BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un noyabrın 11-dən 22-dək Bakıda keçirilməsi anti-Azərbaycançı qüvvələrin ölkəmizə qarşı hücumu üçün fürsətə çevrilib. Onlar bu mötəbər tədbirdən istifadə edərək, ölkəmizin imicini ləkələməyə, nüfuzuna xələl gətirməyə, yığılıb qalmış kin-küdurətlərini ifadə etməyə girişiblər. Demək olar ki, hər gün ölkəmizlə bağlı beynəlxalq mediada qərəzli, sifarişli məqalələr dərc etdirir, bəyanatlar verir, müxtəlif təşəbbüslər irəli sürürlər.
Kampaniyanın ya bilavasitə erməni əsilli, ya da ermənipərəst mövqedən çıxış edən şəxslər tərəfindən həyata keçirildiyini müəyyən etmək çətin deyil. Məsələn, ölkəmizə qarşı kampaniyanın fəal iştirakçılarından olan “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika sektorunun direktoru Sara Li Vitson ABŞ-də erməni əsilli ailədə doğulub. O, 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən təşkilatın sıralarına cəlb olunub. Bu düşərgə müntəzəm olaraq dünya ictimaiyyətini siyasi səbəblərə görə COP29-u boykot etməyə çağırır. Kampaniyanın əsas məqsədi ölkəmizin nüfuzunu aşağı salmaq, COP29-un Bakıda keçirilməsinin qarşısını almaq, konfransdan Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə etmək, xüsusən də istintaq altındakı erməni əsilli şəxslərin, əslində, hərbi canilərin sərbəst buraxılmalarına nail olmaqdır.
Göründüyü kimi, onların tələbləri son dərəcə əsassızdır. Çünki ağır cinayətlərdə itiham olunan bu şəxsləri dünyada özünə hörmət edən heç bir başqa dövlət azadlığa buraxa və ya indiki halda digər ölkəyə təhvil verə bilməz. Ümumiyyətlə, hüquqda hərbi cinayətkarların və dövlətin suverenliyinə, milli təhlükəsizliyinə qəsd etmiş şəxslərin ekstradisiyası məsələsində dövlətlərin güzəştə getməyəcəyi barədə ümumi anlayış var. Əlbəttə ki, istisnalar mövcuddur, lakin Qarabağdakı separatçı rejimin “qlavarları” bura aid deyil.
Məhz separatçı başçıların, onların Ermənistandakı havadarlarının, xaricdəki erməni lobbisinin və bəzi böyük dövlətlərin siyasi dairələrinin dəstəyi nəticəsində torpaqlarımız otuz ilə yaxın işğal altında qalıb, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayıb, minlərlə Azərbaycan vətəndaşı həyatını itirib, soyqırımlarına, etnik təmizləməyə məruz qalıb, bütöv şəhər və qəsəbələrimiz Yer üzündən silinib, mədəni irsimiz dağıdılıb. Ölkəmizə milyardlarla dollar ziyan vurulub. Bütün bunlara görə Bakıda saxlanılan şəxslər cavab verməlidirlər. Onların məsuliyyətdən azad edilmələri mümkün deyil. Azərbaycan xalqının bu məsələdə də mövqeyi birdir: Cinayətkarlar layiqli cəzalarını almalıdırlar!
Hələlik onu qeyd edək ki, ölkəmizə qarşı bu prosesin əsası ilin ortalarında, daha dəqiq desək, iyul ayında qoyulub. Həmin ay Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru (2003-2012) Luis Moreno Okampo özünün saytında ermənilərə açıq məktub ünvanlamışdı. Məktubun girişində erməniləri bolluca tərifləyən argentinalı hüquqşünas daha sonra onlara “yol xəritəsi” təqdim etmişdi. O, erməniləri COP29-a qədər səylərini birləşdirməyə, mediada və sosial şəbəkələrdə Bakıda saxlanılan separatçı erməni “qlavar”lara dəstək kampaniyası başlatmağa çağırmışdı. BMT-nin iqlim konfransı kimi qarşısında mühüm çağırışlar dayanan COP29-u siyasiləşdirərək, onu “erməni məhbuslar”ın azad edilməsi üçün görünməmiş şans hesab etdiyini bildirmişdi. Oxuculara aydındır ki, burada “erməni məhbuslar” dedikdə Qarabağdakı keçmiş separatçı rejimin sabiq rəhbərləri nəzərdə tutulur.
