Noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu öz işinə başlayıb. Forum Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.
Nazir deyib ki, forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, ötən il ərzində dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən 800-dən çox mədəni tədbir, layihə və təşəbbüslər həyata keçirilib. O vurğulayıb ki, Mədəniyyət Nazirliyi başda olmaqla, bütün dövlət qurumları bu prosesə həssaslıqla yanaşır və hər bir təşəbbüsə dəstək göstərir.
Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Mədəniyyət Elçiləri Forumu TK-nın sədri, Xalq artisti Cahangir Novruzov çıxış edərək Azərbaycan mədəniyyətinin zənginliyini, tarixi irsini və bədii dəyərlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə reallaşan Forum noyabrın 5-dək davam edəcək. Forum çərçivəsində yaradıcılıq təqdimatları, mədəniyyət layihələrinin nümayişi, plenar müzakirələr, eləcə də mədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur. Tədbirin gedişində, həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənəti əsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.
XQ


                                