Azərbaycan Texniki Universitetinin enerji səmərəliliyi və “yaşıl enerji” texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev bildirib ki, qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişmələrinin fəsadları ilə üzləşən Azərbaycanın belə mötəbər tədbirə–COP29-a evsahibliyi etməsi heç də təsadüfi deyil.
Alim qeyd edib ki, ölkəmiz dünya düzəninə müsbət toxunuşlar etməyə cəhd edən, ekoloji prosesləri müsbətə doğru dəyişməyə çalışan azsaylı dövlətlər sırasındadır. R.Kəlbiyevin sözlərinə görə, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib, eyni zamanda, iqlim dəyişikliyi yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə COP29 beynəlxalq tədbirinə verilən dəyərin, o cümlədən “yaşıl” və sağlam gələcək naminə atılan addımların bariz nümunəsidir.