Onu da bildirək ki, çirkin məqsədlərə nail olmaq niyyətilə aparılan təbliğatda iştirakçılar sosial şəbəkədə yayılan heşteqlərdən istifadə edirlər. Onlar öz paylaşımları üçün konfransın əsas həştəqi olan #COP29-dan istifadə edir və ona öz heşteqlərini əlavə edirlər: #StopGreenwashGenocide, #FreeArmenianHostages, #FreePoliticalPrisoners və sair. İştirakçıların belə bir üsuldan istifadə etdiyini gördükdə, necə deyərlər, xoruzun quyruğu görünür. Məsələ ondadır ki, Okampo iyul ayında göndərdiyi “təlimatda” erməniləri və hay təəssübkeşlərini sosial şəbəkələrdə materiallar dərc edərkən müxtəlif heşteqlərdən istifadə etməyə çağırmışdı. Hətta, heşteqlərin adlarını da göstərmişdi. Onun fikrincə, sosial şəbəkələrdə paylaşımların bu cür edilməsi ilə gündəlik yazılar daha çox insana çatacaq, digər cəmiyyətlərin və qlobal medianın diqqətini cəlb edəcək. “Koordinasiyalı bu səy konfransda iştirak edən jurnalistləri, nümayəndə heyətlərini və qeyri-hökumət təşkilatlarını “erməni girovlar və siyasi məhbuslar”la bağlı Azərbaycana suallar verməyə və ondan cavablar almağa məcbur edəcək” – deyən Okampo ermənilərə, necə deyərlər, yol göstərmişdi.
Ölkəmizə qarşı əsassız tənqidlər səsləndirən “Freedom House” da son vaxtlar xeyli fəallaşıb. Bu təşkilatın da COP29 ərəfəsində Azərbaycana qarşı böhtanları və yalanları bitib-tükənmək bilmir. Qurumun bəyanatında bildirilir: “Cəmi bir il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın əvvəllər özünü idarə edən (?) ərazisinə hərbi hücuma keçərək faktiki olaraq bütün etnik erməni əhalisini qovub çıxarıblar”.
Göründüyü kimi, təşkilat hamını Azərbaycanın, guya, Qarabağa hücum etdiyinə inandırmağa çalışır. Bundan əlavə, “Freedom House” Qarabağdakı xuntanı, erməni separatçılarını “özünü idarə edən ərazinin rəhbərləri” adlandırır. Baxmayaraq ki, dünyanın heç bir dövləti ABŞ-nin qeyri-hökumət təşkilatının “dövlət kimi tanıdığı” qurumu tanımayıb. İşğal müddəti ərzində separatçı rejimi heç Ermənistanın özü də tanımağa cürət etməmişdi. Bu gün isə onun baş naziri Nikol Paşinyan dəfələrlə Qarabağ da daxil olmaqla Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bütün bunların fonunda “Freedom House”un bəyanatı ermənidən daha çox ermənilik etməyə bənzəyir.
Təşkilat daha sonra sanki Okamponun səsinə səs verib. Bildirib ki, dünyanın diqqəti Azərbaycana yönəlib və bundan istifadə etmək lazımdır: “Azadlıq və demokratiya tərəfdarları bu fürsətdən istifadə etməlidirlər” – deyən “Freedom House” faktiki olaraq, bütün dünya ermənipərəstlərini birləşməyə çağırıb.
Bizim üçün bu fikirlər yeni deyil. Biz Fransadan, ABŞ-dən və dünyanın digər ölkələrindən olan digər erməni və ermənipərəst siyasətçilərdən də eyni sözləri eşitmişik. Eyni “arqument”dən, əvvəldə qeyd etdiyimiz kimi, Bakıda ədalət mühakiməsinin barələrində çıxaracağı hökmü gözləyən Qarabağ xuntasının “qlavarları”nın azadlığa buraxılmasının tərəfdarı olan Luis Moreno Okampo da istifadə edir.
