Azərbaycanın cənub-qərbində yerləşən və qədim tarixi ilə seçilən Qubadlı təkcə coğrafi bir məkan deyil. Əsrlərin yaddaşını, xalqımızın keçmişini və kimliyini özündə yaşadan müqəddəs məkandır. Bu yurd yerimiz çox qədim dövrlərdən bəri mədəniyyətimizin, milli ruhumuzun daşıyıcısı olub. Lakin XX əsrin sonlarından başlayaraq Qubadlı ağır facilərə şahidlik etdi. Ermənistan və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı 1988-ci ildən etibarən ardıcıl hücumlara məruz qaldı. Dinc əhalinin qətlə yetirilməsi, kəndlərin yandırılması, evlərin dağıdılması planlı şəkildə həyata keçirildi. 1993-cü ilin avqustunda isə Qubadlı tamamilə işğal olundu. Rəsmi İrəvan beynəlxalq hüququn bütün normalarını pozaraq işğal altında olan ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinə başladı. Xaricdən gətirilən ermənilər tarixi torpaqlarımızda onlar üçün salınan yeni qəsəbələrə yerləşdirildi. Şübhəsiz ki, bu Cenevrə konvensiyalarına zidd olaraq açıq hərbi cinayət idi. İşğal nəticəsində Qubadlıdan 30 minə yaxın insan doğma yurdundan didərgin düşdü. Onlarla məktəb, məscid, mədəniyyət evi, minlərlə ev və təsərrüfat obyekti yerlə yeksan edildi.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. Deputat daha sonra qeyd edib ki, amma bu torpaq unudulmadı, qayıdış ümidi heç zaman sönmədi. Münaqişə bölgəsində qeyri-qanuni məskunlaşma və gərginliyə səbəb olan addımlar uzun müddət ərzində sülh danışıqlarının irəliləməsinə mane olmuşdu. 2020-ci ilin payızında vəziyyət daha da gərginləşdi və bölgədə genişmiqyaslı hərbi əməliyyatlar başlandı. 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu Qubadlı rayonu uğrunda ən ağır döyüşlər apardı. Ərazi mürəkkəb dağlıq relyefə malik idi və müxtəlif istiqamətlərdən möhkəmləndirilmiş müdafiə xətti ilə qorunurdu. Şəhərə nəzarət edən yüksəkliklərdə qurulmuş mövqelər irəliləməni çətinləşdirirdi. Amma buna baxmayaraq qəhrəman ordumuz tərəfindən əməliyyat mərhələli şəkildə həyata keçirildi. Əvvəlcə yüksəkliklər və ətraf kəndlər nəzarətə götürüldü. Bu mövqelərin ələ keçirilməsi Qubadlının azad olunmasında həlledici rol oynadı. 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı ilə Qubadlı şəhəri işğaldan azad olundu. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 25 oktyabr ölkəmizdə Qubadlı şəhəri günü kimi qeyd olunur. İşğaldan azad edildikdən dərhal sonra Qubadlı rayonunda təhlükəsizlik və idarəetmə sahəsində mühüm addımlar atıldı. 27 oktyabr 2021-ci il tarixində “Qubadlı” gömrük postunun yaradılması bu istiqamətdə atılan strateji qərarlardan biri oldu. Bu postun fəaliyyəti bölgədə qanunsuz əməllərin qarşısının alınmasına, dövlət sərhədinin qorunmasına və gömrük nəzarətinin effektiv həyata keçirilməsinə xidmət edirdi.
Münaqişədən sonra digər azad edilmiş ərazilərdə olduğu kimi Qubadlı da qısa müddətdə quruculuq və bərpa məkanına çevrilib. Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur qurulur. Eyni zamanda, Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi bölgənin nəqliyyat imkanlarını genişləndirərək sosial-iqtisadi inkişafına təkan verir.
Deputat yekunda bildirib ki, Qubadlının dirçəlişi uğrunda dövlətimiz əzmlə çalışır, rayon sürətlə yenidən qurulur. Prezident İlham Əliyevin iradəsi və uzaqgörən siyasəti nəticəsində azad olunan Qubadlı bu gün həmin ruh və əzmlə bərpa olunur. Şəhər mərkəzində dalğalanan Azərbaycan bayrağı xalqımızın qürurunun, birliyinin və ən nəhayət Qubadlının azadlığının rəmzidir.