, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Televiziyası, eyni zamanda, Sloveniya Azərbaycan Dostluq Cəmiyyəti, Nova Qoritsa şəhər meriyası və Şempas yerli icması dəstək göstərib.

Səfir Rövşən Sadıqbəyli filmin təqdimatının Azərbaycan və Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu 2026-cı ildə keçirilməsinin əlamətdarlığını qeyd edib.

Kino Agentliyinin baş direktoru R.Əzizov layihəni iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına kino istehsalının verdiyi töhfə kimi dəyərləndirib.

XQ

Sosial həyat