Onu da xatırladaq ki, Bakıda keçiriləcək COP29 ərəfəsində ABŞ-nin 60 konqresmeni Ağ ev rəhbərliyini Azərbaycanı “müharibə cinayətləri, girov götürmə və Ermənistan ərazilərinin qanunsuz işğalı”na görə məsuliyyətə cəlb etməyə çağırıb. Göründüyü kimi, bu şəbəkə sistemli, ardıcıl və əlaqələndirilmiş şəkildə iş aparır.
Bu nümunəni isə biz daha əvvəllər görmüşük. Hələ 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində və 2015-ci ildə baş tutan I Avropa Oyunları öncəsi “Freedom House” çox fəallaşmışdı. Həm o vaxt, həm də indi onlar Vaşinqtondakı idarəçilərinin birbaşa əmri ilə hərəkət edirlər. Bu məqamda xatırlatmaq lazımdır ki, reallıqda dəfələrlə sübut olunduğu kimi, “Freedom House” ABŞ Dövlət Departamentinin bütün dünya üzrə təzyiq vasitələrindən sadəcə biridir. Təşkilat Dövlət Departamentindən müəyyən bir ölkəni necə, nə vaxt və hansı tezliklə ləkələmək lazım olduğunu göstərən direktivlər alır. Burada hər şey son dərəcə sadədir: Haqqı kim ödəyirsə, musiqini də o sifariş edir. Söhbət ondan gedir ki, “Freedom House”un büdcəsinin 66-80 faizi ABŞ hökuməti tərəfindən qrantlar hesabına maliyyələşir. Zənnimizcə, bundan çox şey aydın olur.
Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirdi ki, Azərbaycana qarşı olan qüvvələr məhz COP29-la bağlı təbliğat kampaniyası çərçivəsində hazırda səfərbər olublar. Burada hər kəsin özünün motivləri var: “Böyük işi Fransa aparır – həm diplomatik, həm də informasiya müstəvisində. Eyni zamanda, prosesə erməni lobbisi də qoşulub. Hamının mövzusu eynidir: Erməni problemi. Yəni, lokal xarakterli antiterror tədbirləri, bundan sonra bölgədən erməni əhalinin köçüb getməsini ölkəmizə qarşı istifadə edirlər.
Eyni zamanda, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri mövcuddur. ABŞ bununla bağlı işlər görür. Nümayəndələr Palatası və Senatın üzvlərinin bəzi təşəbbüsləri var. Bir sözlə, erməni mövzusu daxilində hansı narazılıqları varsa, bu kampaniya çərçivəsində onu bizə qarşı istifadə edirlər. Yəni, COP29-un keçirilməsini səbəb kimi göstərib, hamı Azərbaycana qarşı hücuma keçib. Sözsüz ki, biz “hamı” deyərkən anti-azərbaycançı qüvvələri nəzərdə tuturuq”.
F.Məmmədovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu tədbir bitəcək. Tədbirdən sonra isə deyiləcək bir söz də qalmayacaq. Azərbaycanın ərazi bötövlüyü, daxili işlərinə qarışmağın yolverilməzliyi ölkəmiz üçün qırmızı xəttdir. Bu qırmızı xətti keçmək olmaz: “Belə olan təqdirdə bu kampaniyaların səmərəsizliyi də bir daha nümayiş olunacaq. Azərbaycanla təzyiq, hədə, şantaj dilində danışmağın hər hansı effekti nəinki olmayıb, hətta əks effekt verib”.
Müsahibimiz təəssüf hissi ilə bildirdi ki, Ermənistan da hakimiyyət strukturları səviyyəsində bu kampaniyaya qoşulub: “Çünki COP29-un ötən ilin dekabrında Ermənistan–Azərbaycan ikitərəfli razılaşması əsasında 2024-cü ildə Bakıda keçirilməsi qərara alınmışdı. Bu, sülh gündəliyinin tərkib hissəsi, çox vacib, əlamətdar hadisəsi idi. Təəssüf ki, Ermənistan burada da Azərbaycana qarşı olan qüvvələrin oyununa gedərək rəsmi şəkildə, dövlət səviyyəsində bu kampaniyada iştirak edir. Bununla da sülh gündəliyi çərçivəsində qazanılanları heçə endirir”.
Səxavət HƏMİD
XQ