Azərbaycan futbolunun pərəstişkarları 1968-ci ilə təsadüf etmiş 30-cu SSRİ çempionatının Bakıda startı ərəfəsində özlərini xoşbəxt hesab edə bilərdilər. Həmin çempionat onların doğma respublikası üçün xüsusilə əlamətdar idi. Bu yarışların bütün tarixi ərzində Azərbaycan ilk dəfə güclülər dəstəsində iki komanda ilə təmsil olunurdu. Onda hələ Kirovabad adlanan Gəncənin “Dinamo” kollektivi əvvəlki mövsümdə 1-ci dəstə komandalarının yarışının qalibi olub, “yüksək cəmiyyətdə” böyük qardaşı “Neftçi”yə yol yoldaşı olmaq hüququ qazanmışdı.
Təqvimin hökmü ilə yubiley çempionatında hər iki komandamız elə ilk turda bir-birinə rəqib olmuşdu. Aprelin 1-də Bakıda keçirilmiş görüşü Respublika stadionunun tribunalarından 37 min azarkeş izləmişdi. Tamaşaçılar kiyevli Ümumittifaq dərəcəli hakim İqor Kaçarın idarə etdiyi oyunda güclülər dəstəsi debütantının meydan sahiblərinə ciddi müqavimətinin şahidi olmuşdular. Gərgin mübarizənin taleyini 54-cü dəqiqədə Anatoli Banişevskinin vurduğu yeganə qol həll etmişdir—1:0. Beləliklə, “Neftçi” çempionata qələbə, dinamoçular isə məğlubiyyətlə başlamışdılar.
Əvəzində, avqustun 22-də keçirilmiş ikinci dövrə matçında hadisələr başqa məcrada inkişaf etmiş, kirovabadlılar birinci dövrədəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmışdılar. Hesabı 25-ci dəqiqədə “Neftçi”nin yarımmüdafiəçisi Ələkbər Rəhmanov
(çoxlarımız onu Əli kimi tanıyırdıq, amma əsl adı Ələkbər idi) açsa da, “Dinamo” buna 3 qolla cavab vermişdi. Toplardan ikisini Nadir Eynullayev vurmuş, daha bir hücumda isə Ruslan Abdullayev fərqlənmişdi. Nəticədə, suxumili hakim Anatoli Milçenkonun final işarəsi “Dinamo”nun 3:1 hesabı ilə qalib gəldiyini bildirmişdi.
Çempionatın finişində “Neftçi” yekun cədvəlində 38 xalla 20 komanda arasında 9-cu olmuş, 19 xalla kifayətlənən “Dinamo” isə sonuncu yerdə qalmışdır. Lakin bunu belə mötəbər yarış üçün kifayət qədər təcrübəsi olmayan “Dinamo”ya ciddi irad tutmaq olmazdı. Müzəffər Qasımov, Zahid Hüseynov, Yusif Məhərrəmov, Nadir Eynullayev, Ruslan Abdullayev, Nizami Salahov və onların komanda yoldaşları həmin il SSRİ çempionatının güclülər dəstəsində oynamaqla futbolumuz üçün yaddaqalan bir iş görmüşdülər.
Otuzuncu çempionatın medallarının müvafiq surətdə Kiyevin “Dinamo” (57 xal), Moskvanın “Spartak” (52) və “Torpedo” (50) komandalarına təqdim olunduğunu da qeyd edək.
İndi 56 il əvvəl keçirilmiş SSRİ çempionatı futbol ictimaiyyətimizin xatirəsində tarixi bir hadisə kimi yaşayır. Hər iki kollektivimiz hələ yarım əsrdən də çox əvvəl özləri haqqında xoş təəssürat yaratmışdı.
Təəssüf ki, bizim günlərdə onların işləri yaxşı getmir. “Neftçi” də , “Dinamo”nun davamçısı Gəncənin “Kəpəz” kollektivi də çətin günlər yaşayır. Ötən əsrin sonlarında, indiki əsrin əvvəllərində müstəqil Azərbaycanın milli çempionatlarında turnir cədvəllərinin zirvəsində görməyə adət etdiyimiz bu komandalar hazırda Premyer Liqada sonuncu pillələrdə qonşuluq edirlər. Qibtəedilməz qonşuluqdur.
Vaxt var idi, Gəncə əsl futbol istedadları şəhəri kimi tanınırdı. Bu şəhər Azərbaycan idmanına neçə-neçə mahir usta vermişdir. Həmin futbolçuların bir çoxu müxtəlif illərdə “Neftçi”yə dəvət olunmuş və flaqmanın heyətində inamlı oyunları ilə etimadı layiqincə doğrultmuşdur. Bu gün, heç olmasa, onların bir neçəsinin adını çəkməyi özümüzə borc bilək: Müzəffər Qasımov, Sergey Kramarenko, Yaşar Babayev, Maşallah Əhmədov, Mübariz Zeynalov, Ruslan Abdullayev, Mehman Allahverdiyev, Vəli Qasımov, Yunis Hüseynov, Asif Əliyev, Vidadi Rzayev, Mahmud Qurbanov, Arzu Mirzəyev…
Kaş “Neftçi” də, “Kəpəz” də o illərdəki kimi yenə pərəstişkarlarının ümidini doğrultmaq, onları ürəkdən sevindirmək üçün tezliklə özlərində güc tapıb, yaranmış vəziyyətdən çıxmağı bacaraydılar. Vəziyyət mürəkkəb olsa da, ümidsiz deyil…
Bu gün oxuculara təqdim etdiyimiz foto isə 1968-ci il aprelin 1-də keçirilmiş həmin tarixi görüşdə lentə alınmışdır. Budur, oyunda yeganə qolun müəllifi Anatoli Banişevski “Dinamo”nun iki müdafiəçisi ilə mübarizədən qalib ayrılıb, komandasının növbəti hücumunu davam etdirir.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist