NDU ilə UNEC kitabxanaları arasında onlayn əməkdaşlıq görüşü keçirilib

post-img

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi arasında onlayn formatda görüş olub. 

Bu barədə ali təhsil müəssisəsindən “Xalq” qəzetinə məlumat verilib.

NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova bildirib ki, kitabxana fondunda hazırda 180 mindən çox resurs var. Onun 100 mindən çoxunu dərslik, dərs vəsaiti və monoqrafiya təşkil edir. Qeyd edilib ki, kitabxana 3 açıq və 2 qapalı fondla gün ərzində saat 9:00-dan 22:00-dək fəaliyyət göstərir və istifadəçilər üçün geniş əlçatanlıq yaradır. Xumar Məmmədova vurğulayıb ki, universitet Taylor & Francis, Clarivate, ProQuest və EBSCO Information Services kimi beynəlxalq elmi bazalara çıxış imkanına malikdir və bununla 20 milyona yaxın elektron resursa qoşulmaq mümkündür. 

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva çıxış edərək, mərkəzin tərkibində fəaliyyət göstərən kitabxanalar, onların idarəetmə strukturu və oxucu xidmətləri barədə məlumat verib. library.unec.edu.az portalı vasitəsilə onlayn xidmətlərin, e-kitabxana sisteminin və beynəlxalq elmi bazalara çıxış imkanlarının təkmilləşdirildiyini bildirib. 

Eyni zamanda NDU Elmi Kitabxanasının elektronlaşma üzrə mütəxəssisi Şəhriyar Quliyev beynəlxalq elmi bazalarla bağlı təqdimat edib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Əməkdaşlıq çərçivəsində perspektivdə görüləcək işlər, birgə layihələrin reallaşdırılması, elmi məlumat mübadiləsinin gücləndirilməsi və rəqəmsal əməkdaşlıq imkanları müzakirə olunub.

Bildirək ki, NDU ilə ADA Universiteti, Bakı Dövlət Universiteti, AMEA Mərkəzi Elmi Kitabaxanası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Ali Neft Məktəbi arasında səmərəli əməkdaşlıqlar qurulub. Bu çərçivədə kitab və resurs mübadiləsi həyata keçirilərək elmi mübadilələr genişləndirilir. Eləcə də, digər ölkələrin xarici kitabxanaları ilə də əlaqələrin qurulması qarşıya qoyulan məqsədlər sırasında yer alır. 

S.Həsənov
XQ





Təhsil