Prezident İlham Əliyevdən Aİ-yə və Ermənistana mesajlar

post-img

Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib. Dövlətimizin başçısının Brüsselin yeni elçisi ilə söhbətində diqqətçəkən bəzi məqamlar var ki, yazımızda onlara nəzər salacağıq. Əlbəttə, ən mühüm məqam Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanmasıdır.

Mətləbə keçməzdən əvvəl kiçik bir nüansa toxunaq. Səfir Julyen de Frepon Prezident İlham Əliyevlə təması zamanı Belçikanın Avropa İttifaqının əsasını qoyan üzv dövlətlərdən biri olduğunu deyərək, ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji keçidi, iqlim dəyişmələri, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Səfir Bakının Aİ ilə əməkdaşlıq spektrinin mahiyyətini vurğulayıbsa və ən əsası Belçikanın bu əməkdaşlığı dəstəklədiyini dilə gətiribsə, hər halda bunu təmsil olunduğu dövlətin xidməti kimi göstərmək istəməz. Çünki belə bir gediş həddən artıq gülməli alınar. Axı Aİ müstəvisində söz sahiblərinin hansı ölkələr olduğunu bilirik. Onu da bilirik ki, açıq konfrantasiya şəklində ortaya çıxmasa da, mövcud platformada sırf Azərbaycanla bağlı müəyyən fikir ayrılıqları var.

Prezident İlham Əliyev səfir Julyen de Freponun bildirdiklərinə, müəyyən mənada, cavab təsiri bağışlayan fikirlər səsləndirib. Əlbəttə ki, son dərəcə diplomatik tərzdə. Dövlətimizin başçısı Belçika – Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı potensialın mövcudluğu üzərində dayanaraq, iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərin əməkdaşlığın gündəliyinin müzakirəsi baxımından faydalı olduğunu diqqətə çatdırıb. Yəni belə qənaətə gəlmək mümkündür ki, indiki halda səfir ölkəsinin Aİ müstəvisindəki rolunu qabartmasa da olardı. Ona görə ki, Belçikanın Aİ-nin əsasını qoyan üzv dövlətlərdən biri olması xüsusi status deyil, nəyisə dəyişmir. Heç əsas məsələ də bu deyil. Səfirin çalışmalı olduğu başlıca məqam Azərbaycanla Belçikanın ikitərəfli əməkdaşlığının inkişafıdır.

Hesab edirik ki, Prezident İlham Əliyevin Azərbaycan – Ermənistan nizamlamasının Aİ seqmenti üzərinə gəlməsinin səbəbi səfir Julyen de Freponun həmin qurumun adını hallandırması deyildi. Nə də elçinin “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi” dilə gətiməsi və bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləməsi əsasdır. Dövlətimizin başçısı, sadəcə olaraq, mesajlarını səsləndirib. O mesajları ki, onlardan Ermənistan və havadarları ilə yanaşı, elə Aİ-nin özü də nəticə çıxarmalıdır.

Məsələn, dövlətimizin başçısı bildirib ki, Azərbaycan – Aİ əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan – Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan – Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf doğurar. Ən əsası isə Prezident İlham Əliyev ümidvardır. Ümidvardır ki, Belçika ilə Azərbaycan arasında ikitərəfli münasibətlər Bakı – İrəvan gündəliyindən asılı olmayaraq inkişaf edəcək. Deməli, səfir Julyen de Frepon Belçika – Azərbaycan münasibətlərini Azərbaycan – Ermənistan gündəliyinin təsirindən qorumağa çalışmalıdır. Beləliklə, Azərbaycan Prezidentinin yeni səfirinin şəxsində sırf Belçikaya ünvanladığı iki mesajı açıqladıq. Ancaq digər mesajların, böyük ölçüdə, ona hansısa aidiyyəti yoxdur.

***

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi məkan olub və həqiqətən orada mühüm irəliləyiş əldə edilib. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan formatı davam etdirməmək qərarına gəlib.

Bəli, Ermənistan Brüssel formatını pozdu. Özü də Fransanın təhriki ilə. Çünki Fransa prezidenti Emmanuel Makron Aİ müstəvisini ölkəsinin ermənipərəstliyi üçün plasdarma çevirmək istədi. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan məhz Brüssel formatı çərçivəsində Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etsə də, sonra riyakarcasına bildirdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Təxminən belə: Qarabağdakı separatçı rejimin Ermənistana dəxli yoxdur, gedin, özünüz nə edə bilirsinizsə, edin. Əlbəttə, Azərbaycan etdiyini etdi. Paşinyanın sözündən heç iyirmi gün keçməmiş, ölkəmiz lokal xarakterli antiterror tədbirləri reallaşdırdı və Ermənistanın bölgədəki qeyri-qanuni hərbi birləşmələri “Dəmir yumruğ”un gücünü gördülər.

Azərbaycan Prezidenti Brüssel formatı ilə bağlı digər məqamları da açıqlayıb. Amma hələlik dövlətimizin başçısının Bakı – İrəvan münasibətlərinin nizamlamasının hazırkı spesifikası ilə bağlı fikirlərinə nəzər salaq. Cənab İlham Əliyev qeyd edib ki, indiki şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısının səsləndirdiyi ən mühüm mesaj isə budur: Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

Yeri gəlmişkən, baş nazir N.Paşinyan bir müddət əvvəl BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən də yuxarıda vurğulanmış fikri səsləndirib. Məlumdur ki, Ermənistanın sülh müqaviləsinin razılaşdırılmış məsələlər əsas götürülməklə imzalanması təklifi manupulyativdir. Hər şey çox sadədir. Paşinyan diqqəti əsas məsələdən yayındırmaq yolunu tutur. Əsas məsələ isə Naxçıvana maneəsiz yoldur. O yol ki, bununla əlaqədar Ermənistanın konkret öhdəliyi var və onu Nikol öz imzası ilə təsdiqləyib. Söhbət erməni baş nazirin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdakı imzasından gedir. Hazırda Paşinyan bunu danmaqla, habelə Ermənistanın ərazi bütövlüyü və suverenliyi klişesini qabartmaqla məşğuldur. Üstəlik, İrəvanın “Dünyanın kəsişməsi” adlandırılan avantürist planı var ki, bu plan Azərbaycanın Naxçıvana yol xüsusunda irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqinə, həmin yolda heç bir gömrük və sərhəd nəzarətinin olmamasına qarşıdır.

