2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz artaraq 2,6 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdirdiyi “İxrac icmalı”nın oktyabr sayında ətraflı məlumat verilib.
Nəşrin məlumatına əsasən, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 20,5 faiz artaraq 841,4 milyon dollara çatıb. Bu növ məhsulların ixracında ən yüksək artım şəkərin payına düşüb. Belə ki, ötən 9 ayda Azərbaycandan xaricə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nisbətən 14,9 milyon dollar və ya 46,9 faiz artıb. Bundan əlavə, yanvar- sentyabr aylarında meyvə-tərəvəz ixracı 143,7 milyon dollar və ya 31,3 faiz, kimya sənayesi məhsulları 45,6 milyon dollar və ya 22 faiz, pambıq iplik 2,7 milyon dollar və ya 12,5 faiz, çay 159,4 min dollar və ya 3,3 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon dollar və ya 2,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min dollar və ya 1 faiz artıb.
“İxrac icmalı” xəbər verir ki, 2025-ci ilin 9 ayında Azərbaycanda aqrar məhsullar üzrə ixrac 27,8 faiz çoxalaraq 667,1 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon dollara bərabər olub. Bütövlükdə isə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2 faiz artaraq 900,2 milyon dollar təşkil edib.
Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub. Belə ki, cari ilin 9 ayında xaricə 238 milyon dollar dəyərində qızıl satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artım deməkdir. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında ixrac olunmuş qızılın dəyəri 115,3 milyon dollar təşkil edib. Bu siyahıda pomidor (157,2 milyon dollar) ikinci, pambıq lifi (134,7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Yeri gəlmişkən, sentyabr ayı üzrə ixrac olunmuş qeyri-neft mallarının siyahısında birincilik yenə də qızıla (27,4 milyon dollar) məxsus olub. Siyahıda karbamid (17,1 milyon dollar) ikinci, meşə fındığı (12,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Nəşr cari ilin 9 ayı üzrə ixracın coğrafiyası barədə də məlumat yayıb. Bildirilib ki, hesabat dövründə Azərbaycandan Rusiya Federasiyasına 878,9, Türkiyəyə 435,8, İsveçrəyə 247,8, Gürcüstana 244,8 milyon dollar, Ukraynaya isə 147,3 milyon dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.

