“Su, təhsilə əlçatanlılıq gender bərabərliyi, yüksək ixtisaslı kadr hazırlığı üzrə hədəflərimiz üçün vacib amildir. Bu bir həqiqətdir ki, su həyat mənbəyidir və onun ədalətli şəkildə paylanılması da xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Bahar Muradova “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri sudan istifadənin təbii ehtiyac olduğunu vurğulayaraq suya əlçatanlılığın arzuedilən səviyyədə olmadığını vurğulayıb:
“Suya ehtiyacı ödəmək, onu toplamaq, səmərəli istifadə etmək daha çox qadınların üzərinə düşür. Qadınların su resurslarının idarə olunmasına cəlb edilməsi ümumi işə müsbət təsir göstərə bilər. Bunun üçün xüsusi proqramlar hazırlanıb işlənilməlidir. Biz gender yanaşmaları əsas götürülən mütəxəssis hazırlığından danışmalıyıq. Elmi-tədqiqat işlərində də gender bərabərliyinin təmin edilməsi vacib əhəmiyyət daşıyır”, - deyə komitə sədri diqqətə çatdırıb.