Gürcüstan parlamentinin üzvü: 26 oktyabr seçkiləri sülhlə müharibə, ailə dəyərləri ilə ona qarşı qüvvələr arasında olan seçkidir

post-img

Bu gün Gürcüstan dövləti və xalqı çox önəmli və tarixi hadisənin astanasındadır. Bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Ona görə də demək olar ki, bütün dünyanın diqqəti Gürcüstana yönəlib. Çünki bu seçkilər həm Gürcüstan dövləti, həm də bölgəmiz üçün çox böyük önəm daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan parlamentinin üzvü Zaur Darğallı söyləyib.

O qeyd edib ki, bu gün Gürcüstanın inkişafını istəməyən qüvvələr var. Xüsusilə də Qərbin agenturasına çevrilən radikal müxalifət ölkədə sabitliyi pozmağa çalışır. Bəzən sual yaranır, necə ola bilər ki, Gürcüstanda ölkənin taleyini həll edəcək, müstəqil şəkildə qərar verəcək hakimiyyət var. Bu gün “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkədə sabitliyin, sülhün qarantıdır. Yeganə hakimiyyətdir ki, son 12 il ərzində davamlı sülhü qoruya bilib. Baxmayaraq ki, bu gün bu hakimiyyətə çox böyük təzyiqlər var. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra bu təzyiqlər daha da artıb. Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa, Ukraynaya könüllü döyüşçülər göndərməyə, Rusiyaya qarşı sanksiyalara qoşulmağa sövq edirlər. Amma biz bilirik ki, bu təkliflər Gürcüstan dövlətçiliyinə birbaşa zərbə vuran qərarlardır. Bütün təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti bütün bu tələbləri qətiyyətlə rədd etdi.

“Bütün bu tələblərə “yox!” dedik və bu gün ölkə sülh, sabitlik içərisində inkişaf edir. Gürcüstan iqtisadi inkişaf baxımından lider ölkələr sırasında yer alıb. Bu seçkinin önəmi də bu xəttdən qaynaqlanır. Bu seçki sülh ilə müharibə arasında, ailə dəyərləri və ona qarşı çıxan qüvvələr arasında seçkidir. Bu seçki bütün bölgələrdə sülhün bərqərar olunması ilə pozulması arasında seçkidir. Mən əminəm ki, Gürcü xalqı və Gürcüstan vətəndaşları oktyabrın 26-də sülhü, sabitliyi dəstəkləyəcəklər”, – deyə Z.Darğallı vurğulayıb.

O deyib ki, ölkədə sülh, sabitlik və iqtisadi inkişaf davam edəcək. Gürcüstanın, eyni zamanda, qonşu ölkələrlə əlaqələri daha da möhkəmlənəcək və inkişaf edəcək.

“Bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlıq, həmçinin bölgədə sülhün və sabitliyin bərqərar olmasına və regionun çiçəklənməsinə xidmət edir”, - deyən deputat əlavə edib ki, seçkilərdə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəldikdən sonra biz birlikdə bölgəmizi daha da gücləndirəcək, daha da inkişaf etdirəcəyik. Ən əsası isə odur ki, hər iki dövlət, hər iki xalq öz taleyi, bölgənin ümumi inkişafı ilə bağlı özü qərar verə bilir.

Qərbin və ABŞ-ın Gürcüstana qarşı təzyiqlərinin artmasına da münasibət bildirən siyasətçi qeyd edib: “Təzyiqlərin sistemli şəkildə artmasına baxmayaraq, Gürcüstan hakimiyyəti bunlara sinə gərəcək. Bizim üçün önəmli olan Gürcüstan əhalisinin maraqlarını yüksək səviyyədə qorumaqdır. Son sorğuların nəticələrinə görə, əhalinin 60 faizdən çoxu “Gürcü Arzusu” partiyasının siyasətini dəstəkləyir.

Hamı görür ki, bu təzyiqlər ölkədə, bölgədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa yönəlib. Bölgədə çox çətin vəziyyət olmasına baxmayaraq, “Gürcü Arzusu” ölkədə sülhü, inkişafı təmin edir. Bunu hər bir Gürcüstan vətəndaşı hiss edir. Ona görə də əminəm ki, seçkilərdən sonra bizim Qərb tərəfdaşlarımızla da münasibətlərə yenidən baxılacaq və bu istiqamətdə də müsbət dinamika olacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət