Pre-COP29 müzakirələri Avropada yüksək dəyərləndirilir

post-img

İndi dövlətlərdən daha çox qətiyyət tələb olunur

Avropa İttifaqının iqlim mühafizəsi üzrə komissarı Vopke Hukstra Lüksemburqda jurnalistlərə açıqlamasında Bakıda reallaşacaq COP29-un tarixi hadisə olacağına əminliyini bildirib və iqlim konfransında müzakirələrin gərgin keçəcəyini vurğulayıb.

Komissar daha sonra Bakıdan yenicə qayıtdığını, Azərbaycanın paytaxtında dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla iqlim dəyişikliyi ilə bağlı əlavə tədbirlərin maliyyələşdirilməsinə başlamaq barədə məhsuldar müzakirələr aparıldığını, “BƏƏ konsensusu” istiqamətində son bir ildə əldə olunan bütün qərar və sazişlərin həyata keçirilməsinə dair məhsuldar ilkin danışıqlar keçirildiyini bildirib.

Vopke Hukstra bir neçə həftə sonra reallaşacaq COP29-da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinin bütün iştirakçılardan daha çox səy tələb ediləcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, iqlim maliyyəsində həm özəl, həm də dövlət sektorlarından ciddi məsuliyyət tələb edilir: “Bizim avropalıların sadiqliyi ilə yanaşı, həm də ödəmə qabiliyyətinə malik digər ölkələrin də məsuliyyətini öz üzərinə götürəcəklərinə əminliyə ehtiyacımız var... Bu gün Lüksemburqda Aİ ölkələrinin iqlim nazirlərinin görüşündə, əsasən, 3 məsələni müzakirə edəcəyik. Birincisi, mövcud vəsaitin həcmini necə artırmaq olar? İkincisi, bu vəsaitin ən çox ehtiyacı olanlara, o cümlədən kiçik ada dövlətlərinə və xüsusilə, Afrikada ən az inkişaf etmiş ölkələrə çatmasını təmin etmək üçün nə lazımdır? Üçüncüsü, donor bazasını necə genişləndirə bilərik, çünki bu, çox önəmlidir”.

Xatırladaq ki, Vopke Hukstra oktyabrın 10–11-də Bakı səfəri çərçivəsində COP29-dan öncəki son nazirlər görüşündə iştirak edib. COP29-a bir ay əvvəl qalmış Bakıda iqlim maliyyələşməsi, beynəlxalq karbon bazarları, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, nəticələrin yumşaldılması, şəffaf hesabat və COP28-in fosil yanacaqlardan keçidi sürətləndirmək öhdəliyinin yerinə yetirilməsi kimi mövzuları müzakirə etmək üçün mühüm imkan olub.

O, eyni zamanda, “Missiya 1.5 üçün yol xəritəsi” üzrə yüksək səviyyəli tədbirdə iştirak edib və alimlərin gəldiyi nəticələr və vətəndaş cəmiyyətinin iştirakı nəzərə alınmaqla, öhdəliklərin icrasına növbəti milli töhfəsinin hazırlanması üzrə Aİ-nin təcrübəsini bölüşüb.

Komissar COP29-dan öncəki son nazirlər görüşündə iqlim dəyişikliyinə adaptasiya, itki və zərər mövzusunda nazir müzakirəsində də iştirak edib. Bu, xüsusilə məlumatlandırıcı olub, çünki dünyanın hər yerindən ölkələr nəinki öz təcrübələrini bölüşüblər, həm də adaptasiya üzrə qlobal məqsəd naminə iqlim prosesi üçün bir sıra göstəricilərin işlənməsinin vacibliyi barədə razılığa gəliblər.

Sonra komissar Hukstra Birləşmiş Milətlər Təşkilatının baş katibinin müavini və Birləşmiş Milətlər Təşkilatının Davamlı İnkişaf Qrupunun sədri Əminə Məhəmməd ilə ğörüşüb. Onlar danışıqların hansı mərhələdə olduğunu və COP28 konsensus impulsunun necə davam etdiriləcəyini müzakirə ediblər.

 



Ekologiya