Bəli, Paşinyan və komandası məhz belə bir durumda hazırda razılaşdırılmış müddəlar əsasında sülh müqaviləsinin bağlanmasını istəyir. Bununla birincisi, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmək üçün, bir növ, sipər formalaşdırır. İkincisi, Ermənistan sürətlə silahlanır, revanşa hazırlaşır. Sülh müqaviləsi Azərbaycanı arxayın salmaq üçün vacibdir. Üçüncüsü, yarımçıq barış sazişi sonradan onu guya Bakının pozduğuna dair rəy formalaşdırmaq naminə vacibdir. İndiki halda Ermənistan və havadarları ölkəmizi təcavüzdə ittiham edirlərsə, heç şübhəsiz, sülh müqaviləsi adlı sənəd imzalansa, qarşı tərəfin törədəcəyi hansısa təxribata cavabımız da işğalçılıq kimi göstəriləcək. Özü də daha yüksək səslə.

Bəli, hesab edirik ki, həm də bunlara görə Ermənistanla sülh müqaviləsinin imzalanması yolverilməzdir. Dövlətimizin başçısı isə qeyd edib ki, torpaqlarımızın işğalı dövründə “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə ola bilməz. Bu, ozamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi. Deməli, vaxtilə Qarabağ probleminin həllini uzatmaq lazım olduğundan, bildirilirdi ki, münaqişə kompleks şəkildə tənzimlənməlidir. Bu fikri tirajlayanlar ATƏT-in hazırda canını tapşırmış Minsk qrupunun təmsilçiləri idilər və onlar Ermənistana işğalı uzatmaq üçün fürsət verirdilər. İndi isə vaxtilə Minsk qrupunda təmsil olunanlar Ermənistanın reallıqdan uzaq indiki təklifini dəstəkləyirlər. Digər tərəfdən, qeyri-müəyyən sülh təklifinin irəli sürülməsi Ermənistanın özünü, guya, sülh istəyində olduğunu göstərməsi üçün imitativ xarakter daşıyan məsələdir. Çünki yarımçıq barış sazişinin qəbul edilməyəcəyi məlumdur.

Yuxarıda anons etdiyimiz kimi, Brüssel formatı ilə əlaqədar digər məqamlara keçək. Formatın hansı səbəbdən pozulduğundan söz açdıq. Prezident İlham Əliyevin Bakı–İrəvan sülh gündəminin ikitərəfli danışıqlar mərhələsinə dair fikirlərini də diqqətə çatdırdıq. Bəs Aİ bundan sonra sülh prosesində necə iştirak edə bilər və ya edə bilərmi? Nəzərə alaq ki, bir dəfə buna cəhd göstərib və alınmayıb. Dövlətimizin başçısı səfir Julyen de Frepon ilə söhbətdə Aİ-nin əvvəllər olduğu kimi, yenə Ermənistan–Azərbaycan sülh məsələsində neytrallığının tərəfdarıdır. Torpaqlarımızın işğalı dövründə fəallıq göstərmədiyi kimi, indi də eyni mövqedə dayanmalıdır. O zaman qurumdan bildirirdilər ki, məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olduğu üçün qarışmırlar. İndi isə ikitərəfli danışıqlar formatı var və Aİ-nin yenə prosesə aidiyyəti yoxdur.

Ancaq qurumun məsələyə fəal cəlb olunduğu görünür və təşkilatdakı bəziləri tərəfkeşliyə baş vururlar. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, qeyri-məhsuldar mövqedir, yalnız etimadsızlıq yaradır və Aİ-ni normallaşma prosesindən təcrid edir. Bəs təcrid necə aradan qalxa bilər? Dövlətimizin başçısı vurğulayıb: “Əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”.

Aİ-nin Bakı ilə İrəvan arasında sülhyaratma prosesində etimadsızlıq doğuran faktorlardan biri də qurumun Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində yerləşdirdiyi mülki müşahidə missiyasıdır. O missiya ki, onun təşəbbüskarı da məhz Fransadır. Prezident İlham Əliyev vurğulayıb ki, bu, eyni zamanda, Azərbaycan – Aİ münasibətlərində də etimadsızlıq yaradır. Səbəb çox sadədir – “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Dövlətimizin başçısı ritorik sual verib: “Buna nə ehtiyac var idi?!”

Əlbəttə, şərti sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yox idi. Lakin Azərbaycan hələ 2022-ci ilin oktyabrında buna razılıq vermişdi. Daha doğrusu, missiyanın cəmi iki ay ərzində fəaliyyət göstərməsinə. Lakin qeyd etdiyimiz kimi, müşahidəçilərin bölgədə müddəti uzadıldı. İndi isə əlavə müddətlə bağlı müzakirələr aparılır. Prezident İlham Əliyev missiya üzvlərinin davranışının – “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirib və əlavə edib ki, Azərbaycan Aİ ilə təmaslarda bu məsələni qaldıracaq.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət